Azay Quliyev: “İnanıram ki, Türkiyə onları cəzalandırmaq üçün Azərbaycana təhvil verəcək”
“Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfəri ölkə ictimaiyyəti tərəfindən çox mənfi qarşılandı. Hər hansı bir ölkənin vətəndaşı digər dövlətin ərazilərinə daxil olan zaman həmin dövlətin qanunlarına mütləq hörmət etməlidir. Bu hörmət hamı tərəfindən məcburidir. Çox təəssüflər olsun ki, belə hallar baş verir. Biz bunu pisləyirik və qınayırıq”.
29 Sentyabr 2017 17:22 Siyasət"Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfəri ölkə ictimaiyyəti tərəfindən çox mənfi qarşılandı. Hər hansı bir ölkənin vətəndaşı digər dövlətin ərazilərinə daxil olan zaman həmin dövlətin qanunlarına mütləq hörmət etməlidir. Bu hörmət hamı tərəfindən məcburidir. Çox təəssüflər olsun ki, belə hallar baş verir. Biz bunu pisləyirik və qınayırıq". Bunu deyən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin sözlərinə görə, bizim üçün qardaş ölkə olan Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfər etməsi narahatedici məqamdır: "Bunun arxasında Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən Ermənistan və xaricdəki müəyyən dairələr dayanır. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə olub və iki ölkə arasındakı münasibətlər bütün dünya ölkələrinə bəllidir. Türkiyə tərəfi də buna çox mənfi reaksiya verib. Azərbaycan tərəfi Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərlə bağlı hər zaman adekvat addımlar atıb. Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən şəxslər qara siyahıya salınır. Hesab edirəm ki, Türkiyə də bu məsələdə Azərbaycana dəstək olacaq, həmin şəxsləri qısa müddətdə saxlayaraq Azərbaycana təhvil verəcək və onlar Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar".