Erməni sevgisi, yoxsa arxadan vurulan zərbə?

Qardaş Türkiyə vətəndaşlarının Ermənistandan keçməklə Dağlıq Qarabağa səfər etmələri Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Xatırladaq ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Türkiyəli ziyalının Dağlıq Qarabağa səfəri xəyanətdən başqa bir şey deyil

Qardaş Türkiyə vətəndaşlarının Ermənistandan keçməklə Dağlıq Qarabağa səfər etmələri Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Xatırladaq ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili "Yaşıllar və Sol Gələcək Partiyası"nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun 2017-ci il sentyabrın 22-də Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni, Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 2017-ci il sentyabrın 28-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb edilmələri məqsədilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ziyalı adını daşıyan bəzi Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq böyük hiddət və narahatlığa səbəb olub: "Biz ümidvarıq ki, Türkiyə dövləti bu şəxslər barəsində lazımı cəza tədbirlərini görəcək. Ermənistan həm Türkiyə, həm də Azərbaycanla bağlı düşmən mövqedədir. Digər tərəfdən, Ermənistan region və dünya üçün təhlükəli, terrorçu dövlətdir. Bütün bu sadaladıqlarımın fonunda Azərbaycanın işğal edilmiş ərazilərinə belə bir səfərin baş tutması birmənalı şəkildə lənətlənməlidir. Biz bu şəxslərin cəzalandırılmasını tələb edirik. Türkiyə dövləti onların cəzalandırılması istiqamətində addımlar atmalı və öz qəti mövqeyini ortaya qoymalıdır". V. Rəhimzadə qeyd edib ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərləri Türkiyə - Azərbaycan qardaşlığına ən böyük xəyanətdir: "Türkiyə dövləti, Türkiyə hökuməti və xalqı üçün bütün həssas məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. Ötən ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin devrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti cənab İlham Əliyev öz qəti mövqeyini ortaya qoydu, qardaş Türkiyəyə, onun dövlət başçısına dəstəyini ifadə etdi. İndi isə Türkiyədən olan bir qrup "ziya"lının iki ölkə arasındakı ənənələrə, dostluğa zidd olaraq Dağlıq Qarabağa səfər etməsi xəyanətdən başqa bir şey deyil. Biz Türkiyədən bu xəyanətin qarşısını almağı, bu xəyanətkarların lazımi qaydada cəzalandırılmasını, hətta lazım gələrsə onların Azərbaycana təhvil verilməsini gözləyirik. Yenə qeyd edirəm ki, bu səfər Türkiyə - Azərbaycan dostluğuna böyük bir zərbədir. Azərbaycan mərdi-mərdanə Türkiyə ilə dostluğuna sadiq olub. Amma təəssüflər olsun ki, Türkiyə vətəndaşlarının erməni işğalı altındakı Dağlıq Qarabağa səfər etməsi Türkiyə - Azərbaycan münasibətlərinə xələl gətirir". QHT sədri Səbuhi Abbasov deyib ki, ümumiyyətlə, Azərbaycanın rəsmi icazəsi olmadan bir türk hər hansı bir erməni təşkilatının dəvəti ilə Dağlıq Qarabağa səfər edirsə ona ziyalı demək düzgün deyil. Onun sözlərinə görə, ermənilərin türklərə qarşı patoloji nifrəti Osmanlı dönəmindən başlayıb: "Osmanlı imperiyasında onlara yüksək etimad göstərilsə də hər zaman xəyanət ediblər. Bu gün Türkiyə dünyada ən çox qondarma soyqırımı iddialarından əziyyət çəkən ölkələrdən biridir. Eyni zamanda, dövlətimizə qarşı törətdikləri cinayət və soyqırım göz qabağındadır. Dağlıq Qarabağ münaqişəsi, Xocalı və Ağdaban soyqırımları ermənilər tərəfindən məhz etnik zəmində törədilib. Bütün bunlar türk dünyasına nifrətin bariz nümunəsidir. Belə bir məqamda belə bir addımın atılması, yəni bir türkün işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfəri təbii ki, qınanmalıdır. Dağlıq Qarabağa səfər edən türk ziyalılarına qarşı boykot elan edilməlidir. Onlara ölkəmizə giriş-çıxış qadağan edilməlidir. Bundan başqa yerli media və Türkiyə mediası məsələni gündəmdə saxlamalı, onların bu addımı ciddi şəkildə araşdırılmalıdır. Əks təqdirdə bu proses intensiv xarakter ala bilər. Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Biz bir millət, iki dövlətik. Bu addım Ermənilərin növbəti təxribatıdır. Amma belə nüanslar əlaqələrimizi əsla korlaya bilməz". Millət vəkili Asim Mollazadə deyib ki, Türkiyədən olan bir qrup ziyalının "Qərbi Ermənistan Konqresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər etməsi, qrup üzvlərinin anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndirməsi təxribat xarakterlidir. Onun sözlərinə görə, bu hadisə Azərbaycan ictimaiyyətində təəccüb, böyük narahatlıq və hiddətlə qarşılanıb və belə bir addım təhlükəli bir addımdır: "Bu cür şəxsləri ziyalı adlandırmaq çox çətindir. Türkiyədə belə hərəkətlərə düzgün qiymət verməyə qadir olan insanlar var və həmin insanlar bu ziyalıların hərəkətinə qiymət verəcəklər. Düşünürəm ki, bu Erməni lobbisinin yeni təxribatlarından biridir. Təəsüflər olsunki türkiyə vətəndaşlarının arasında da belə təxribata qoşulan insanlar var. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər görülməsini səbrsizliklə gözləyir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31