Fransız merin Qarabağda “qardaşlıq” sazişi… - Millət vəkili
Azərbaycan-Fransa münasibətlərinə kölgə salmaq istəyən qüvvələr var. Bu sözləri Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Rauf Əliyev Fransanın Desin-Şarpio şəhərinin meri Lorans Fotranın Dağlı Qarabağa qanunsuz səfər etməsi və erməni separatçılarının Qarabağda yeni yaratdıqları Çartar şəhəri ilə qardaşlaşmaq barədə müqavilə imzalamasına münasibət bildirərkən deyib.
28 Sentyabr 2017 15:47 SiyasətAzərbaycan-Fransa münasibətlərinə kölgə salmaq istəyən qüvvələr var. Bu sözləri Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Rauf Əliyev Fransanın Desin-Şarpio şəhərinin meri Lorans Fotranın Dağlı Qarabağa qanunsuz səfər etməsi və erməni separatçılarının Qarabağda yeni yaratdıqları Çartar şəhəri ilə qardaşlaşmaq barədə müqavilə imzalamasına münasibət bildirərkən deyib. O bildirib ki, bu, Azərbaycan-Fransa dostluq munasibətlərinə kölgə salan bir məsələdir: "Məlumdur ki, Fransa erməni lobbisinin güclü fəaliyyət göstərdiyi ölkələrdən biridir. Belə qanunsuz səfərlər təsadüfi hadisələr kimi sayılmamalıdır. Vaxtaşrı Fransanın müxtəlif vəzifəli şəxsləri tərəfindən bu cür qanunsuz hərəkətlərə yol verilir. Bu cür hərəkətlərə yol verənlərə qarşı Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa ciddi tədbirlər görməlidir. Əslində, rəsmi Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Azərbaycan-Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edib. Son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişləri imzalanıb". Millət vəkili qeyd edib ki, Azərbaycanın müvafiq dövlət qurumları bu cür hallara qarşı həmişə öz prinsipial mövqelərini bildirib: "Görünür, əlaqələrin bu cür inkişafı Fransada mövcud olan antiazərbaycan qüvvələri, birinci növbədə erməni lobbisini bərk narahat edir. Bu səbəbdən Azərbaycana qarşı yönəlmiş müxtəlif tədbirləri həyata keçirirlər. Qeyd olunan qeyri-qanuni səfərlər və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın müvafiq qurumları lazımi tədbirləri həyata keçirəcək".
Qeyd edək ki, Fransanın Desin-Şarpio şəhərinin meri Lorans Fotranın Dağlı Qarabağa qanunsuz səfər etməsi, erməni separatçılarının Qarabağda yeni yaratdıqları Çartar şəhəri ilə qardaşlaşmaq barədə müqavilə imzalayıb. Bu işğal altındakı bölgələrimizlə rəsmi əlaqə quran Fransanın 8 şəhərindən biridir. Axar.az