BMT Təhlükəsizlik Şurasında islahatlar zamanın tələbinə çevrilib
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Ona görə də Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirir.
27 Sentyabr 2017 13:42 SiyasətTəşkilatın fəaliyyətində daha işlək mexanizmlərin tətbiqinin vaxtı çatıb
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Ona görə də Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirir. Azərbaycan hesab edir ki, BMT-nin fəaliyyətində daha işlək mexanizmlərin tətbiqinin vaxtı çatıb. Sirr deyil ki, qlobal sülh və təhlükəsizliyi təmin etmək, müharibələrin qarşısını almaq missiyasını qarşısına məqsəd qoyan BMT son dövrdə böyük tənqidlərə məruz qalır.Tənqidlərin mərkəzində Suriya böhranı başda olmaqla, qurumun müharibələr, böhranlar və münaqişələr qarşısında təsirsiz və uğursuz fəaliyyəti ilə nəzdindəki Təhlükəsizlik Şurasının daimi üzvlərinin imtiyazlı statusu dayanır. Ötən ilin mart ayında 21 yardım təşkilatı BMT-ni tamamilə uğursuz olmaqda təqsirləndirmişdi. Amnesty İnternational təşkilatının baş katibi Salil Shetty də 21-ci əsrin ən böyük insanlıq sınaqlarından biri kimi təsvir etdiyi miqrant böhranında təşkilatın uğursuz olduğunu çox ağır formada tənqid etmişdi. 2015-ci ilin sentyabr ayında keçirilən BMT-nin Baş Assambleya görüşləri də bu cür tənqidlərə səhnə oldu. Təhlükəsizlik Şurası qarşısında Baş Assambleyanın səlahiyyətlərinin artırılması və daimi üzvlərin veto hüquqlarının məhdudlaşdırılması istiqamətində islahat tələbləri də gündəmdə idi.
Məlum olduğu kimi, II Dünya Müharibəsində qələbə çalan dövlətlər BMT-nin yaradılmasına təşəbbüs göstərmiş, özlərini də bu təşkilatın ən kritik icra orqanı olan Təhlükəsizlik Şurasında daimi üzv olmaq və veto qoymaq səlahiyyəti verdilər. ABŞ, İngiltərə, Fransa, Rusiya və Çindən ibarət olan bu daimi üzvlərdən birinin veto qoyduğu bir qərarın Şuradan keçməsi mümkün deyil. BMT-nin digər orqanları tərəfindən qəbul edilən qərarlar yalnız tövsiyə xarakterli olduğu halda, Təhlükəsizlik Şurasının qərarları bütün üzv ölkələr üçün müəyyənedici gücə sahibdir. Lakin ümumbəşəri ədalət və bərabərlik prinsipləri, beynəlxalq hüquqla heç bir cəhətdən uyğun gəlməyən bu imtiyazlı vəziyyət BMT ilə bağlı ən böyük problemdir. BMT-nin bəzi müstəsna hallar istisna olmaqla, dünya sülh və təhlükəsizliyini təmin etmək, böhranların qarşısını almaq məsələsindəki çatışmazlığının əsasında duran səbəb də bu problemdir. Belə ki, BMT Əlcəzair Müstəqillik Müharibəsi (1954-62), Qvatemala çevrilişi (1954), Süveyş böhranı (1956), Macarıstanın işğalı (1956), Vyetnam Müharibəsi (1946-75), Çin-Vyetnam Müharibəsi (1979), Əfqanıstanın işğalı (1979-88), Panamanın işğalı (1989), İraqın işğalı (2003), Gürcüstan Müharibəsi (2008), Krımın işğalı və (2014) hazırda gedən Suriya (2012- ...) və Yəmən Müharibəsi (2015- ....) kimi saysız-hesabsız problem, müharibə, münaqişə, təcavüz və işğal qarşısında heç bir addım ata bilmədi. Ərəb-İsrail müharibələri, Qəzza-Fələstin problemi, Afrikadakı münaqişələr, Sarayevo qətliamı, Myanma və Şərqi Türküstandakı müsəlmanların on illərdir məruz qaldığı zülm, işgəncə və soyqırımlar qarşısında BMT bütün bu olanları sanki görmədi.
Maraqlı olan isə daimi üzvlərin xarici siyasətləri ilə üst-üstə düşən hallarda BMT-nin çox qısa zamanda qərarlar qəbul etməsi idi. Misirdə baş verən çevrilişə reaksiya verməyən Təhlükəsizlik Şurası 2004-cü ildə Haitidə oxşar çevriliş baş verdikdə dərhal 1529 saylı çevriliş edənlərə müdaxilə qərarını qüvvəyə mindirdi. BMT Suriyada baş verən vəhşiliyi seyr edərkən, Fransanın neft hasilatının böyük hissəsinə pay iddia edəcəyi Liviyada Qəddafi rejiminin devrilməsi üçün təcili müdaxilə qərarı verdi. Eyni təşkilat Paris hücumlarından dərhal sonra Suriyanın daha geniş miqyaslı bombalanması məsələsində bütün dünya dövlətlərinə dəvətnamə verən qərarı yenə ildırım sürəti ilə qəbul etdi.1990-cı ildə İraqın neftlə zəngin Küveyti işğalı və oxşar bir çox hadisədə BMT görünməmiş sürətlə hərəkətə keçməyi və lazımi təşəbbüs göstərməyi bacardı. Amma 1997-ci ildə yoxsul və kifayət qədər resurslara malik olmayan ruandalıları qorumada eyni sürət və uğuru nümayiş etdirə bilmədi.
Ən qəribə olan isə rəsmi olaraq dünyanın sülh, təhlükəsizlik və rahatlığını təmin etmək və qorumaq missiyasını üzərinə götürmüş Təhlükəsizlik Şurasının 5 daimi üzvünün də dünyada silah istehsalı və satışının 65%-dən çoxunu həyata keçirən ölkələr olmasıdır. Hətta bu nisbətin 35%-i təkcə ABŞ-ın payına düşür. BMT kimi bir qurumun təbii ki, həqiqi missiyasına sadiq qaldığı və bunu sağlam şəkildə həyata keçirə bildiyi müddətcə bütün dünyanın sülh və təhlükəsizliyi, beynəlxalq münaqişələrin həlli üçün çox əhəmiyyətli təşkilat olduğu açıqdır. Ancaq hal-hazırda olduğu kimi, təkcə Təhlükəsizlik Şurasının daimi üzvlərinin təşəbbüsünə həvalə edilmiş bir sistemin daima uğursuz olacağı da tarixi həqiqətdir. Bu səbəbdən BMT-ni nəzəriyyədə dünya millətlərini təmsil edən, əslində isə yalnız elit üzvlərin qlobal maraqlarını legallaşdıran bir mexanizm olmaqdan çıxarmaq lazımdır. Dolayısı ilə Təhlükəsizlik Şurasının strukturu ilə bağlı təcili islahatlara ehtiyac var. Şuraya daimi üzvlük və veto hüququ kimi beynəlxalq hüquq və ədalət meyarlarına, dövlətlərin bərabərliyi prinsipinə əsaslanmayan imtiyazların ləğvi bu islahatların mərkəzində olmalıdır. Şuranın şəffaflaşması və öz daxilində mühakimə yolunun açıq olması da şərtdir.
Bu kimi halları nəzərə alan Azərbaycan prezidenti İlham Əliyev hələ 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsinin vacibliyini qeyd edərək mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların mühüm məsələyə çevrildiyini bildirmişdir. Azərbaycan BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Beynəlxalq aləmdə BMT-nin rolunun artırılmasına və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini Azərbaycan BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirmişdir. Sessiyada Prezident İlham Əliyev "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir" - deyə bildirmişdir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın BMT-də islahatlarla bağlı təklif və təşəbbüsləri beynəlxalq səviyyədə dəstək qazanmaqdadır. Belə ki, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində təşkilatın baş qərargahında keçirilən "BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək" adlı yüksək səviyyəli tədbirdə bir çox dövlət başçılarının iştirakı bunu təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə qeyd olunub ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir. BMT-nin Baş katibi Antonio Quterreş BMT-də islahatların həyata keçirilməsinin, təşkilatın işinin daha səmərəli icra edilməsinin vacibliyini vurğulayıb. Ən önəmlisi bu günə qədər BMT-nin qəbul etdiyi qətnamələrin demək olar ki, yarısının müsəlman və Yaxın Şərq dövlətləri barəsində olmasına baxmayaraq, 1.7 milyard müsəlmanın təcrid olunduğu və ya ədalətli şəkildə təmsil edilmədiyi Təhlükəsizlik Şurasının qanuni və təsirli olmayacağı bilinməlidir. Əlbəttə, bu vəziyyətdən əsl dərs çıxarmalı olan isə İslam dünyasıdır. Müsəlmanlar öz aralarında ittifaq olmadıqları müddətcə, başqa birliklərdən öz hüquqlarını və mənafelərini qorumasını, özləri üçün ədalət təmin etməsini gözləməyə davam edəcəklər. İslam aləminin bunun necə böyük bir səhv olduğunu artıq fərqinə varması və bu istiqamətdə addımlar atması lazımdır.
Zəka