Azərbaycan dinlərarası tolerantlıq məkanı kimi tanınır
Mübariz Qurbanlı: “Din pərdəsi altında gizlənərək ölkəmizdə hökm sürən tolerant və multikultural şəraiti pozmağa cəhd göstərən bəzi radikal qruplar var” Bu gün həm ölkə daxilində, həm də xaricdə İslam həmrəyliyinin geniş şəkildə təbliğinə ehtiyac duyulur. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və digər qeyri-hökumət təşkilatları paytaxt Bakıda və regionlarda çoxsaylı tədbirlər keçiriblər.
22 Sentyabr 2017 14:11 SiyasətMübariz Qurbanlı: "Din pərdəsi altında gizlənərək ölkəmizdə hökm sürən tolerant və multikultural şəraiti pozmağa cəhd göstərən bəzi radikal qruplar var"
Bu gün həm ölkə daxilində, həm də xaricdə İslam həmrəyliyinin geniş şəkildə təbliğinə ehtiyac duyulur. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş "Tədbirlər Planı"na uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və digər qeyri-hökumət təşkilatları paytaxt Bakıda və regionlarda çoxsaylı tədbirlər keçiriblər. Bu tədbirlər İslam mədəniyyətinin, ənənələrinin qorunması, təbliği və təşviqi, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası, İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması işinə böyük töhfələr verdi və bu hazırda da davam etməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlum sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərə münasibət bildirərkən qeyd edib ki, "İslam Həmrəyliyi İli"ndə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi təkcə idman yarışı olaraq xatirələrdə qalmadı, həmçinin İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması yolunda iri addımların atılmasına və bu sahədə müəyyən nailiyyətlərin əldə edilməsinə əvəzsiz təsir göstərdi: "İslam dünyası nə qədər həmrəy olarsa, İslam dininə qarşı hücumlara kollektiv şəkildə cavab verər. Unutmamalıyıq ki, İslam həmrəyliyi bu sahədə bizim üçün yol xəritəsidir. Bu gün İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur". Komitə sədri deyib ki, bu gün Azərbaycan bütün dünyada tolerantlıq məkanı kimi tanınır: "Ölkəmizdə dini etiqadından və mənsubiyyətindən asılı olmayaraq, hər kəsin vicdan azadlığı qorunur. Bu müddəa həm Konstitusiyamızda, həm də "Dini etiqad azadlığı haqqında" Qanunda əks olunmuşdur. BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. Təəssüflər olsun ki, din pərdəsi altında gizlənərək ölkəmizdə hökm sürən tolerant və multikultural şəraiti pozmağa cəhd göstərən bəzi radikal qruplar var. Onların məqsədi stabilliyi pozmaq, qorxu və xaos yaratmaq yolu ilə öz siyasi avantüralarını, ambisiyalarını həyata keçirməkdir. Dini radikal və ekstremist qrupların cəhdlərinə baxmayaraq, respublikamızda dini vəziyyət sabitdir və bu ifrat dini elementlər hədəf və məqsədlərinə nail ola bilməyiblər. Buna, əsasən, üç amil təsir göstərib.
Birincisi, Azərbaycanda tarixən mövcud olan, multikultural və tolerant ənənələrə əsaslanan, ənənəvi dini inanclara hörmətlə yanaşan və dövlət quruluşunda dünyəvi prinsiplərə üstünlük verən özünəməxsus dövlət-din münasibətləri modelidir. Bu modelin banisi isə Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və ölkəmizdəki tolerant mühitin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Dövlət-din münasibətləri sahəsində Ulu Öndərin əsasını qoyduğu bu müdrik siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İkincisi, xalqımız aqressiya, dözümsüzlük kimi xüsusiyyətlərdən genetik olaraq uzaqdır. Azərbaycan xalqı öz dini dəyərlərinə hörmətlə yanaşır, ehkamçı, fundamentalist yanaşma ona yaddır. Əksər müsəlman dövlətlərindən fərqli olaraq, ölkəmiz dünyəvi dəyərlərə bağlılığı ilə seçilir. Bu müsbət keyfiyyət Azərbaycan xalqının tolerant xarakterini ortaya qoymuş və onun özünəməxsus imicini müəyyənləşdirmişdir. Məhz bu səbəbdən yad dini ideologiyalar, ifrat dini çağırışlar cəmiyyətimiz tərəfindən qəbul olunmur, özünə sosial dayaq tapmır.
Üçüncüsü, respublikamızda dini sahədə sabitliyin qorunması istiqamətində kompleks işlər görülür. Din-dövlət münasibətlərini tənzimləyən qanunvericilik bazası daim təkmilləşdirilir, radikal və ekstremist qruplara qarşı həm hüquq-mühafizə orqanları, həm də Dövlət Komitəsi tərəfindən preventiv və profikaktik tədbirlər görülür. Eyni zamanda dini maarifləndirmə sahəsində mühüm işlər həyata keçirilərək respublikamızın ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, dövlət qurumlarında, cəzaçəkmə müəssisələrində zərərli dini ideologiyaların mahiyyət və niyyətlərini açıqlayan, onların təbliğat metodları və dini radikalizmin fəsadları haqqında geniş məlumat verən seminar-treninqlər, regional konfranslar keçirilir, eləcə də bu istiqamətdə tərəfimizdən broşürlər, kitablar buraxılır". Dövlət Komitəsinin sədri deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən paytaxtda və bölgələrdə dini radikalizm və ekstremizmlə mübarizə mövzusunda geniş auditoriya üçün nəzərdə tutulan maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlər digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilir ki, bu da işin effektivliyinin artırılmasına xidmət edir: "Dini radikalizmin fəsadlarına baxdıqda xurafat və dinin siyasiləşməsi problemləri ilə qarşılaşırıq. Xurafat günümüzün bəlasıdır. İnsanların dini savadsızlığı, İslamı düzgün başa düşməmələri nəticədə onları radikallığa və ekstremizmə gətirib çıxarır. Bunları nəzərə alaraq, Dövlət Komitəsi xüsusən gənclər arasında xurafatın, eləcə də zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların yayılmaması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Eləcə də bu mövzularda mütəmadi olaraq mətbu orqanlarda və KİV-də maarifləndirici çıxışlar edir.
Maarifləndirmə dini sahədə olduqca mühüm rol oynayır. Maarfləndirmənin əsas məqsədi insanlara doğru məlumatlar çatdırmaq, baş verən hadisələrin, gedən proseslərin mahiyyəti, real və potensial təhlükələr barədə onları xəbərdar etməkdir. Maarifləndirmənin effektivliyi bu prosesi birbaşa həyata keçirən mütəxəssislərin peşəkarlığı, hədəf qrupunun düzgün seçilməsi ilə yanaşı, insanların bu məsələdə maariflənmək istəkləri ilə də sıx bağlıdır. Çünki bəzən elə olur ki, zərərli dini cərəyanların təsiri altına düşmüş şəxslər onların təlimlərinə, irəlü sürdükləri ideyalara məntiqin süzgəcindən keçirmədən fanatik formada inanırlar. Belə insanları inandırmaq, cəmiyyətə yenidən qazandırmaq vacib olduğu qədər mürəkkəb olduğundan, həmişə uğur qazanmaq mümkün deyil.
Ümumiyyətlə, dini maarifləndirmə birbaşa və dolayı formalarda təşkil olunur. Eyni zamanda dini maarifləndirmə tədbirləri həm də preventiv xarakter daşıyır. Bu baxımdan, belə tədbirlərin əhatə dairəsinə cəmiyyətin həssas təbəqəsi ilə yanaşı, təhsil müəssisələrini, ordu birləşmələrini, xüsusilə gənclərin üstünlük təşkil etdiyi kollektivləri daxil etmək olar.
Dini marifləndirmənin effektivliyinin artırılmasında maarifləndirici xarakterli nəşrlərin hazırlanması və cəmiyyətin müvafiq təbəqəsinə təqdim edilməsi də böyük önəm daşıyır. Dövlət Komitəsi tərəfindən xüsusilə son illər xeyli belə maarifləndirici materiallar, kitab, jurnal, qəzet kimi çap məhsulları ilə yanaşı, sənədli filmlər də hazırlanıb. Onların cəmiyyətə çatdırılmasında tədbirlərlə yanaşı, televiziya, radio, mətbuat, sosial şəbəkələr kimi bir çox təbliğat vasitələrindən istifadə edirik".
Süleyman