Prezidentin BMT-nin ali kürsüsündən dünyaya xəbərdarlığı

Azərbaycanın mesajından nəticə çıxarmağın zamanı yetişib Bu günlərdə Birləşmiş Ştatlarda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib, Nyu-Yorkda baş tutan BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak edib. Səfər zamanı ən yadda qalan hadisələrdən biri də dövlət başçısının BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı olub. Çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının fəal üzvü olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılan addımlardan ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışıb.

Azərbaycanın mesajından nəticə çıxarmağın zamanı yetişib

Bu günlərdə Birləşmiş Ştatlarda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib, Nyu-Yorkda baş tutan BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak edib. Səfər zamanı ən yadda qalan hadisələrdən biri də dövlət başçısının BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı olub.

Çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının fəal üzvü olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılan addımlardan ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışıb. Prezident həmçinin Azərbaycanın iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətləri də sessiya iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısının sessiyada çıxışı zamanı əsas diqqət çəkdiyi məsələ Dağlıq Qarabağ problemi olub və Azərbaycan Prezidenti bəşəriyyətin ali kürsüsündən bir növ dünya dövlətlərinə, başda BMT olmaqla beynəlxalq təşkilatlara rəsmi Bakının xəbərdarlığını çatdırıb. 20 ildən artıq davam edən erməni təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğala məruz qaldığını, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayan Prezident İlham Əliyev işğalçı Ermənistanın beynəlxalq hüquq və prinsipləri kobud şəkildə tapdaladığını, Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar dünyanın aparıcı təşkilatlarının qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymadığını diqqətə çatdırıb: "Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır".

Azərbaycan Prezidenti BMT-nin ali kürsüsündən bu təşkilatı da açıq şəkildə tənqid etməkdən belə çəkinməyib və onu haqlı olaraq ikili yanaşmada günahılandırıb: "Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər".

Azərbaycan Prezidentinin çıxışında ən diqqət çəkən məqam isə Ermənistanın cəzalandırılacağı barədə BMT-nin ali kürsüsündən dünya dövlətlərini xəbərdar etməsi olub. Dövlət başçısı keçən ilin aprel ayında cəbhədə baş verən erməni təxribatı ilə bağlı sessiya iştirakçılarını məlumatlandırarkən qətiyyətlə bəyan edib və dünyaya xəbərdarlıq mesajı ünvanlayıb ki, işğalçı ölkə yenidən təxribata cəhd göstərsə, bir daha cəzalandırılacaq: "Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq. Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır".

Göründüyü kimi, dövlət başçısı BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında geniş və məzmunlu çıxışı zamanı bir neçə istiqamətə diqqət çəkib. Bunlardan birincisi, Azərbaycanın mövcud status-kvo ilə barışmayacağıdır. Prezidentin fikirlərində açıq şəkildə ifadə edilib ki, hazırda bir sıra dairələr mövcud status-kvonun saxlanmasına çalışır. Bu isə təbii ki, qəbuledilməzdir və Azərbaycan heç vaxt bununla barışmayacaq. Mövcud status-kvonun dəyişdirilməsi üçünsə mütləq Ermənistana təzyiq göstərilməlidir, Ancaq təəssüflər olsun ki. beynəlxalq birlik bunu da etmir. Belə bir vəziyyət isə işğalçını daha da həvəsləndirir.

Azərbaycan Prezidentinin diqqət çəkdiyi ikinci mühüm məqam dünyada mövcud olan ikili standartlar olub və dövlət başçısı haqlı olaraq bildirib ki, bu yanaşma Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə də özünü göstərir. Əks təqdirdə başda BMT olmaqla dünyanın digər aparıcı təşkilatları digər münaqişələr kimi Dağlıq Qarabağ probleminə də diqqət çəkər və onun ədalətli həllinə nail olardılar. Lakin bu baş vermir və Dağlıq Qarabağ probleminıə olan ikili yanaşma hər an münaqişənin alovlanması riskini artırır.

Nəhayət, Azərbaycan Prezidentinin çıxışında diqqət çəkən ən vacib məqam Ermənistan daxil olmaqla dünya dövlətlərinə ünvanlanan xəbərdarlıq mesajıdır. Prezident açıq şəkildə Ermənistana və onun havadarlarına çatdırıb ki, cəbhə xəttində baş verə biləcək növbəti erməni təxribatı işğalçı ölkə üçün daha ağır nəticələrə gətirib çıxara bilər və əgər belə bir hal baş verərsə Ermənistan ciddi şəkildə cəzalandırılacaq. Və bu dəfə nə Ermənistanın, nə də hər hansı üçüncü tərəfin hərbi əməliyyatları dayandırmaq xahişi, yalvarışı nəzərə alınmayacaq. Çünki düşmənə bir dəfə şans, güzəşt verilir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın düşməni cəzalandırması üçün kifayət qədər gücü və imkanı var. Elə dövlət başçısının sessiyada çıxışı zamanı Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlər keçirməsi də bunun əyani sübutudur. Yəni Prezident BMT-də bu fikirləri yalnız söz xatirinə işlətmir. Və genişmiqyaslı hərbi təlimlərlə dünyaya o mesajı verir ki, etdiyim xəbərdarlığın arxasında real güc, qüvvə var. Ona görə də dünya dövlətlərinin bu xəbərdarlıqdan nəticə çıxarması, boş sözlərdən, bəyanatlardan real işə, əmələ keçməsi zəruridir, vacibdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31