Azərbaycan prezidenti BMT tribunasından Ermənistanı işğalçı adlandırıb

 

İlham Əliyev: "Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır"

Ermənistan prezidenti Serj Sarkisyan  BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında bütün idiotizm, sərsəmlik və siyasi avantüra hədlərini aşaraq dünyaya yeni siyasi təlxəklik nümunəsi nümayiş etdirib.  Sessiyada tribunaya çıxan dövlət başçılarının istisnasız şəkildə hamısından fərqli olaraq S.Sarkisyan çıxışını bütünlüklə Azərbaycana  qarşı hədyanlara, yalanlara və böhtanlara həsr etməklə yanaşı, absurdun və şüur qıcolmasının artıq klinik həddə çatdığını da ortaya qoydu. Serj Sarkisyan hədəf qismində Azərbaycanı seçdiyindən siyasi əxlaq və mənəfiyyatı ayaqlar altına ataraq tamamən əsassız iddiaları yalan həddinə çatdırmağın da yeni hüdudlarının mümkünlüyünü göstərdi.

İşğalçı dövlətin başçısı çıxışında bildirib ki, sülh, inkişaf və əməkdaşlıq barədə danışmağa üstünlük verərdim, lakin əfsuslar olsun ki, biz hələ də bu mərhələdən çox uzağıq: "Artsax erməniliyinin öz müqəddəratını təyin etmək hüququnu gerçəkləşdirməklə bağlı dinc çağırışlarına və bu istiqamətdə atdığı addımlara cavab olaraq Azərbaycan zor tətbiq etdi". S.Sarkisyan çıxışında daha sonra deyib: "Ötən ilin aprelində Azərbaycanın başladığı dördgünlük savaş göstərdi ki, Azərbaycanın məqsədi hələ də Qarabağ ermənilərini məhv etməkdir".

Ermənistan prezidentindən fərqli olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyev səsləndirilən fikirlərə hüquqi müstəvidə vavab verib. Prezident İlham Əliyev  bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: "Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb". Dövlət başçısı əlavə edib ki, Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib: "Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var. Lakin Ermənistan qətnamələri  yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır". Prezideny İlham Əliyev bildirib ki, BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır: "Ermənistan "status-kvo"nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, "statu-kvo" qəbuledilməzdir".  Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: "Bu dayandırılmalıdır. Ötən ilin aprelində  Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın  cavabı daha ağrılı olacaq. Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla bağlı yalan, iftiralarla dolu çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən də etirazla qarşılanıb.  Millət vəkili Elman Nəsirov qeyd edib ki, Sarkisyanın çıxışı bir daha dünyaya nümayiş etdirdi ki, bu dövlət baş tutmuş dövlət deyil və onun başçısının çıxışı kifayət qədər lokal məzmunludur, heç bir beynəlxalq gündəlik müəyyən edən məsələlərə aidiyyəti yoxdur: "Bu bir daha göstərdi ki, dünyanı narahat edən məsələlər Sarkisyanı narahat etmir, onun çıxışı yalnız əsassız ittihamlardan ibarətdir, yalan, iftiralarla qurulan cümlələrdir. Əvvəla, Ermənistan prezidenti yenə çıxışında qondarma "erməni soyqırımı" iddialarını gündəmə gətirib. Bundan sonra isə o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenidən erməni yalanlarını beynəlxalq tribunada səsləndirib, özünü rüsvay etdi. O,BMT kürsüsündən yenidən ərazi bütövlüyü prinsipini qəbul etmədiyini bildirdi. O bir daha beynəlxalq hüquq prinsiplərini qəbul etmədiyini ortaya qoydu. Bu da beynəlxalq müşahidəçilərin diqqətindən heç bir halda yayınan məsələ deyil". Deputat qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli tarixi ərazisidir.Sarkisyan isə həmin ərazidə olmayan və yaradılması mümkün olmayacaq qondarma bir rejimin adını çəkir: "Onun bu çıxışı həmçinin BMT rəhbərliyinə hörmətsizlikdir. Ən azından ona görə ki, BMT rəhbərliyinin qəbul etdiyi 4 qətnaməni Sarkisyan rejimi icra etmir. BMT erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi barədə 4 qətnamə qəbul edib. Sarkisyan isə BMT kürsüsündən həmin işğal etdikləri ərazilərdə "demokratik rejim" yaratmaq istədiyini bəyan edir. Sarkisyanın bu çıxışının BMT rəhbərliyi və beynəlxalq müşahidəçilər tərəfindən gülünc fikir kimi qəbul ediləcəyinə şübhəm yoxdur".

Politoloq, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı yalan və saxtakarlığın klassik formasıdır. A.Mirzəzadə bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası və Türkiyəni bu gün tarixi saxtakarlıq olan "erməni soyqırımı"nda ittiham etməsindən sonra qonşulara dostluq münasibəti təklif etməsi məlumatsız auditoriya üçün qurulan bir teatr tamaşasını xatırladır: "Sarkisyan sivil, demokratik, müasir düşüncəli bir lider kimi görünməyə çalışır, ancaq Ermənistan dünyada artıq çoxdan beynəlxalq hüquq normalarına riayət etməyən, qonşu dövlətlərlə müharibə və diqtə dilində danışan, öz ölkəsində demokratik dəyərləri tapdalayan bir ölkə kimi tanınır". Deputat vurğulayıb ki, Ermənistan bu gün saxta bir oyun oynamağa, beynəlxalq ictimaiyyətdə özünün ləkələnmiş imicini təmizləməyə çalışır: "O, ölkə daxilində indiki hakimiyyətin bir güc və nüfuz olduğunu göstərməyə çalışır. Amma tarix belə saxta oyunları çox görüb. Hesab edirəm ki, Ermənistanın özünü təmizə çıxarmaq və törətdiyi cinayətlərdən yaxasını qurtarmaq mümkün olmayacaq".

Göründüyü kimi Azərbaycan prezidenti BMT tribunasından etdiyi çıxışında, eləcə də Vaşinqtonda keçirdiyi görüşlərdə Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəsindən, siyasi, humanitar və iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərdən, habelə Azərbaycanın bu gün  dünyada multikulturalizm, dini azadlıq və dinlərarası əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməsindən bəhs edib. O da vurğulanıb ki, Bakının iki il ərzində həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın xristian dünyası ilə İslam dünyası arasında əməkdaşlıq işinə verdiyi böyük dəstəkdir. Birləşmiş Millətlər Təşkilatının baş qərargahında "BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək" adlı tədbirə də qatılan Prezident İlham Əliyev Azərbaycanın hazırda dünyanın üzləşdiyi çağırışlara effektiv, adekvat cavab verməyə çalışan ölkələr arasında olduğunu vurğulayıb. Dövlət başçımız ölkəmizin yürütdüyü daxili siyasətin mahiyyətində insan yaşamının tam təminatı və hüquqlarının qorunmasının, rifahın inkişafı üçün bütün zəruri şərtlərin yaradılmasının və tərəqqinin səbatlı istinadlarını bərqərar olmasının, xarici siyasətdə isə bütün dövlətlərlə qarşılıqlı sayğı, maraq və mənafelərin nəzərə alınması, suverenlik və sərhəd toxunulmazlığının aprior sayılması kimi prinsiplərin ümdəliyinin gerçəkləşməsinə çalışmasını göstərdi. Beləliklə BMT-nin baş qərargahına toplaşan dövlət və hökumət başçıları S.Sarkisyanın isterik çıxışı ilə Azərbaycan Prezidenti İlham Əliyevin mövqelərini bir daha müqayisə etmək imkanlarına malik oldular.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31