Oqtay Əsədov AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennakı və Sezar Florin Predanı qəbul edib. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr qeyd edib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən ölkəmiz üzrə hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzənin mətni ilə tanışdır.
15 Sentyabr 2017 13:45 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennakı və Sezar Florin Predanı qəbul edib. MM-dən "Olaylar"a verilən məlumata görə, sədr qeyd edib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən ölkəmiz üzrə hazırlanmış "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı məruzənin mətni ilə tanışdır. Spiker sənəd üzərində iş zamanı göstərdikləri obyektivliyə görə qonaqlara öz təşəkkürünü bildirib. O da qeyd edilib ki, sənəddə müsbət məqamlarla yanaşı, sual doğuran bəzi məsələlər də öz əksini tapmışdır. Azərbaycan tərəfi həmməruzəçiləri maraqlandıran sualları birgə müzakirə etməyə hazırdır. Sədr deyib ki, adətən, AŞPA kimi təşkilatlarda Azərbaycan haqqında müsbət fikir səslənəndə ermənipərəst qüvvələr fəallaşaraq öz riyakar planlarını işə salmağa cəhd edirlər. Qurumun növbəti sessiya öncəsi onlar hazırladıqları press-relizi müxtəlif ünvanlara göndərərək, Azərbaycanı ləkələməyə, ölkəmiz haqqında mənfi rəy yaratmağa növbəti dəfə səy göstərirlər. Biz buna artıq adi hal kimi baxırıq. Söhbətdə belə bir fikir vurğulanıb ki, Azərbaycan bütün istiqamətlərdə AŞPA ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və hər iki tərəfin maraqlarına cavab verməlidir. Azərbaycan hakimiyyəti öz daxili və xarici siyasətini milli və dövlətçilik maraqlarına uyğun formalaşdırır. Biz təşkilatda bəzi ölkələrə qarşı göstərilən sərt mövqedən narahatıq. Belə hesab edirik ki, mübahisə doğuran məsələlər danışıqlar yolu ilə aradan qaldırılmalıdır. Biz gələcəkdə də AŞPA ilə əməkdaşlığımızı daha da dərinləşdirmək əzmindəyik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ölkəmizə səfərlərindən və burada keçirdiyi görüşlərdən razı qaldıqlarını söyləyib. Qonaq qeyd edib ki, ilk dəfədir ki, sessiyaya bir həftə qalmış ölkə üzrə hazırlanmış hesabatı müzakirə etmək üçün həmin dövlətin nümayəndələri ilə görüş üçün belə bir səfər baş tutur. Biz hesab edirik ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə hazırladığı məruzədə öz əksini tapan məsələlər barədə yerində müzakirələr aparmaq ümumi işin xeyrinə olardı.