Arzu Qazıyeva: Hacıbala müəllim düz edib

Jurnalist Arzu Qazıyeva Bakının mərkəzindəki "26" adlı kafenin fəaliyyətinin dayandırılmasına "Feysbuk"da münasibət bildirib. 

Missiya.az xəbər verir ki, A.Qazıyeva fikrini belə ifadə edib: "26-lar" kafesi bağlandı. Amma ajiotaj bitmədi. "Ay aman, qoymayın, qanun pozuldu", "məhkəmə olmalıydı" deyib qışqıranların sayı nə çox imiş?! Heç xəbərimiz yoxmuş ki, sən demə ölkədə bu qədər qanun tərəfdarı var imiş. Kafenin darvazasında 26 rəqəminin yazılması əlbəttə ki, hələ heç nə demir. Çünki quru rəqəm göz qarşısında olan qapıların üzərindədir. Amma göz qarşısında olmayan sənədlərdə tamam başqa mövzudur. Sənədlərdə "26-lar"dır. "26-lar" isə həmişə 26 Bakı komissarının qısaldılmış adı olub. Buna görə də kafenin məhz 26 Bakı komissarının adına olması birmənalıdır. Amma bu məsələdə kafenin sahibləri ilə yanaşı onu MMC kimi qeydiyyatdan keçirən, ona VOEN verən, möhür, kassa-faktura açdıran vergilər nazirlyindən ilk növbədə soruşmaq lazımdır ki, "26-lar" adı ilə olan sənədləri qeydiyyatdan necə keçirib? Axı ölkədə heç kiçik alver budkasını sənədsiz-sübutsuz açmaq mümkün deyil. Axı bunun gəlir vergiləri, sosial fond vergiləri, həmkarlar vergiləri, sığorta müqaviləsi və s. var. Görün nə qədər dövlət strukturu gözünü bağlayıb! Onlar rüşvətmi alıblar yoxsa bu qədər savadsız və nadandırlar? Yazıçılar Birliyi kafenin sahibi ilə icarə müqaviləsi bağlayanda yəqin ki, o da dokumentalnı-subutalnı olub. Və həmin müqaviləni imzalamaq üçün sənədi gözdən keçirən hörmətli Anar müəllimin necə olub ki, "26-lar"ın hansı silsilədən olduğunu soruşmağa sözü qalmayıb? Axı sənədlər imzalanarkən, möhür qoyularkən, o sənədlərdə təşkilatın adı tam yazılır, daha göz pərdələmək üçün qapı üzərində yazıldığı kimi yox. Deməli, hamı üçün pul hər şeydən irəli olub. Bizdə çoxlu pul qazanmaq həvəsi həmişə mənəviyyatdan, əxlaqdan, ədəbdən bir pillə yuxarıda dayanıb. İndi o kafenin bağlanmasını qanunsuz sayanlardan soruşmaq lazımdır ki, siz kimləri müdafiə edirsiz? Sıralarında yalnız ermənilər olan (Məşədi Əzizbəyov istisna olmaqla) və azərbaycan türkünün qanına susamış daşnakların adını yaşatmağa çalışanlarımı, gündüzlər kafe, gecələr isə onu cinayətlərin bünövrəsi qoyulan, mənəviyyatsızlıq, əxlaqsızlıq yuvasına çevirənlərimi? Əlbəttə, məhkəmə, qanuna riayət gözəl şeylərdir. Amma belə "incə" məsələlərdə heç də həmişə təsirli olmur. Çünki əsas məsələ yenə də adla bağlı deyil. Bu gün "26" kafesidirsə, sabah "16" kafesi adlanacaq. Dəyişən yalnız rəqəmlər olacaq. Əsas məsələ mahiyyətdir - adamın özünün dərrakəsi, mövqeyi, əxlaqı, iradəsi, bu vətənə, xalqa nə qədər bağlı olub-olmamasıdır. Və əgər kafenin sahibi özü suçu olduğunu yaxşı bildiyi üçün qorxusundan səsini çıxarmırsa, üzə çıxıb özü məhkəməyə müraciət etmirsə, onda Hacıbala müəllim düz edib. Necə deyərlər, hər kəslə öz dilində danışmaq lazımdır". 



Qeyd edək ki, Bakı meri Hacıbala Abutalıbov APA-ya açıqlamasında bu sözləri deyib: "Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe "26 kafe" kimi yox, "26-lar Bakı", "26-lar yaşayır", "Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur" lövhələri ilə bəzədilən "26-lar kafesi" kimi fəaliyyət göstərir".



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31