Azərbaycan qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilir
Azərbaycanın artan siyasi və iqtisadi gücü, regiondakı nüfuzu, ən əsası Cənubi Qafqazdakı liderləri dünyanın güc mərkəzlərinin, ayrı-ayrı dövlətlərin diqqətini istər-istəməz Bakıya yönəldir. Son illərdə ölkəmizin mühüm əhəmiyyətli tədbirlərə, müzakirələrə evsahibliyi etməsi də məhz bu göstəricilərdən irəli gəlir.
8 Sentyabr 2017 15:19 SiyasətElxan Şahinoğlu: "Bu Azərbaycanın xeyrinədir"
"Azərbaycan beynəlxalq aləmdə dialoq platformunun mərkəzlərindən biri kimi tanınır"
Azərbaycanın artan siyasi və iqtisadi gücü, regiondakı nüfuzu, ən əsası Cənubi Qafqazdakı liderləri dünyanın güc mərkəzlərinin, ayrı-ayrı dövlətlərin diqqətini istər-istəməz Bakıya yönəldir. Son illərdə ölkəmizin mühüm əhəmiyyətli tədbirlərə, müzakirələrə evsahibliyi etməsi də məhz bu göstəricilərdən irəli gəlir. Elə bu günlər paytaxtımızın daha bir mühüm əhəmiyyət daşıyan danışıqlara, müzakirələrə evsahibliyi etməsi də yuxarıda qeyd etdiyimiz amillərlə bağlıdır. Belə ki, sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavelin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşəcəkləri xəbəri yayıldı. Xəbər yayılandan bir neçə saat sonra da görüş başladı. Bu, görüşün son ana qədər məxfi saxlandığından xəbər verir. Fevral ayında da oxşar hadisə baş vermişdi. Rusiya və Birləşmiş Ştatlar baş qərargar rəislərinin Bakıda görüşəcəyi xəbəri yayıldıqdan bir neçə saat sonra Azərbaycan paytaxtında görüş başladı.
Göründüyü kimi qlobal mövzuların müzakirəsi üçün ikinci dəfədir ki, Bakı seçilir. Bu zaman ortaya maraqlı sual çıxır. Dünyanın supergücləri, nəhəng dövlətləri bu kimi mühüm məsələləri niyə məhz Bakıda müzakirə edirlər? Rusiyanın Silahlı Qüvvələrinin baş qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin rəhbərinin Bakı görüşü ilə bağlı "Atlas" Araşsdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb. O, qeyd edib ki, daha əvvəl Rusiya və Birləşmiş Ştatların baş qərargah rəisləri də Bakıda Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə etmişdilər. Onun sözlərinə görə, Azərbaycan Suriyaya yaxın olduğundan görüş yeri kimi Bakı seçilmişdi: "Müxtəlif səbəblərdən görüş yeri kimi Suriyaya qonşu olan İran və Türkiyə seçilə bilməzdi. Çünki hər ikisinin Suriyada fərqli maraqları var. Azərbaycanın isə Suriyada yeganə marağı bu ölkənin ərazi bütövlüyünün və sabitliyin bərpasıdır. Bakıda hər hansı sənəd imzalanmadı. Buna baxmayaraq, məhz Bakıda əldə olunan şifahi razılaşma əsasında Rusiya və Birləşmiş Ştatlar hərbçiləri Suriyada terrorçulara qarşı mübarizədə bir-birlərinə mane olmadılar. Bəs niyə bu dəfə görüş yeri kimi yenə Bakı seçildi? Niyə İrəvan və ya Tiflis yox Bakıya üstünlük verildi? Məsələ burasındadır ki, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur, iki dövlət arasında münasibətlər soyuqdur. Ermənistan isə Rusiyanın hərbi və strateji müttəfiqi, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də müzakirə yeri kimi Tiflisin seçilməsinə Rusiya, İrəvanın seçilməsinə isə NATO rəhbərliyi razılaşmayacaqdı. Bu baxımdan Bakının seçilməsi tərəflər üçün daha münasib idi. Azərbaycanın həm Rusiya, həm də NATO ilə sıx əlaqələri var və hər ikisindən eyni məsafədədir". Politoloq Elxan Şahinoğlu bildirib ki, NATO Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasındakı növbəti görüşdə Suriya əsas müzakirə mövzusu deyildi: "NATO ilə Rusiya arasındakı gərginlik daha fərqli mövzuları və məkanları əhatə edir. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından, Birləşmiş Ştatların Şərqi Avropada raketlərdən müdafiə sistemlərini yerləşdirməsindən, NATO isə Rusiyanın Baltik ölkələrinə yaxın ərazidə hərbi təlimlərindən narahatdır. Bakıda heç bir sənəd imzalanmadı. Ancaq ötən dəfəki görüşdə olduğu kimi şifahi razılaşmanın əldə olunması mümkündür. Böyük ehtimalla tərəflər münasibətləri daha da gərginləşdirməmək üçün dialoqun davamına qərar veriblər". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, qlobal mövzular üçün görüş yeri kimi Bakının seçilməsi böyük dövlətlərin Azərbaycana verdiyi önəmdən irəli gəlir: "Bu Azərbaycanın xeyrinədir. Azərbaycan beynəlxalq aləmdə dialoq platformunun mərkəzlərindən biri kimi tanınır. Eyni zamanda rəsmi Bakı bu imkandan istifadə edərək böyük dövlətlərin diqqətini torpaqlarının işğal faktına yönətlmək imkanı qazanır".
S.İsmayılbəyli