Rusiya və NATO generallarının Bakıda görüşü nədən xəbər verir?

Artıq Azərbaycan dünyada cərəyan edən proseslərin, beynəlxalq münaqişələrin müzakirə edildiyi məkana çevrilib. NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi buna bariz nümunədir. Xatırladaq ki, bundan əvvəl Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər.

Azərbaycan dünyanın problemlərinin müzakirə edilməsi üçün təhlükəsiz dialoq platformasına çevrilib

Artıq Azərbaycan dünyada cərəyan edən proseslərin, beynəlxalq münaqişələrin müzakirə edildiyi məkana çevrilib. NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi buna bariz nümunədir. Xatırladaq ki, bundan əvvəl Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər. Bu isə o deməkdir ki, artıq dünyanın diqqəti Azərbaycana yönəlib ki, belə əhəmiyyətli görüşün detalları barədə məlumat əldə etsin. Yeri gəlmişkən qeyd edək ki, artıq görüşün bəzi detalları açıqlanıb. Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Rusiyanın Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini "Qərb-2017" strateji təlimləri barədə məlumatlandırıb. Təlimin planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini NATO generalının diqqətinə çatdırıb. Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib. NATO nümayəndəsi isə görüşlə bağlı TASS-a bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov və NATO-nun Hərbi komitəsinin sədri Pyotr Pavelin Bakıdakı görüşü Rusiyanın Şimali Atlantika alyansı ilə hərbi əlaqələrinin saxlamasında qarşılıqlı marağın olduğunu göstərib."Bu şəxsi görüş NATO-nun şəffaflıq və Rusiyanın ali rəhbərliyi ilə siyasi səviyyədə davam edən dialoq siyasətinə uyğun olaraq hərbi kommunikasiya xətlərini saxlamağa qarşılıqlı marağı aydın nümayiş etdirdi"- NATO rəsmisi Bakı görüşü haqda deyib. Qeyd olunub ki, tərəflər hərbi kommunikasiya xətlərinin istifadəsini davam etdirmək barədə razılığa gəliblər. General Gerasimov isə görüşdən öncə bildirmişdi: "Bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir. Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq". Maraqlıdır, Rusiya və NATO generallarının məhz Bakıda görüşü nədən xəbər verir? Politoloq Elçin Mirzəbəyli bildirib ki, bu görüş kifayət qədər önəmli bir dövrə təsadüf edir və müzakirə olunacaq məsələlərin sayı da kifayət qədər çoxdur. ABŞ və bu ölkənin dominat rol oynadığı Avroatlantik Alyansın hərbi rəhbərləri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü ilk növbədə Moskva ilə Vaşinqton arasında ciddi diplomatik problemlərin olduğundan xəbər verir. Çünki hərbi müstəvidə təmaslar əsasən diplomatik kanallarda problem yarananda baş verir. Onun bildirdiyinə görə, ABŞ, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin əsas səbəbləri Azərbaycan prezidentinin beynəlxalq nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunmasının tərəfdarı kimi çıxış etməsi və bu müstəvidə mütəmadi olaraq çox önəmli mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması, etibarlı tərəfdaş olması, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilidir: "Artıq "nə üçün Bakı" sualına heç kim cavab axtarmır. Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq üçün çox çətin mərhələlərdən, kataklizmlərdən keçib. Regional miqyaslı təsirlərdən dünya miqyaslı, kütləvi tədbirlərin təşkilinədək çox önəmli mərhələləri uğurla adlayıb. Bakı bütün kriteriyalarına görə dünyanın iki nəhəng güc mərkəzinin hərbi rəhbərlərinin bir araya gəlməsi, nəinki konkret regionun, bütövlükdə dünyanın problemlərinin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib". Poliroloq qeyd edib ki, bu görüş ölkəmiz üçün siyasi əhəmiyyətə malikdir: "Görüşün Azərbaycan üçün siyasi əhəmiyyəti növbəti dəfə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki önəmli rolunun dünyanın iki əsas güc mərkəzi tərəfindən qəbul olunması və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlıdır. Görüş NATO üzvü olan ölkələr və Rusiya, bütövlükdə dünya üçün də mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə müzakirə olunan məsələlər bəşəriyyəti narahat edən məsələlərdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31