Bakıda keçirilən NATO-Rusiya görüşü
Azərbaycan regiondakı nüfuzu, oynadığı rol, nümayiş etdirdiyi mövqeyinə görə, dünyanın əksər ölkələri tərəfindən cəlbeedici dpvlətə çevrilməkdədir. Təsadüfi deyil ki, məhz bütün bu qeyd edilən müsbət məqamlarına görə, dünya dövlətləri Cənubi Qafqazda Azərbaycanı özlərinə etibarlı tərəfdaşı kimi görmək istəyir, onunla əməkdaşlığı hər ötən gün bir qədər də inkişaf etdirməyə çalışırlar. Hətta bir sıra ölkələr üçün Azərbaycan regionda etibarlı strateji müttəfiq sayılır.
8 Sentyabr 2017 13:27 SiyasətBeynəlxalq aləmin Azərbaycana olan inamından irəli gəlir
Azərbaycan regiondakı nüfuzu, oynadığı rol, nümayiş etdirdiyi mövqeyinə görə, dünyanın əksər ölkələri tərəfindən cəlbeedici dpvlətə çevrilməkdədir. Təsadüfi deyil ki, məhz bütün bu qeyd edilən müsbət məqamlarına görə, dünya dövlətləri Cənubi Qafqazda Azərbaycanı özlərinə etibarlı tərəfdaşı kimi görmək istəyir, onunla əməkdaşlığı hər ötən gün bir qədər də inkişaf etdirməyə çalışırlar. Hətta bir sıra ölkələr üçün Azərbaycan regionda etibarlı strateji müttəfiq sayılır. Diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, bu müsbət tendensiya yalnız dövlətlərlə kifayətlənmir. Eyni zamanda dünyanın nüfuzlu təşkilatları, beynəlxalq qurumlar da Azərbaycanla əməkdaşlığa maraq göstərir, regionda onun mövqeyini xüsusi vurğulayırlar. Özü də bu sırada yalnız siyasi yönümlü təşkilat və qurumnları deyil, eləcə də müxtəlif istiqamətdə fəaliyyət göstərən təsisatları görmək mümkündür. İstər hərbi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyurlar. Bir çox hallarda isə həmin təşkilatların, qurumların, ayrı-ayrı dövlətlərin ayrı-ayrı regionlar üzrə mühüm əhəmiyyət kəsb edən görüşlərinin məkanı məhz Bakı seçilir ki, bu da təsadüfi deyil. Daha doğrusu qarşı tərəflərin Azərbaycana verdiyi önəmin təzahürüdür. Elə bu günlərdə Bakıda keçirilən NATO-Rusiya müzakirələri də deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü reallaşır. Bundan əvvəl isə Rusiya və Birləşmiş Ştatların baş qərargah rəisləri Bakıda görüşmüşdülər. Onu da qeyd etmək lazımdır ki, Rusiya və ABŞ baş qərargah rəislərinin Bakı görüşü əsasən Suriyadakı vəziyyətlə bağlı idi. Həmin görüşdə terrorçulara qarşı birgə mübarizə imkanları müzakirə edilmişdi. Hazırda isə Hərbi Alyansla Rusiya arasındakı görüşün Bakıda keçirilməsi əsas diqqət mərkəzindədir. İki güc mərkəzinin Bakı görüşündə təbii ki, Suriya amili də müzakirə oluna bilər. Ancaq görüşün NATO-nun Gürcüstan təlimləri ərəfəsinə təsadüf etməsi, həmçinin Hərbi Alyansın sürətlə şimal qonşumuzun sərhədlərinə doğru irəlilədiyi bir vaxtda baş tutması kifayət qədər maraqlı görünür.
Hərbi rəsmilərinin görüşünün Bakıda keçirilməsinin isə xüsusi əhəmiyyəti var. Bu qeyd etdiyimiz kimi Azərbaycanın Cənubi Qafqazdakı yeri və rolu ilə yanaşı, onun balanslaşdırılmış siyasət həyata keçirlməsi ilə də əlaqədardır. Ən mühüm məqam isə ondan ibarətdir ki, Bakı görüşü həm də Azərbaycanın dünya gücləri üçün etibarlı tərəfdaş olduğunun göstəricisidir. Eyni zamanda bu ölkəmizin mühüm məsələlərin müzakirə edildiyi bir məkan kimi əhəmiyyətini artırır. Elə politoloq Əli Qənbərli də belə düşünür. O, bildirib ki, Azərbaycan son illər ərzində nəinki, bu tip görüşlərə, eyni zamanda müxtəlif istiqamət və məzmunlu beynəlxalq əhəmiyyətli layihələrə ev sahibliyi etmişdir. Onun sözlərinə görə, bu ilk öncə beynəlxalq birliyin Azərbaycana olan inamından irəli gələn bir məsələdir: "Digər amil isə siyasi sabitlik və təhlükəsizlk məsələsidir. Üçüncü amil Azərbaycanın yerləşdiyi coğrafi ərazi ilə bağlıdır. Nəhayət, dördüncü amil isə Azərbaycanın sülhyaratma missiyalarında iştirakı və qlobal təhlükəsizliyin təmin olunmasına verə biləcəyi töhfə ilə əlaqədardır". Əli Qənbərli qeyd edib ki, Azərbaycan həm iqtisadiyyatına, həm yerləşmə mövqeyinə, həm də siyasi reputasiyasına görə Cənubi Qafqazın lider dövlətidir: "Hətta, Birləşmiş Ştatlar və Rusiya rəsmilərinin görüşü burada keçirilməsəydi belə, bu amil dəyişməz olaraq qalacaq. Bütün dünya şahiddir ki, Azərbaycan son illər ərzində necə mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Bu artıq mövqedir. Ölkəmiz bir çox dövlətlərdən fərqli olaraq, açıq şəkildə öz mövqeyini ortaya qoymuşdur". Politoloq qeyd edib ki, NATO və Rusiya hərbi dairələrinin görüşündə əsassən regional problemlər müzakirə edilir: "Amma, özümüzü inandırmağa heç bir lüzum yoxdur ki, Qarabağ məsələsinin həlli istiqamətində bu görüş əhəmiyyətli olacaq. Yenə də deyirəm ki, bu tip görüş birinci dəfə deyil ki, keçirilir". Əli Qənbərli bildirib ki, Azərbaycan hər zaman sülh təşəbbüslərində, vasitəçilik missiyalarında fəal iştirak edib: "Əgər, xatırlayırsınızsa bir zamanlar Rusiya və Türkiyə arasında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra problem yaranmışdı. Azərbaycan bu ölkələri yenidən dialoq masası ətrafına toplaya bildi. Hətta, Türkiyə tərəfi bu yumşalmada Azərbaycanın rolunu xüsusi olaraq qeyd etmişdir. Azərbaycanın bu istiqamətdə kifayət qədər təşəbbüsləri olmuşdur.Görünən odur ki, Azərbaycan gələcəkdə də bu kimi görüşlərin başlıca mərkəzi olacaq".
Süleyman