Əli Əhmədov: "Məqsəd insanların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçirilməsidir"
"Məşğulluq problemi hər bir hökumətin əsas priorietidir və Azərbaycan da istisna deyil". Baş nazirin müavini Əli Əhmədov "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
7 Sentyabr 2017 11:44 Siyasət"Məşğulluq problemi hər bir hökumətin əsas priorietidir və Azərbaycan da istisna deyil". Baş nazirin müavini Əli Əhmədov "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
Baş nazirin müavini bildirib ki, Azərbaycan hökumətinin əsas məqsədlərindən biri əhalinin məşğuluğunu təmin etməkdir: "Görülən işlərin nəticəsidir ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faizə enib. Ümumiyyətlə, sosial hüquqların qorunması bir-biri ilə bağlı məsələdir. İnsanların məşğulluğu təmin edildikdə sonra onların sosial hüquqlarının təmini məsələsini gündəmə gəlir. Bu gün işləyən insanların sosial hüquqlarının müdafiəsi istiqamətində işlər görülür və ciddi nəticələr əldə olunub".
Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycanda qeyri-formal məşğulluqdan formal məşğulluğa keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülür: "Amma yenə də bizim əsas məqsədimiz insanların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçirilməsidir və bunun təmin olunması istiqamətində həyata keçirəcəyimiz layihələr çoxdur. İnsanların maarifləndirməsi bu istiqamətdə atılan addımlaran biridir. Bütün dünyada olduğu kimi bizdə də qeyri-formal məşğulluqla bağlı problemlər var və hazırda bununla bağlı komissiya fəaliyyət göstərir".
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan əhalisi böyük dinamika ilə artır: "Bu hər il Azərbaycanın əmək bazarına 100 mindən çox insanın daxil olması deməkdir. Bu hal qarşımıza böyük vəzifələr qoyur. Çünki biz hər il iş yerlərinin sayını 100 min artırmalıyıq ki işsizliyin səviyyəsi artmasın. Biz kənd və şəhər yerlərində əhalinin işlə təmin olunması vəzifəsini yüksək səviyyədə həyata keçirməliyik. Biz artan əhalinin gələcəyini düşünməliyik ki, bura pensiya, sosial sığortası və digər məsələlər daxildir". Sia.az