Lobbi maraqlarının sifarişçisi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı
Azərbaycan dövlətinin artan iqtisadi və siyasi gücü, həm regionda, həm də beynəlxalq aləmdə söz sahibinə çevrilməsi erməni lobbisi, eləcə də bu lobbinin maliyyəsi ilə fəaliyyət göstərən Qərbdəki, Avropadakı bəzi təsisatları, qeyri-hökumət təşkilat və qurumlarını ciddi şəkildə narahat edir.
6 Sentyabr 2017 13:36 SiyasətVə bu təşkilatın "araşdırmasına" Quran ayəsi kimi yanaşan sapı özümüzdən olan baltalar
Azərbaycan dövlətinin artan iqtisadi və siyasi gücü, həm regionda, həm də beynəlxalq aləmdə söz sahibinə çevrilməsi erməni lobbisi, eləcə də bu lobbinin maliyyəsi ilə fəaliyyət göstərən Qərbdəki, Avropadakı bəzi təsisatları, qeyri-hökumət təşkilat və qurumlarını ciddi şəkildə narahat edir. Məhz bu narahatçılıqdan irəli gələrək müntəzəm olaraq Qərbdə, Avropada Azərbaycan əleyhinə kampaniyalar həyata keçirilir, onun imicinə, nüfuzuna zərbə vurmağa hesablanmış addımlar atılır. Hazırda da belə bir mənfi tendensiya müşahidə edilməkdədir. Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir və 2018-ci ildə Azərbaycan xalqı növbəti müddətə öz prezidentini seçəcək, o zaman bu çirkin kampaniyanın miqyası və əhatə dairəsinin genişlənəcəyi də istisna edilmir. Nədən ki, 2018-ci il seçkilərində də hazırkı dövlət başçısı İlham Əliyevin seçkilərdə qələbə qazanacağı şübhəsizdir. Çünki Azərbaycan cəmiyyəti birmənalı olaraq mövcud hakimiyyətdən razılıq ifadə edir ki, bunu da şərtləndirən başlıca amil məhz Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi 14 il ərzində Azərbaycanın bütün istiqamətlərdə uğurlar, nailiyyətlər əldə etməsidir. Bu səbəbdən erməni lobbisi və onun maliyyəsi ilə çalışan Avropa təsisatları indidən Azərbaycan dövləti və onun prezidentinə, mövcud hakimiyyətə qarşı çirkin kampaniyaya start veriblər. Həmin dairələr ehtiyat edirlər ki, İlham Əliyevin növbəti müddətə prezident seçilməsi Azərbaycanın indikindən bir neçə dəfə inkişaf etməsi, irəli getməsinə gətirib çıxaracaq ki, bu da nəticə etibarilə Bakının diqtə ilə danışmasına, ən əsası Ermənistanı ciddi şəkildə küncə sıxışdırmasına imkan yaradacaq. Bütün bunların baş verməməsi və Azərbaycanın sürətli inkişaf tempinin qarşısının alınması məqsədilə məhz sözügedən antiAzərbaycan kampaniyasının növbəti mərhələsi başlayıb. Bu kampaniyaya keçdiyimiz günlərdə yeni bir "rəng" qatılıb.
Məlum olduğu kimi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatının (OCCRP) saytında yerləşdirilmiş, guya Azərbaycan hakimiyyətinin 2,9 milyard dolları müxtəlif hesablara köçürdüyünü göstərən bank sənədləri Avropanın müxtəlif media qurumları, o cümlədən Danimarkanın "Berlingske" qəzetinə sızdırılıb. Əslində isə bu tip "araşdırma", "yazı"-larının hardan və kimlərdən qaynaqlandığına dair heç bir şübhə yoxdur. Ölkəmizin beynəlxalq imicinin zədələnməsini hədəfləyən qəzet həmin məlumatları OCCRP ilə paylaşıb. Birmənalı olaraq qərəz və iftira üzərində qurulan bu kampaniya Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən də ciddi etirazla qarşılanıb. Belə ki, Dünya Azərbaycanlıları Assambleyası "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı"nın yaydığı "araşdırma" ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda qeyd edilir ki, beynəlxalq hüququ, bütün beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanatlarını ayaqlar altına atan işğalçı Ermənistan hakimiyyəti, beynəlxalq aləm qarşısında etdiyi hüquqsuzluqlara cavab verə bilməyən, Azərbaycanın diplomatik səyləri qarşısında aciz duruma düşən işğalçı və cinayətkar rejimi müxtəlif adlar altında bəzi maraqlı dolayısı yolla diplomatik , hərbi və iqtisadi basqıdan qorumağa çalışan bəzi qüvvələr hədəfi saptırmağa, diqqəti digər istiqamətlərə yönəltməyə cəhdlər edirlər. OCCRP adlanan təşkilatın növbəti addımının da məhz bu səylərin tərkib hissəsi olduğunu hazırlanan bu tipli "araşdırma"lardan görməmək mümkün deyildir. Assambleya hesab edir ki, bu gün Arakanda dünyanın gözü önündə insanlıq dramı yaşanırkən, Yəməndə, Somalidə insanlar su, qida, tibbi ehtiyaclar kimi təbii ehtiyaclarını qarşılaya bilmədiyindən fəlakətlə üz-üzəykən, Suriya, İraq, Əfqanistanda körpələr terrorun qurbanı olur, günahsız sivil insanlar qətl edilirkən, dünyanın gözü qarşısında Dağlıq Qarabağ boyda haqsızlıq varkən müxtəlif qurumların bu tipli "araşdırma"larının məqsədlərini anlamamaq mümkün deyil. Bu tip "yazı", "araşdırma"ların erməni lobbisi tərəfindən idarə olunduğunu sadə bir faktla sübut etmək mümkündür. Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin "Guardian"da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Diaspor təşkilatı hesab edir ki, edilənlərin heç bir faydası yoxdur. Cinayətkarlar, uşaq caniləri, terrorçular öz cavablarını alıblar, almağa da davam edəcəklər. Bu cür səylər Azərbaycanı öz prinsipial mövqeyindən çəkindirməyəcək əksinə işğalçıların öz cavabları almaları baxımından atdığı addımları davam etdirəcəkdir: "Avropalı və yaxud amerikalı maliyyə dəstəyinin mənşəyi bəlli olmayan , əslində isə müxtəlif kəşfiyyat qurumlarının məhsulu olan bu qurumların yaydığı "araşdırmaları", "yazıları", "bəyanatlarını" Quran ayəsi bilən , sapı öz içimizdən olan baltalara isə sözümüz isə budur: özlərini demokrat, ədalət carçısı , hüquq müdafiəçisi elan edən bəzi dövlətlərin alovlandırdığı, Tunis, Misir, Liviya, Suriyada, İraq, Əfqənistan və bir çox ölkələrdə bərqərar etdikləri "demokratiya" sizlərə dərs olmadımı?! Nə vaxta qədər onun bunun maşası olmağa davam edəcəksiniz ?! Unutmaq lazım deyil ki, bu "yazı" çap olunan ölkənin (Danimarka) mətbu orqanlarından bəziləri bir neçə il öncə, milyonlarca inanclı insanların sevgi və hörmət bəslədiyi Məhəməd peyğəmbəri təhqir etməkdən, inanclı insanların hissiyyatı ilə oynamaqdan belə çəkinməmişdilər. Bununla bağlı yüz minlərcə insanlar etiraz etsələrdə yazıların sahibləri ən yüksək formada müdafiə olunmuş, "söz azadlığı" pərdəsi altında dəstəklənmişdilər. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq ictimai təşkilat olan Dünya Azərbaycanlıları Assambleyası hansısa qaranlıq dairələr tərəfindən maliyyələşdirilən bu cür qurumların "araşdırmasını" ictimaiyyəti çaşdırmaq, işğalçı Ermənistanın əlinə əsas verilməsi üçün , mənfur erməni lobbisinin növbəti gedişi hesab edir, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar adından bəyan edirik ki, bu cür addımlar hiddətimizə səbəb olmaqla yanaşı , bundan sonra bu təşkilatla bağlı araşdırmalara başlayacağımızı, belə addımların əsl sifarişçilərinin ortaya çıxarılması istiqamətində lazımı addımlar atacağımızı bəyan edirik. Eyni zamanda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatına müraciət edərək müxtəlif maraqlı dairələrin, lobbi maraqlarının sifarişçisi olmaqdan vaz keçməyə çağırırıq. Eyni zamanda bildirməyi özümüzə borc hesab edirik ki, bu cür heç bir əsası olmayan araşdırmalar Azərbaycan xalqı ilə hakimiyyəti arasında etimadıszlıq mühiti yaratmayacaq, məkrli planlar baş tutmayacaqdır".
Süleyman