Yeni həmsədr Ermənistanın müqavimətini qıra biləcəkmi?
ATƏT-in Minsk qrupunun yeni təyin edilmiş həmsədri Endryu Şofer vəzifəsinin icrasına başlayıb. Ancaq yeni təyinatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhvə verəc biləcəyi məsələsi barədə ziddiyyətli fikirlər səslənməkdədir. Məsələ orasındadır ki, ATƏT-in Minsk qrupu yalnız təkilflər paketi hazırlamaqla məşğuldur. O da məlumdur ki, ortada mövcud olan təkliflərin heç biri tərəfləri yüz faiz razı sala bilməz. Bu halda beynəlxalq təşkilatların təzyiq mexanizmi işə düşməli, münaqişənin ədalətli həllinə səy göstərilməlidir.
31 Avqust 2017 14:39 SiyasətMinsk qrupu niyə təzyiq vasitələrinə əl atmır?
ATƏT-in Minsk qrupunun yeni təyin edilmiş həmsədri Endryu Şofer vəzifəsinin icrasına başlayıb. Ancaq yeni təyinatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhvə verəc biləcəyi məsələsi barədə ziddiyyətli fikirlər səslənməkdədir. Məsələ orasındadır ki, ATƏT-in Minsk qrupu yalnız təkilflər paketi hazırlamaqla məşğuldur. O da məlumdur ki, ortada mövcud olan təkliflərin heç biri tərəfləri yüz faiz razı sala bilməz. Bu halda beynəlxalq təşkilatların təzyiq mexanizmi işə düşməli, münaqişənin ədalətli həllinə səy göstərilməlidir. Təəssüf ki, indiyə qədər belə bir halın şahidi olmamışıq. Çünki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsini Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verərək problemdən çıxış yolunu tərəflərin öz üzərinə atırlar. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsinin kökündə qonşu dövlətin ərazi iddiaları durur. Azərbaycan torpaqlarının işğalı, məlum təcavüz də məhz həmin iddiaları gercəkləşdirməkdən ibarətdir. Təəssüf ki, 1992-ci ildə Helsinkidə qəbul olunmuş sənəddə bu problem Dağlıq Qarabağ münaqişəsi kimi qiymətlənirilib. Siyasi ekspertlər hesab edirlər ki, əslində isə bu münaqişə lap əvvəldən beynəlxalq xarakterli münaqişə olub. Ancaq təəssüflər olsun ki, Helsinkidə bunu Dağlıq Qarabağ münaqişəsi kimi adlandırdılar. Bu, ədalətsizlik və ikili standartların nəticəsi idi. Çox təəssüflər olsun ki, o zamankı hakimiyyət də bu ədalətsizliyin qarşısını ala bilmədi. Amma bu münaqişə Dağlıq Qarabağ münaqişəsi deyil, Ermənistan-Azərbaycan münaqişəsidir, Ermənistanın Azərbaycana təcavüzüdür. Artıq 25 ildir ki, ATƏT-in Minsk qrupu bu prosesi, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesini aparır, amma bu müddət ərzində hər hansı təsirli addım atılmayıb. Baxmayaraq ki, 1994-cü ildə atəşkəs sistemi yaradılıb, amma Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Məqsəd odur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin. Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib. Hazırda Avropa İttifaqı bu gün 1 milyon qaçqının qarşısında özünü itirib, ancaq Azərbaycan təkbaşına qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib. Ermənistanın aprel ayının əvvəlində ağır silahlardan istifadə etməkdə məqsədi məhz yeni məcburi köçkün axını yaratmaq olub. Təəssüf ki, Minsk qrupunun həmsədrləri seyrçi mövqe tutaraq bunun bunun çox ağır nəticələrinin ola biləcəyinin fərqində varmayıblar. Sössüz ki, dünya birliyi, Avropa İttifaqı, dünyanın aparıcı dövlətləri bunun nəticələrini dərk etməmiş deyillər. Halbuku onlar hətta atəşkəsin əldə edildiyi dövrdə təcavüzkar dövlətin əsl simasını dəfələrlə görüblər.
Politoloq Rüstəm Məmmədov deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərin dəyişməsi həmsədr dövlətlərdə keçirilən seçkilərlə bağlı idi. Belə ki, ABŞ-da yeni prezidentin seçilməsi, administrasiyanın təzələnməsi həmsədrin də yenilənməsini labüd edirdi. Həmsədrlərin yenilənməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, R.Məmmədov söyləyib ki, ABŞ-da prezidentin kimliyindən asılı olmayaraq dövlətin xarici siyasəti dəyişilməzdir: "ABŞ öz xarici siyasətini əvvəlcədən planlaşdırıb və addımlarını da buna uyğun şəkildə atır. Bu baxımdan düşünürəm ki, həmsədrlərin dəyişməsi münaqişənin həllinə təsir edə bilməz". ABŞ-ın müvəqqəti həmsədri Riçard Hoqland tərəfindən münaqişənin həli ilə əlaqədar təklif etdiyi planın ölkəmizin mövqeyinə uyğun gəldiyini deyən R.Məmmədov söyləyib ki, lakin burada əsas məsələ verilən təklifin əməli həyata keçirilməsidir: "Ola bilsin ki, verilən təklif bizim mövqeyimizə uyğun gəlsin. Lakin ortada Ermənistana qarşı heç bir sanksiya həyata keçirilmirsə, demək ki planın reallaşmasından söhbət gedə bilməz. İndiyədək bu cür planlarla bağlı bir neçə dəfə təklif irəli sürülüb. Amma nəticədə heç biri reallaşmayıb". Politoloq qeyd edib ki, ümumiyyətlə yaxın müddət ərzində münaqişənin həlli ilə bağlı müsbət tendensiya görünmür: "Çünki ortada nə Rusiyanın, nə digər həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli bağlı səyləri görünmür". Politoloq Qabil Hüseynli isə hesab edir ki, ATƏT-in Minsk qrupunun yeni təyin edilmiş həmsədri Endryu Şofer münaqişənin həlli ilə bağlı proseslərə yeni nəfəs gətirə bilər. Onun sözlərinə görə, əvvəlki həmsədrin ABŞ-ın Dağlıq Qarabağa dair mövqeyini açıqlaması prosesin həlli istiqamətində müsbət məqamların yaranmasına səbəb olub: "ABŞ münaqişənin siyasi anatomiyasını daha düzgün dərk edərək və buna uyğun siyasi mövqe hazırlayaraq həll variantına daxil etməklə, bir növ, irəliləyişə nail olmaq istəyir. Əvvəlki həmsədr danışıqlar prosesini dalandan çıxartmağa çalışıb. Yeni həmsədrin də öz ölkəsinin verdiyi mesaja, platformaya uyğun hərəkət edəcəyi şübhəsizdir. Ümumiyyətlə, amerikalı həmsədrlərin bir çoxu bu prosesdə daha inqilabi fikirlər irəli sürüblər və belə görünür ki, yeni həmsədr də bunların ənənələrini davam etdirmək fikrindədir. Xüsusilə, hökumətin özü də həll variantına başqa bucaq altında baxmağa başlayıb. Bütün bunlar prosesin dalandan çıxarılacağına və prosesə əngəl törədən qüvvələrin müqavimətinin qırıla biləcəyinə müəyyən ümidlər yaradır".
Nurlan