Deputat hiddətləndi: "Özfəaliyyəti təcili dayandırmağa və belə xəbərləri silməyə çağırıram"

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, YAP-nın şöbə müdiri Aydın Mirzəzadə avqustun 27-də Bakı-Quba yolu yaxınlığında, Xızı rayonundakı N saylı hərbi hissənin silah anbarında baş vermiş partlayışla bağlı ictimaiyyətə çağırış edib.

Onun fikrincə, hadisə ilə bağlı düşünülməmiş xəbərlər yaymaq doğru deyil və bu düşmənlərimizin işinə yarayır:

"Bakı-Quba yolu yaxınlığında N saylı hərbi hissədə silah anbarındakı partlayış bütün Azərbaycanı narahat etdi. Dövlətimizin operativ reaksiyası və görülən tədbirlər nəticəsində problemi tez bir zamanda aradan qaldırmaq mümkün oldu. Ancaq bununla belə, artıq ayrı-ayrı saytlarda və bəzi sosial şəbəkə istifadəçilərinin səhifələrində hadisə ilə bağlı özlərinin topladığı şəkillər paylaşılır, təfsilatlı açıqlamalar verilir.

Mən hər kəsi belə özfəaliyyəti təcili dayandırmağa, belə xəbərləri silməyə və rəsmi xəbərlərdən kənar informasiya yaymamağa çağırıram.

 

Ehtiyatsız verilən xəbər və ya şəkil düşmən olan Ermənistan üçün qiymətli tapıntıdır, onun sosial şəbəkələrimizi izləyən orqanları kimlərinsə şöhrətpərəstliyindən asanlıqla istfadə edə bilər.

Dostlar! Dövlət üçün məsuliyyətli olun, düşmənə fürsət verib hərbi sirlərimizi yaymayın!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31