Dağlıq Qarabağ münaqişəsinin həllindəki canlanmanın əsas məqamları- ŞƏRH
“Sentyabr ayında Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb. Görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən təkliflər də irəli sürülür. Təkliflərdə həm torpaqlarımızın işğaldan azad olunması, həm də danışıqlar prosesinin mərhələli şəkildə davamı və digər məsələlər öz əksini tapır. Amerikalı müvəqqəti həmsədr Riçard Hoqlandın söylədiyi 6 bənddən ibarət plan da onlardan biridir”.
24 Avqust 2017 15:28 Siyasət"Sentyabr ayında Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb. Görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən təkliflər də irəli sürülür. Təkliflərdə həm torpaqlarımızın işğaldan azad olunması, həm də danışıqlar prosesinin mərhələli şəkildə davamı və digər məsələlər öz əksini tapır. Amerikalı müvəqqəti həmsədr Riçard Hoqlandın söylədiyi 6 bənddən ibarət plan da onlardan biridir". Bunu politoloq Fikrət Sadıqov deyib.
Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən canlanmanın müşahidə olunduğunu dilə gətirən politoloqun sözlərinə görə, hazırda 6 bənddən ibarət planın konkret nədən ibarət olduğunu açıqlamaq çox çətindir. Münaqişənin həllindəki canlanmanı bir neçə məqamla izah edən F.Sadıqov söyləyib ki, Azərbaycan ilk növbədə bütün, ən əsası da həmsədr ölkələrə sübut etdi ki, istənilən vaxt torpaqlarını işğaldan azad edə bilər: "Bunu ötən ilin aprel döyüşləri, eləcə də digər hadisələr sübut etdi. Digər tərəfdən həm ABŞ, həm də Fransada seçilən yeni dövlət başçılarının təfəkküründə müəyyən dəyişikliklərin olduğunu görürük. Hiss olunur ki, yeni prezidentlər hansısa yenilik gətirməklə yanaşı münaqişənin həllində nəticənin əldə olunmasının tərəfdarıdırlar. Bütün bunlar Azərbaycanın xeyrinə olan məsələlərdir. Təbii ki, bu məsələlərin arxasında ölkəmizin gücü, iradəsi diplomatik uğurları dayanır". Politoloq hesab edir ki, məhz 6 maddədən ibarət plan da Azərbaycan torpaqlarının işğaldan azad edilməsini nəzərdə tutur: "Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas addım torpaqlarımızın işğaldan azad olunması prosesi olmalıdır. Bu baxımdan planda sağlam düşüncəli bir ideyaların olduğunu düşünürəm. Bir neçə gün bundan öncə Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşü də bu məqsədə xidmət edirdi. Artıq Ermənistan başa düşməlidir ki, digər dövlətin torpağını əbədi olaraq işğal etmək mümkün deyil. Bunun özü düşmən ölkənin maraqlarına birbaşa zərbədir. Azərbaycan artıq regionda güclü oyunçuya çevrilib. Bütün bunlar hesab edirəm ki, məsələnin həlli ilə bağlı qərarın qəbul edilməsini vadar edir". Sia.az