Deputat: "İşğal faktoru aradan qalxmadıqca, sərhədlər açıla bilməz"
“Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə söylənən fikirlər düşmən ölkənin təxribatından başqa bir şey deyil”. Bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rövşən Rzayev deyib.
23 Avqust 2017 12:19 Siyasət"Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə söylənən fikirlər düşmən ölkənin təxribatından başqa bir şey deyil". Bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rövşən Rzayev deyib.
Deputatın sözlərinə görə, əgər Ermənistan dünyəvi dövlət olmaq istəyirsə, o zaman orta əsrə aid olan düşüncələrindən əl çəkməlidir: "İşğalçılıq siyasətindən əl çəkərək silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxartmalıdır. Yalnız bundan sonra Ermənistan sərhədlərin açılması ilə bağlı hər hansı düşüncə irəli sürə bilər. Düşmən ölkə ərazilərimizi işğaldan azad etmək əvəzinə, hər hansı bir addımın Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı bir xələlin gələcəyini düşünürsə, demək bu, təxribat xarakteri daşıyır".
R. Rzayev qeyd edib ki, Azərbaycan-Türkiyə, eləcə də dövlət başçıları arasında olan qardaşlıq. birlik münasibətləri əbədidir: " Çünki, həm dövlət, həm də xalqlar arasında o qədər sıx əlaqə var ki, bu münasibətlərə heç bir qüvvə xələl gətirə bilməz".
"O ki qaldı Türkiyənin sərhədlərin açılması ilə bağlı mövqeyinə, həm dövlət başçısı həm də digər rəsmi şəxslər bəyan ediblər ki, Türkiyə-Ermənistan sərhədləri yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açıla bilər. Çünki sərhədlər işğal faktoruna görə bağlanıb, yalnız məsələ həllini tapdıqdan sonra gündəmə gələ bilər. Bu baxımdan hesab edirəm ki, düşmən ölkə tərəfindən yayılan informasiyaların heç bir əsası yoxdur"- deyə, deputat əlavə edib.