Azərbaycanda ərzaq təhlükəsizliyi təmin ediləcək
On ildən artıq bir müddətdə hökm sürən qlobal maliyyə böhranı bütün dünyada tüğyan etməkdədir. İqtisadi böhranın nəticəsi olaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neftlə zəngin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Nətta inkişaf etmiş ölkələr belə bu təsirdən kənarda qalmayıb.
22 Avqust 2017 14:17 SiyasətPrezident: " Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq"
On ildən artıq bir müddətdə hökm sürən qlobal maliyyə böhranı bütün dünyada tüğyan etməkdədir. İqtisadi böhranın nəticəsi olaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neftlə zəngin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Nətta inkişaf etmiş ölkələr belə bu təsirdən kənarda qalmayıb. Eyni zamanda,siyasi və hərbi böhranın xeyli dərinləşməsi dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr, risklər, təhdidlər artmaqda davam edir. Belə bir şəraitdə istənilən ölkənin ərzaqla təminatı vacib məsələyə çevrilir. Məlumat üçün qeyd edək ki, Azərbaycan bu gün belə bir mürəkkəb ictimai-iqtisadi şəraitdə özünün dayanıqlı inkişafını inamla davam etdirir. Heç şübhəsiz ki, yeni tarixi şəraitdə ölkənin sürətli iqtisadi inkişafının təmin olunmasında, dünya standartlarına yaxınlaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin əhəmiyyəti danılmazdır. Məhz dövlət başçısının ciddi cəhdi nəticəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə respublikanın ayrı-ayrı bölgələrində yeni-yeni kənd təsərrüfatı təyinatlı müəssisələr tikilib istifadəyə verilir. Xatırladaq ki, aqrar sahədə problemlərə kompleks, məqsədyönlü yanaşma istiqamətində atılan addımların nəticəsi olaraq, Prezident İlham Əliyevin hələ 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, onun regional bölmələri, habelə tabeliyindəki elmi-tədqiqat institutları yenidən qurulub və müasir laboratoriya avadanlığı ilə təchiz olunub. Avqustun 19-da isə Göygöl rayonunda Kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir. Nəzərə almaq lazımdır ki, bu tipli müəssisələrin mövcudluğu kənd təsərrüfatının inkişafını təmin etməklə bərabər, ərzaq təhlükəsizliyinin təmin olunmasında da müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyev sözügedən mərkəzin açılış mərasimi zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə qeyd edib ki, Kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzinin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var: "Mənə indi göstərilən avadanlıq, imkanlar deməyə əsas verir ki, biz yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq. Çünki qarşımızda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdan ibarətdir". Prezident Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsinin də heyvandarlıqda ciddi artıma gətirib çıxaracağını qeyd edib: "Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə, məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir. Amma biz elə etməliyik ki, özümüzü süd məhsulları ilə tam təmin edək və ixrac potensialımızı da artıraq. Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində biz bir neçə il ərzində buna nail olacağıq".
Dövlət başçısının təbiri ilə desək, hazırda Azərbaycanda bütün sahələrə, xüsusən kənd təsərrüfatı sahəsinin inkişafına yeni yanaşma tətbiq edilməkdədir. Bu yanaşma demək olar ki, kənd təsərrüfatının bütün sahələrini əhatə etməkdədir. Əsas məqsəd məhsuldarlığın artırılmasına hədəflənib ki, heç şübhəsiz ki, bu da son nəticədə ərzaq təhlükəsizliyinin təmin edilməsində öz töhvəsini verəcək. Təsadüfi deyil ki, dövlət başçısı qeyd edib ki, toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları bu məqsədə çatmaq üçün imkan yaradacaq: "Çünki fermerlər, iş adamları, kəndlilər artıq biləcəklər ki, hansı toxumdan istifadə etmək lazımdır, hansı aqrotexniki tədbirlər görülməlidir, hansı torpaq sahəsində hansı gübrələrdən istifadə olunmalıdır. Ərzaq təhlükəsizliyi məsələləri də bu laboratoriyalar vasitəsilə təmin ediləcək. Belə laboratoriyalar 12 bölgədə yaradılır. Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq. Çünki Azərbaycanın ərazisi, əlbəttə, imkan vermir ki, biz böyük həcmdə yeni əkin sahələrini dövriyyəyə cəlb edək. Halbuki biz bunu edirik, xüsusilə meliorativ tədbirlər nəticəsində". Etiraf edilməlidir ki, qısa bir müddətdə ölkədə aqrar islahatların hüquqi bazasının yaradılması və onların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin hazırlanıb. Məhz bunun nəticəsində aparılan proseslərin daha da inkişafına münbit şərait yaradılıb. Azərbaycanda aqrar sahədə aparılan məqsədyönlü hüquqi və iqtisadi islahatlar respublikamızın ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayıb. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair çoxşaxəli tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları qəbul edir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri sayılır. Dövlət başçısı qeyd edib ki, hazırda kənd təsərrüfatı hökumət üçün prioritet sahədir: "Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görülüb. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq".
Onu da qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sahəsini daha da inkişaf etdirmək üçün kifayət qədər potensial mövcuddur. Ölkənin coğrafi mövqeyindən tutmuş iqlim qurşağına qədər bütün mövcud imkanlar deməyə əsas verir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması üçün heç bir problem yoxdur. Son zamanlarda aqrar sahənin inkişafı deməyə əsas verir ki, Azərbaycan ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa etməklə nəinki ərzaq təhlükəsizliyini təmin edəcək, hətta kənd təsərrüfatı məhsullarının ixracatçısı ölkəsinə çevriləcək.
Zəka