Erməni təxribat maşını Azərbaycana qarşı səfərbər olub
Erməni təxribat maşını var gücü ilə Azərbaycana qarşı səfərbər olub. Həm düşmən ölkə ərazisində, həm də xaricdə erməni lobbisinin maliyyə dəstəyi ilə dərc edilən kütləvi informasiya vasitələri, qəzetlər və informasiya portallarında hazırda əsas diqqət bir məsələyə yönəlib. Azərbaycan barədə yalan məlumatlar, xəbərlər dövriyyəyə buraxmaq və bununla da cəmiyyətimizdə çaşqınlıq, təşviş yaratmaq. Hazırda Rusiyadan Avropaya, Qərbdən Şərqə doğru hər bir regionda erməni lobbisi və erməni təxribat maşını məhz bu istiqamətə köklənib.
21 Avqust 2017 14:57 SiyasətMəqsəd yalan məlumatlar yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmaqdır
Erməni təxribat maşını var gücü ilə Azərbaycana qarşı səfərbər olub. Həm düşmən ölkə ərazisində, həm də xaricdə erməni lobbisinin maliyyə dəstəyi ilə dərc edilən kütləvi informasiya vasitələri, qəzetlər və informasiya portallarında hazırda əsas diqqət bir məsələyə yönəlib. Azərbaycan barədə yalan məlumatlar, xəbərlər dövriyyəyə buraxmaq və bununla da cəmiyyətimizdə çaşqınlıq, təşviş yaratmaq. Hazırda Rusiyadan Avropaya, Qərbdən Şərqə doğru hər bir regionda erməni lobbisi və erməni təxribat maşını məhz bu istiqamətə köklənib. Təkcə son 10 gün ərzində erməni təxribat maşını bir-birinin ardınca Azərbaycan barədə şər-bəhtan, yalan məlumatlar yayıb ki, həmin məlumatların da məğzi və əsas hədəfi cəmiyyətdə ziddiyyət, qarşıduma yaratmağa yönəlib. Məlumat üçün qeyd edək ki, ilk prosesə İsraildə fəaliyyət göstərən erməni loibbisi start verdi və bu ölkədə nəşr olunan məşhur "Haarets" qəzetinin saytında biri-birinin ardınca Azərbaycan barədə heç də xoş olmayan məqalələr dərc edildi. Əgər birinci yazıda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və onun ailəsi hədəf götürülmüşdüsə, ikinci yazıda isə Bakı-Təl-Əviv münasibətlərinə kölgə salmaq cəhdi aydın şəkldə sezilirdi. Belə ki, sözügedən qəzetdə yayınlanan növbəti məqalədə ciddi cəhdlə İsrail-Azərbaycan hərbi əməkdaşlığına zərbə vurmağa çalışılırdı ki, lakin ermənilərin bu istəyi həmişəki kimi gerçəkləşmədi. Məqalədə göstərilən məqamlar elə Təl-Əviv tərəfindən təkzib olundu.
Erməni təxribat maşının daha bir yalanı prezidentlərin görüşü ilə bağlı oldu. Belə ki, ortada heç bir razılıq olmadan Ermənistan mətbuatı və İrəvana xidmət edən bəzi Avropa KİV-ləri iddia etdilər ki, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin sessiyada iştirak etməyəcəyi bildirilir. Bəs belə olan halda erməni tərəfinin guya prezidentlərin Nyu-Yorkda görüşəcəyi barədə xəbər yayması nəyə hesablanıb? Təbii ki, Azərbaycan barədə mənfi rəy formalaşdırmağa. Yəni, bununla erməni təxribat maşını belə bir görüntü yaratmağa və rəy formalaşdırmağa çalışır ki, Azəbaycan tərəfi danışıqlar prosesindən yayınır.
Ermənistanın növbəti təxribatı, dezinformasiyası isə ötən günlərdə dövriyyəyə girdi. Belə ki, düşmən tərəfi Azərbaycanın baş qərargah rəisi Nəcməddin Sadıkovun imzası ilə aprel savaşında həlak olan döyüşçülərimizin dəfələrlə şişirdilmiş sayını göstərən sənədi yaydılar. Bu arada onu qeyd etmək yerinə düşər ki, sənədin saxta olduğu onda olan orfoqrafik səhvlərdən belə aydın görünür. Qeyd etdiyimiz son cəhd erməni təxribat maşınının ən əsas silahı sayıla bilərdi. Yəni, ermənilər güman edirdilər ki, məhz həmin sənədin yayılmasından sonra əsgər valideynləri ayağa qalxacaq və Azərbaycan Müdafiə Nazirliyindən, eləcə də digər rəsmi qurumlardan izahat tələb edəcəklər. Lakin göründüyü kimi erməni təxribat maşının son silahı da hədəfi nişan ala bilmədi. Və Azərbaycan cəmiyyəti saxta, yalan bir xəbərə heç bir reaksiya bildirmədi. Baş verən erməni təxribatları ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanda əməlli-başlı dezinformasiya maşını işləyir və onlar tez-tez Azərbaycan əleyhinə xəbər hazırlayıb bizim məkanda yaymağa çalışırlar. Politoloqun sözlərinə görə, bu işdə ermənilərə Rusiyadakı əlaltıları da kömək edirlər: "Ermənistanla informasiya müharibəsi şəraitində olduğumuzdan onların hər xəbərini yaymamalıyıq. Ancaq Azərbaycan əleyhinə yayılan xəbərləri də boş buraxmaq olmaz, dərhal reaksiya verilməlidir. Bu ona görə lazımdır ki, dezinformasiyanın "həqiqətə" çevrilməsinin qarşısı alınsın, şayiələrə yol verilməsin".
Göründüyü kimi diplomatik və hərbi sahədə uğursuzluqla üzləşən Ermənistan bunun əvəzini ənənəvi yolla, dezinformasiya yaymaqla çıxmağa çalışır. Düşünür ki, informasiya mübarizəsi ilə Azərbaycana hansısa zərəri vuracaq, onu ləkələyəcək.
Məhəmməd