Xaricdən maliyyələşən fitnə ocaqları
Siyasi baxımdan Azərbaycanda istədiklərinə nail ola bilməyən, ölkədəki mövcud sabitliyi pozmaqda aciz görünən Qərbdəki bəzi antiAzərbaycan dairələr, erməni lobbisi və onların daxildəki əlaltıları indi də istiqaməti din faktoruna yönəldiblər. Əslində indi demək də doğru olmazdı.
21 Avqust 2017 14:55 SiyasətVə onların ölkədə dini xaos, dözümsüzlük nümayiş etdirmək cəhdi
Siyasi baxımdan Azərbaycanda istədiklərinə nail ola bilməyən, ölkədəki mövcud sabitliyi pozmaqda aciz görünən Qərbdəki bəzi antiAzərbaycan dairələr, erməni lobbisi və onların daxildəki əlaltıları indi də istiqaməti din faktoruna yönəldiblər. Əslində indi demək də doğru olmazdı. Artıq bir neçə ildir ki, Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa, bununla ölkədəki siyasi sabitliyi pozmağa, nəticə etibarilə Azərbaycanı da "demokratiya" dalğasının hökm sürdüyü Suriya, Liviya, İraqın gününə salmağa cəhdlər edilir. Ölkəyə xaricdəki maraqlı qüvvələr tərəfindən təfriqəçi dini qrupların ixrac edilməsi, onların siyasi müxalifətin kütləvi aksiyalarında peyda olması, müntəzəm olaraq ölkənin dini kəsimi arasında ziddiyyət yaratmağa hesablanmış süni şəkildə problemlərin yaradılması deyilənlərin sübutudur. Düzdür, müvafiq dövlət qurumları, həmçinin ölkənin sağlam əqidəli din adamları bu kimi mənfi hallara qarşı mübarizə aparıb yaranmış xoşagəlməz situasiyanı Azərbaycandan uzaqlaşdırmağa çalışsalar da, lakin qarşı tərəf də təxribatçı hərəkətlərində israrlı görünür. Və maksimum dərəcədə ölkədə dini zəmində qarşıdurma yaratmağa çalışılır. Xüsusilə, din pərdəsi altında gizlənən antiAzərbaycan qüvvələr bu prosesdə gənclərdən istifadə etməyi qarşıya məqsəd qoyub və müəyyən şirnikləşdirici vədlərlə gəncləri öz ətraflarına cəlb etməyə cəhd edirlər. Azərbaycanda mövcud olan tolerant mühit, dini dözümlülüyün də bu prosesə müəyyən mənada təsiri var. Belə ki, ölkəmizdə dini dözümlülük, dini plüralizm, tolerantlıq mövcud olduğu üçün həmin dairələr də bundan sui-istifadə edərək burada öz təxribatçı əməllərini həyata keçirməyə maraqlı görünürlər. Bir növ dünyaya nümunə olan dini dözümlülüyümüz və tolerantlığımız təxribatçı qruplaşmaların işinə yarayıb.
Elə əksər ilahiyyatçılar, ölkənin sağlam ruhda fəaliyyət göstərən din adamları da bu qənaətdədirlər. İlahiyyatçı Hacı Ceyhun Şükürov deyib ki, dini təriqətlər, məzhəblər və dini mənhəclər poliqonuna çevrilən Azərbaycan və onun gəncliyinin halı çox düşündürücüdür. Onun sözlərinə görə, xaricdən maliyyələşən bir çox fitnə ocaqları və onların buradakı əlaltıları insanlarımızı çox pərişan hallara salıblar: "Mütəşəkkil formada öz işlərini məharətlə icra edən bu "dinbazlar" hər cür fitnə və fəsada əl ataraq normal dini atmosferi korlamaq, respublikada sanki dini bir xaos, dini dözümsüzlük nümayiş etdirməyə cəhd göstərirlər. Bəzi niyyəti saf sadəlövh dindarlar bu qaragüruhun fətvasına uyaraq təfriqəçilik ayrıseçkilik, bəzi ərəb ölkələrinin abı-havalarını buraya sirayət etməsinə çalışırlar". Hacı Ceyhun Şükürov deyib ki, onsuz da hər tərəfdən dini maarifçilikdən uzaq qalan əksər dindarlar bu fəlakətə sürüklənməkdədirlər: "Sadəcə bunun nəticəsini düşünmək belə istəmirlər. İlk əvvəllər dini təfriqəçiliyi meydana sürənlər indi də təkfir və hizbiçilik fitnəsindən məharətlə istifadə edərək dini baxımdan cahil və avam insanları bu bataqlığa sürükləyirlər. Xarici xüsusi xidmət orqanlarının apardıqları "xüsusi" əməliyyatlar və o əməliyyatların buradakı "icraçıları" istədiklərini çox rahatçılıqla yerinə yetirə bilirlər. Bir az öncə bir-birinə can deyib can eşidənlər indi bir-birilərinə düşmən kəsiliblər. Bu hal heç də ürəkaçan bir mənzərə deyil. Bunun acı nəticələri, eyni əqidə və mənhəcə mənsub olan sadə dindarlara çox pis təsir edəcəkdir. Bunun çıxışı yolu yalnız bütün təfirəqələrə aparan insanları dözümsüzlüyə vadar edən hər bir ideologiyanı tərk edib Quranın və Peyğəmbərinin gətirdiklərinin əslinə qayıtmaqdır. Kimlərinsə yolu deyil, Allah Rəsulunun yoluna - onun bizə tövsiyələrinə əməl etməklə onun bizdən uzaqlaşmsını tələb etdiyi qadağanları tərk etməklə bu bəladan uzaqlaşa bilərik".
İlhaiyyatçı Əkrəm Həsənov isə hesab edir ki, bu kimi mənfi halların qarşısını almaq, gənclərin təfriqəçi dini qrupların təsiri altına düşməsini önləmək üçün orta məktəblərdən bu iş aparılmalı və yetişməkdə olan gənc nəslə əsl İslam, din tədrisi öyrədilməlidir: "Orta məktəblərdə dinin tədris olunması bizim gənclərimiz üçün böyük effekt yaradacaq. Xüsusilə vurğulamaq lazımdır ki, uşaqlıq çağları, yeniyetməlik dövrü uşaqlar üçün ağ səhifə adlandırılır. Bu həm də həqiqəti əks etdirir. Həmçinin gənclikdə mənimsənilən müəyyən bilgilər ömür boyu insanın kamil qalmasını təmin edir. Xüsusi ilə uşaqlığın ən parlaq səhifəsi məktəb çağlarıdır. Bu çağlarda digər elmlərlə yanaşı uşaqlarımıza əxlaq, tərbiyə, müəyyən dinlər haqqında xüsusi bilgilər, bunun yanında da islam dini xülasə olaraq öyrədilməlidir. Qurani Kərim elə bir kitabdır ki, onun haqqında, onun fəziləti haqqında, onun oxunması haqqında cəmiyyətimiz həqiqətən də çox az elmə malikdirlər. Bunun hamısı ona qarşı səhlənkarlıqdan, yaxud oxuyanların onu yaxşı təbliğ etməməsindən, bizim cəmiyyətin onu yalnız yas məclislərində oxunmasını görmələrindən irəli gəlir. Bizim bildiyimiz və bilmədyimiz bir çox batil inancların təzahürlərindəndir ki, cəmiyyətimiz, bizim müsəlmanların bir çoxu, əsasən xalqımızın bəzi nümayəndələri Qurana qarşı çox səhlənkardırlar".
Süleyman