Radikalların Avropa macəraları
Seçki ili yaxınlaşdıqca siyasi cameədə hərəkətlilik də artır. Əslində bu normal bir haldır. Çünki istənilən ölkədə fəaliyyət göstərən siyasi partiyalar hələ seçkiyə qeyri-rəsmi olsa da bir neçə il əvvəldən strat verirlər. Siyasi dillə desək bir seçkinin bitməsi digər bir seçkiyə hazırlıq anlamı verir. Qeyd etdiyimiz kimi Azərbaycanda da artıq xeyli müddətdir ki, müxtəlif siyasi partiyalar tərəfindən 2018-ci ilin prezident seçkilərinə hazırlıq prosesinə başlanılıb.
16 Avqust 2017 14:51 SiyasətYaxud sabun köpüyü effekti verən antiAzərbaycan fəaliyyət
Seçki ili yaxınlaşdıqca siyasi cameədə hərəkətlilik də artır. Əslində bu normal bir haldır. Çünki istənilən ölkədə fəaliyyət göstərən siyasi partiyalar hələ seçkiyə qeyri-rəsmi olsa da bir neçə il əvvəldən strat verirlər. Siyasi dillə desək bir seçkinin bitməsi digər bir seçkiyə hazırlıq anlamı verir. Qeyd etdiyimiz kimi Azərbaycanda da artıq xeyli müddətdir ki, müxtəlif siyasi partiyalar tərəfindən 2018-ci ilin prezident seçkilərinə hazırlıq prosesinə başlanılıb. Artıq bir neçə müxalifət partiyası prezident seçkiləri ilə əlaqədar mövqeyini müəyyənləşdirib, seçki mübarizəsinə qoşulacaq namizədinin adını açıqlayıb. Bu siyasi mübarizənin prinsiplərinə tam uyğun olan bir prosesdir. Və heç kim də buna görə seçkiyə hazırlaşan partiyalarda nöqsan axtarmır. Ancaq hər seçki ilində olduğu kimi 2018-ci ilin prezident seçkiləri ərəfəsində də fərqli mənzərəyə şahid oluruq. Yəni, xarici dairələrin xeyir-duası ilə siyasi proseslərə qoşulmaq tendensiyası. Yenə də bu cinahda yer alan radikal düşərgədir. Konkret desək bir vaxtlar Milli Şura adlı qurumun çətiri altında toplaşmış Əli Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası. Uzun illərin uğursuz təcrübəsindən nəticə çıxarmayan AXCP və Müsavat Partiyası yenə də seçkiyə xarici dəstək fonunda hazırlaşır. Son vaxtlar sözügedən iki partiyanın Avropada apardığı iş bunu təsdiqləyir. Özü də bu proses iki istiqamətdə özünü büruzə verir. Birincisi, Avropada Azərbaycan barədə mənfi rəy formalaşdırmaq, hakimiyyəti yerli-yersiz tənqid etmək, ölkəmizin nüfuzuna xələl gətimrək. İkincisi, yuxarıda qeyd etdiyimiz kimi xaricdən dəstək almaq.
Birinci istiqamət üzrə yenə də aktiv oyunçu AXCP sədri Əli Kərimli və onun Avropaya səpələnmiş emissarlarıdır. Müxtəlif adlar altında qoca qitənin bir çox ölkələrinə səpələnmiş Kərimıli tərəfdarları məhz AXCP sədrindən aldıqları təlimatlar əsasında Avropada Azərbaycan barədə mənfi rəy formalaşdırmaqla məşğuldurlar. İstər şəxsi facebook səhifələrində, istərsə də Avropadakı erməni lobbisinin maliyyə dəstəyi ilə işıq üzü görən qəzet və digər informasiya vasitələrində Azərbaycanın ünvanına əsassız fikirlər səsləndirən cəbhəçilər bununla mövcud hakimiyyət barədə mənfi rəy formalaşdıracaqlarına ümid bəsləyirlər. Yəni, Roma papasından daha çox katolik kimi Azərbaycana erməni lobbisindən artıq zərbə vurur, onu nüfuzdan salmaq üçün ən alçaq hərəkətlərdən belə istifadə edirlər.
İkinci istiqamət üzrə isə qeyd etdiyimiz kimi Müsavat Partiyası fəaliyyət göstərir. Cəbhəçilər və onların lideri Əli Kərimlidən fərqli olaraq Müsavat Partiyası konkret hakimiyyətə gəlmək üçün xarici dairələrdən dəstək axtarır. AXCP sədrinin hakimiyyətə gəlməkdən daha çox, Azərbaycanın nüfuzuna zərər vurmaq siyasətinin məqsədinə aydınlıq gətirməyə də ehtiyac var. Belə ki, Əli Kərimliyə gün kimi aydındır ki, prezidentliyə namizəd olsa belə, təkcə daxildən deyil, eləcə də xaricdən heç bir dəstək ala bilməyəcək. Çünki AXCP sədrinə bir siyasi fiqur kimi Qərbdə, Avropada heç bir inam yoxdur, onun perspektivini görmürlər. Bunu şərtləndirən isə bir neçə məqam var. Birincisi, Əli Kərimli ingilis bayrağına xas xüsusiyyətə malikdir. Onun 2013-cü ilin prezident seçkilırində Rusiya amilinə üstünlük verdiyi, Kremldən dəstək umduğu Avropaya da bəllidir. Digər tərəfdən Əli Kərimli hazırda bir papkası, bir də yaxın 3-4 nəfəri olan bir partiya sədri kimi tanınır. Son bir neçə ildə onlarla şəxs Kərimlidən ayrılıb ki, bu da AXCP sədrini tamamilə elektoratsız qoyub. Ona görə də hətta erməni lobbisi belə Əli Kəimliyə seçki mübarizəsinə qoşulmaq üçün pul sərf etməkdən uzaqdır. Kərimlidən yalnız müəyyən maddi dəstək qarşılığında Azərbaycan əleyhinə fəaliyyət göstərəmək, onun imicinə zərbə vurmaq, Avropadakı emissaraları vasitəsilə ölkəmiz barədə mənfi rəy formalaşdırmaq istənilir ki, hazırkı situasiyada da AXCP sədri bunu canla-başla yerinə yetirir.
Müsavat Partiyasına gəlincə, bu partiya 2018-ci ilin seçkilərində iştirak etmək niyyətindədir. Ancaq Müsavat rəhbərliyi də yalnış taktika seçərək xaricdən dəstək axtarışına çıxıb. Bu günlərdə Müsavat başqanı Arif Hacılının Almaniyaya səfər etməsi belə deməyə əsas verir. Partiyanın yaydığı rəsmi məlumatda Arif Hacılının Almaniya səfərinin məqsədi kimi bu ölkədə yaşayan müsavatçılarla görüşmək göstərilsə də, əslində əsas məqsəd qeyd etdiyimiz kimi 2018-ci il seçkilərinə xarici dəstək almaqdır. Haşiyədən kənara çıxaraq bir nüansa diqqət çəkmək istərdim. Bəzi siyasilərin iddiasına görə, Müsavat başqamı Almaniya səfəri ilə bir növ Türkiyənin hakim partiyasının gedişini edir. Xatirinizdədirsə, hakim Ədalət və İnkişaf Partiyası referendum öncəsi ön öncüllərini təbliğat xarakteri olaraq Avropaya, xüsusilə Almaniya və Hollandiyaya göndərdi. Elə bu məqam referendumda AKP-nin təkliflərinin xalq tərəfindən dəstəklənməsinə əsaslı dərəcədə təsir etdi. İndi Arif Hacılı da öz aləmində AKP-nin gedişini edərək 2018-ci illə bağlı ilk addımını atmış olduğunu düşünür. Ancaq, 24 ildə siyasi dünyagörüşlərini dəyişə bilməyən Arif Hacılı və digər siyasilər hələ də mövcud reallığı görmürlər. Nə qədər gülməli də alınsa Müsavatı AKP, Arif Hacılını isə Ərdoğan simasında görürlər.
Bu arada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, radikalların Avropada daha çox cəm olduğu, səfərlər etdiyi, sığınacaq aldığı Avropa ölkələri sırasında Alımaniya ön sırada qərarlaşır. Görünür bu da rəsmi Berlinin vaxtaşırı Azərbaycanla bağlı qeyri-obyektiv mövqe otaya qoymasından qaynaqlanır və antimilli qüvvələr bu faktordan yararlanaraq Almaniyada ölkəmiz əleyhinə iş aparmağın daha asan olduğunun fərqindədirlər. O ki, qaldı Müsavat Partiyasının Almaniyadakı partiya üzvləri ilə görüşmək adı altında bu ölkəyə səfər edib seçki ilində xarici dəstək almaq istəyinə, bunun elə istək olaraq qalacağı heç kəsə sirr deyil. Arif Hacılı seçki ilində xaricdən yalnız maddi dəstək ala bilər ki, belə bir dəstək də hər zaman radikallara erməni lobbisi və onlara xidmət edən bəzi Avropa qurum və təsisatları tərəfindən verilir. Həmin vəsaitin böyük bir hissəsini öz yaşayış səviyyələrinin yaxşılaşdırılmasına sərf edən radikallar, yalnız bir-iki mitinq, etiraz aksiyası keçirməklə gözdən pərdə asmağa çalışırlar. Digər tərəfdən, Müsavat başqanı xaricdən, konkret olaraq Almaniyadan siyasi dəstək alsa belə (realda bu mümkün görünmür) seçki mübarizəsində uğur qazanacağı mümkün görünmür. Çünki seçkinin taleyini Azərbaycan xalqı həll edir. Həmçinin, Azərbaycan xalqı xaricin dəstəyi ilə hakimiyyətə gəlmək prinsipini qətiyyən yaxına buraxmır. Və nəhayət, ən əsası Azərbaycan xalqı mövcud hakimiyyətdən məmnundur və vaxtı ilə Azərbaycanı fəlakətə sürükləyən qüvvələrin yenidən iş başına keçməsini istəmir. Ona görə də əminliklə demək olar ki, istər Əli Kərimlinin Avropadakı emissarlarının qaldırdıqları hay-küy, antiAzərbaycan fəaliyyət, istərsə də Müsavat rəhbərliyinin Avropadan siyasi dəstək almaq istəyi sabun köpüyü effekti verəcək. Bütün bunları yalnız radikalların Avropa macəraları kimi qələmə vermək olar.
Süleyman İsmayılbəyli