ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycana hansı təsirini göstərə bilər?
“ABŞ-ın Rusiyaya sanksiyaları Rusiyaya daha çox texnoloji, maliyyə bazarı, Rusiyanın energetika layihələrində iştirakına, Rusiya şirkətlərinin digər ölkələrin iri layihələrində iştirakı və sair bu kimi istiqamətlərdə təsir göstərir və göstərməkdə davam edəcək. Ümumiyyətlə, götürdükdə, eləcə də əgər məsələyə sadaladığımız kontekstdən yanaşsaq, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycan üçün elə bir ciddi təhlükə kəsb etmir”.
14 Avqust 2017 13:32 SiyasətEkspert: "Bu, Dağlıq Qarabağ probleminin ədalətli həllinə əhəmiyyətli töhfə verəcək"
"ABŞ-ın Rusiyaya sanksiyaları Rusiyaya daha çox texnoloji, maliyyə bazarı, Rusiyanın energetika layihələrində iştirakına, Rusiya şirkətlərinin digər ölkələrin iri layihələrində iştirakı və sair bu kimi istiqamətlərdə təsir göstərir və göstərməkdə davam edəcək. Ümumiyyətlə, götürdükdə, eləcə də əgər məsələyə sadaladığımız kontekstdən yanaşsaq, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycan üçün elə bir ciddi təhlükə kəsb etmir".

Bunu deyən millət vəkili, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, yeni sanksiyalar daha çox Rusiyanın enerji sektorunu əhatə edir: "Bu baxımdan sanksiyaların Azərbaycana təsiri də daha çox Rusiyanın "LUKoil" şirkətinin təmsil olunduğu "Şahdəniz" layihəsində iştirakı ilə əlaqədar ola bilərdi.Amma Rusiyanın energetika şirkətlərinin 33 faizdən çox payla iştirak etdiyi layihələrə sanksiya tətbiq olunacaq. "LUKoil" şirkətinin "Şahdəniz" layihəsindəki payı isə 10 faiz olduğundan bu sahədə Azərbaycan üçün problem yaranmır. Həm də ABŞ-ın sanksiyaları "Şahdəniz" layihəsinə problem yaratsaydı bu "üçbaşlı problem" olardı, həm Rusiyaya, həm Azərbaycana, həm də Avropanın enerji təhlükəsizliyinə mənfi təsir göstərərdi. Çünki hələlik Avropaya yeganə alternativ qaz xətti Azərbaycan qazı vasitəsilə həyata keçirilir. Deməli, sanksiyada məsələlər elə qoyulub ki, bunun Azərbaycanın enerji layihələri üçün heç bir zərərli nəticəsi olmayacaq. Əksinə Azərbaycanın enerji layihələrinin önəminə bir qədər müsbət təsir göstərə bilər". Millət vəkili əlavə edib ki, sanksiyaların ikinci güclü təsir sahəsi Rusiyanın valyuta bazarına təsiri ilə bağlı olacaq: "Sanksiyalar tətbiq olunduqdan sonra Rusiyanın valyuta ehtiyatlarının "əriməsi prosesi" daha da sürətlənib və ölkənin valyuta ehtiyatları onun ümumu xarici borcunun məbləğindən xeyli aşağı düşüb. Bu amilin və bu kimi digər amillərin təsiri ilə maliyyə sektoruna təzyiqlər rus rubluna mənfi təsir edəcək". Ə.Məsimli hesab edir ki, Azərbaycanın xarici ticarətin dövriyyəsində Rusiya 12 faiz payla Türkiyədən sonra ikincidir. Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından biri olduğundan, rublun zəifləməsi, birbaşa olmasa da, dolayısı ilə Azərbaycan manatına da təsir edə bilər. "Ona görə Azərbaycanın Mərkəzi Bankı valyuta siyasətində bu amili nəzərə almalıdır. Əgər nəzərə alsaq ki, Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının əksəriyyəti Rusiyaya göndərilir, onda rus rublunun ucuzlaşması bizim həmin ölkəyə göndərdiyimiz malların qiymətlərinə də təsir edəcək. Və nəhayət, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına, həmin ölkədəki sahibkarlığa, işləyənlərin gəlirlərinə də mənfi təsir göstərir. Bu baxımdan sanksiyalar Rusiyada işləyən azərbaycanlıların öz ailələrinə və digər məqsədlər üçün Azərbaycana göndərdiyi pulların həcmi daha da azala bilər".

Politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ-ın Rusiyanın neft və qazçıxarma sektoruna sanksiyalar tətbiq etməsi ilə Azərbaycanın önəmini artıracaq: "Bu gün Qərbin ciddi siyasi dəstəyinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Çünki Qarabağ problemi həll olunmayıb. Problemin siyasi dəyərləndirilməsində hələ də ikili standartlara və xristian təəssübkeşliyinə rast gəlirik. Burada erməni lobbisinin oynadığı rol böyükdür. İndi Azərbaycan Qərbi neft və təbii qazla təchiz etməyə başladıqca ölkəmizin siyasi önəmi artacaq. Bu o anlama gəlir ki, neft və qaz ətrafında fəaliyyət göstərən xarici şirkətlər Azərbaycan üçün siyasi lobbiçilik funksiyasını yerinə yetirməyə başlayacaqlar. Bu prosesdə Ermənistanın Azərbaycana təcavüzünün bütün anatomiyasını açmaq mümkün olacaq. Nəticədə BMT qətnamələrinin yerinə yetirilməsi üçün əlverişli ictimai-siyasi mühit formalaşacaq. Rəsmi Bakı isə mərhələ-mərhələ bu siyasi mühitdən yararlanacaq və ermənilərin Qarabağla bağlı bütün siyasi stereotiplərinin alt-üst olmasına nail olacaq. Bu fonda həm Azərbaycanın xarici siyasəti ciddi və hücumçu xarakterdə olmalı, həm də diaspor təşkilatları Avropa ölkələrində, eləcədə Amerikada siyasi maarifləndirmə işinin qurulmasına ciddi töhfə verməlidir. Güman edirəm ki, Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistanın bir nömrəli tərəfdarlarının mövqeyinin daralmasına, Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin genişlənməsinə gətirib çıxaracaq ki, bu da Dağlıq Qarabağ probleminin ədalətli həllinə əhəmiyyətli töhfə verə bilər".
Alim