Ən doğru seçim - Prezidentə inanmaq, güvənmək və verəcəyi qərarları gözləmək...

 

"Qaçqınkom" sədri Əli Həsənovun nəvəsinin törətdiyi ağır qəza avqustun ilk həftəsinə damğasını vurdu. Təkcə mətbuat deyil, sosial şəbəkə istifadəçiləri baş verənləri şiddətlə qınadılar, bunun yolverilməz və bağışlanılmaz olduğu dönə-dönə vurğulandı, günahkarlara ən sərt cəza verilməsi istənildi. Təbii ki, hadisədən dərhal sonra Əli Həsənovun  "hüquqi ölkədə məsuliyyət fərdirir" açıqlaması da birmənalı qarşılanmadı, hamı bunu "harınlamış və yolunu azmış övladların valideynləri də özləri qədər məsuliyyət daşıyır" deyən dövlət başçısı İlham Əliyevin iradəsi əleyhinə üstüörtülü deyilmiş fikir kimi yozdular. 

Məsələni qəlizləşdirən bir məqam da deputat mandatı gəzdirən Astan Şahverdiyevin məsələyə uğursuz müdaxiləsi və Əli Həsənova qahmar çıxmaq istəyərkən, necə deyərlər, qaş düzəldərkən vurub göz çıxarması oldu. A. Şahverdiyevin Əli Həsənovu müdafiəsi o qədər uğursuz və urvatsız oldu ki, özü deputat mandatını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bu azmış kimi avtoqəzada həlak olmuş gəncin anasının fəryad edərək "Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib" deməsi "Qaçqınkom"  sədrinin durumunu daha da pisləşdirdi.

İndi nəzərlər Prezident İlham Əliyevə dikilib və bütövlükdə cəmiyyət ondan tarixi qərarın - Əli Həsənovun vəzifəsindən kənarlaşdırılması haqqında sərəncamın veriləcəyi günü gözləyir. Amma gəlin razılaşaq ki, məsələ kifayət qədər mürəkkəbdir və oğlunun cinayətkar ərköyünlüyünün güdazına gedən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucovdan fərqli olaraq Əli Həsənov tamam fərqli statusa malikdir. Odur ki, İlham Əliyev çox güman ki emosiyaların nisbətən səngiyəcəyini gözlədikdən sonra gözlənilən qərarını elan edəcək. Əslində Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı birgə açıqlama ondan xəbər vermiş oldu ki, Əli Həsənov bu olaydan sonra kreslosunu qoruya bilməyəcək və onun fəxri təqaüdə göndərilməsi sadəcə zaman məsələsidir. 

Nail Allahverdiyevin qayınatası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin də durumu ürəkaçan deyil və onun da bu olaydan öz nəsibini alması təhlükəsi tam realdır, gözləniləndir. Təbii ki, qanuna görə, daha doğrusu, məsələyə Əli Həsənovun məntiqi ilə yanaşası olsaq, hüquqi ölkədə məsuliyyət fərdi olduğundan, qayınata kürəkənin əməllərinə görə məsuliyyət daşımır, amma söhbət mənəvi məsuliyyətdən və Prezident İlham Əliyevin bu barədəki barışmaz mövqeyindən gedirsə, o zaman Elçin Quliyevin də böyük bir sınaq qarşısında dayandığını iddia etmək olar. 

Hadisələrin hansı istiqamətdə cərəyan edə biləcəyini proqnozlaşdırmadan bir məqamı tam əminliklə söyləmək olar ki, cəmiyyət hər zaman dövlət başçısının  qətiyyətli mövqeyinə və hadisələrə zərgər dəqiqliklə, xüsusi incəliklə yanaşdığına şahidlik edib. Odur ki, "xəstə tələsər, armud vaxtında yetişər" hikmətli Atalar sözündə olduğu kimi cəmiyyətin tələsməsinə baxmayaraq prezident İlham Əliyevin Əli Həsənovun ərköyün nəvəsi ilə bağlı məsələdə də ən doğru zamanda gözlənilən qərarı verəcəyinə kimsə şübhə etməməlidir. Şübhəsiz ki, dövlət başçısı kimin hansı mövqedə olmasından asılı olmayaraq cəmiyyəti sakitləşdirəcək və emosiyaları tamamilə söndürəcək, eyni zamanda başqalarına da görk olacaq qərarı verəcək. Özü də təkcə ərköyün nəvə-kürəkənin törətdiyi ağır qəza ilə bağlı deyil, digər istiqamətlərdə də cəmiyyətin istəklərinin gerçəkləşməsini təmin edəcəyini görəcəyik. 

Necə ki, məqamı çatdığına görə hikkəsi yerə-göyə sığmayan Eldar Mahmudovu bir andaca vəzifəsindən qovaraq MTN qoçularının qanunsuz əməllərindən zinhar olan minlərlə zərərçəkmişin, bütövlükdə cəmiyyətin alqışını qazandı. Necə ki, etimadı tamamilə itirən Ziya Məmmədovu aşağılayıcı formada işsiz qoyaraq saman altdan su yeridən bəzi kəmfürsət məmurlara barmaq silkələmiş oldu. Necə ki, bu günlərdə yüz minlərlə bank müştərisinin ürəyindən xəbər verən addım ataraq Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovu vəzifəsindən kənarlaşdırdı. Əlbəttə, ölkənin bank sektorundakı mövcud durumun bütün günahlarını onun boynuna yıxmaq ədalətsizlik olardı. Amma istənilən halda Azad Cavadovun fəaliyyətində yol verdiyi nöqsanlar sonda onu kreslosuz qoydu. 

Kreslosu laxlayan iriçaplı məmurlardan birinin də Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının ola biləcəyini ehtimalı yüksəkdir. Onun da bank sisteminin şəffaflaşdırılması istiqamətində atdığı addımların bumeranq effekti verərək vəziyyəti daha da dramatikləşdirdiyini görməmək mümkün deyil. Amma təbii ki, yuxarıda da qeyd edildiyi kimi dövlət başçısı İlham Əliyevin qətiyyətli və peşəkar mövqeyi istənilən sahədəki inkişafı ləngidən, tormozlayan, yaxud cəmiyyətin inamını-etibarını itirən hər bir məmuru yerində oturtmağa qadirdir. Odur ki, cəmiyyətin hadisələri qabaqlaması istəkləri başadüşülən olsa da yersizdir, sadəcə səbrlə proseslərin gedişini izləmək lazımdır...Moderator

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31