Ermənistanda siyasi təlatüm
İndi Ermənistanda hər kəsi bir sual düşündürür. 2018-ci ildə hazırkı prezident Serj Sərkisyanı kim əvəz edəcək? Sərkisyanı əvəz edə biləcək bir neçə siyasi fiqurun adı hallansa da, lakin son qərarın Kremldən veriləcəyi də istisna edilmir. Çünki İrəvanın daxili siyasətində baş verənlərin birbaşa Kremldən idarə olunduğu şübhəsizdir.
9 Avqust 2017 12:48 SiyasətSərkisyanı kim əvəz edəcək?
İndi Ermənistanda hər kəsi bir sual düşündürür. 2018-ci ildə hazırkı prezident Serj Sərkisyanı kim əvəz edəcək? Sərkisyanı əvəz edə biləcək bir neçə siyasi fiqurun adı hallansa da, lakin son qərarın Kremldən veriləcəyi də istisna edilmir. Çünki İrəvanın daxili siyasətində baş verənlərin birbaşa Kremldən idarə olunduğu şübhəsizdir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, hazırda Ermənistanın siyasi həyatı da o qədər sakit deyil və bu gün erməni cəmiyyətində hər kəsi o sual düşündürür ki, işğalçı ölkədə növbəti prezident kim olacaq: " Məlumdur ki, 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirilməlidir. Əslində bu mövzu gündəmə gəlsə də, ancaq o qədər də aktual səslənmir. Çünki Ermənistanda konstitusiya dəyişikliyindən sonra əsas fiqur prezident deyil, baş nazir olacaq və hazırkı prezident Serj Sərkisyan da çox asanlıqla baş nazir kürsüsünü əldə edə bilər. Çünki parlamentdə çoxluğa malikdir. Bəs o zaman prezident olaraq kimin namizədliyi irəli sürülə bilər?. Son zamanlar Ermənistan mətbuatını diqqətlə izləyirəm və müşahidələrim onu deməyə əsas verir ki, prezidentliyə namizəd olaraq Konstitusiya Məhkəməsinin sədri Qagik Arutunyanın adı daha çox hallandırılır. Məlumat üçün qeyd edim ki, 70 yaşlı Arutunyan keçmiş Kommunist Partiyasının fəallarından biri olub. Vaxtı ilə sabiq president Levon Ter-Petrosyan onu öz komandasına götürüb və baş nazir postunu ona həvalə edib. Daha sonra vitse-prezident olaraq fəaliyyət göstərib. Lakin 1996-cı ildə vitse-prezidentlik institutu ləğv edildikdən sonra onu Konstitusiya Məhkəməsinin sədri seçiblər. Bu günə qədər də Arutunyan həmin vəzifəni icra edir. Onu da qeyd edim ki, Arutunyan yeganə siyasi fiqurlardandır ki, indiyə qədər heç bir hakimiyyətlə insdent, problem yaşamayıb. Bəlkə də Serj Sərkisyana elə bu cür fiqur lazımdır ki, onu prezident kürsüsünə əyləşdirsin və ölkəni də bildiyi kimi idarə etsin". Politoloq bu ərəfədə Ermənistanın təxribatlarının da davam etdiyini bildirib. O, qeyd edib ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail olmağa çalışsa da, ermənilər yenə də öz təxribatlarını davam etdirirlər: "İyulun 19-da "Dağlıq Qarabağ" Respublikasında guya növbəti prezident seçkiləri keçirdilər, parlamentdə səsvermə oldu və Bako Saakyanı yenə "prezident" seçdilər. Hazırda Dağlıq Qarabağda çox maraqlı bir situasiya yaranıb. Özləri üçün 2020-ci ilə qədər bir keçid dövrü fikirləşiblər. Guya 2020-ci ilə qədər "prezident" Dağlıq Qarabağı idarə edəcək. Ondan sonra isə parlament seçkiləri keçiriləcək. Baş nasir institutunu ləğv edib dövlət katibi postu yaradacaqlar. Yəni göründüyü kimi vəziyyət gərginləşdikcə belə bir oyunlara əl atırlar. Hesab edirəm ki, bu da separatçıların növbəti əməlləridir və bu tapşırıq da onlara İrəvandan verilir".
Elxan Şahinoğlu hazırda Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslərə də toxunub. Bildirib ki, ATƏT-in Minsk qrupunun həmsdərləri Azərbaycan və Ermənistan prezidentlərinin cari ilin sonuna qədər görüşdürmək istəyirlər: "Nə məqsədlə bu hər kəsə bəllidir. Çünki danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Əgər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqsa da, yəqin ki, bu yenə də imitasiya xarakteri daşıyacaq. İndi əsas sual ondan ibarətdir ki, prezidentlərin görüşü harada keçirilə bilər. Son zamanlar Rusiyanın adı çəkilir. Rusiya da açıq şəkildə bildirir ki, Azərbaycan və Ermənistan prezidntlərinin növbəti görüşü məhz bu ölkənin ərazisində keçirilə bilər. Məlumat üçün qeyd edim ki, hətta Rusiyanın "İzvestisiya" qəzetində bu barədə məqalə də dərc edilib. Doğrudur, sonradan Rusiya bunu təkzib etdi. Ancaq yenə də cari ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada görüşü baş tuta bilər". Elxan Şahinoğlu deyib ki, bu günlərdə baş tutan Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü də prezidentlərinin məhz şimal qonşumuzun ərazisində görüşmə ehtimallarını atırır: "Ancaq onu da qeyd edim ki, Rusiya ərazisində keçiriləcək görüşdən hər hansı real bir nəticə gözləmirəm. Baxmayaraq ki, Rusiya əsas vasitəçilərdən biridir. Ammma buna baxmayaraq Rusiya problemin həlli istiqamətində heç bir tədbir görmür, Ermənistanın danışıqlar masasında oturması, problemin sülh yolu ilə həllinə nail olunması üçün İrəvana heç bir təzyiq göstərmir. Halbuki keçən ilin aprel ayında cəbhədə baş verən döyüşlərdən sonra Azərbaycan cəmiyyətinin müəyyən hissəsində belə bir optimizm var idi ki, keçən il Sankt-Peterburqda baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Rusiya Ermənistana təzyiq edəcək, yaxud bir neçə rayonun azad olunması prosesini sürətləndirəcək ki, cəbhədə müharibə yenidən başlamasın. Mən bu optimizlə o zaman da bölüşmürdüm və çox təəəsüflər olsun ki, mənim fikirlərim doğru çıxdı. Hesab edirəm ki, prezidentlərinin növbəti görüşü Rusiya ərazisində baş tutsa, yenə də problemin həlli istiqamətində hər hansı bir nəticə olmayacaq". Politoloq deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyi ikinci bir məkan kimi Paris qeyd edilir. Ancaq Elxan Şahinoğlu onu da bildirib ki, Fransanın vasitəçiliyi də heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyib: "Çünki indiyə qədər Azərbaycan və Ermənistan prezidentlərinin Fransa ərazisində iki görüşü keçirilib və hər iki görüş də nəticəsiz başa çatıb. Ancaq hər halda Fransada yeni prezident fəaliyyətə başlayıb. Ola bilsin ki, Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ probleminin həllinə nə qədər maraqlı olduğunu öyrənmək üçün Azərbaycan və Ermənistan preziderntlərinin Parisdə görüşməsinə ehtiyac var. Bundan başqa, hər halda açıq demək lazımdır ki, Fransa "parçala və hökm sür" siytasətini yürüdən Rusiyadan fərqli bir siyasət həyata keçirir. Hər halda bu baxımdan Paris Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün bir qədər maraqlı görünə bilər".
Süleyman