Kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq kimi sahələr xüsusi yer tutur
Azərbaycanın hər bir regionu üçün onun özünəməxsus sahələrinin inkişaf etdirilməsi, bu sahələr üzrə istehsalın artırılması istiqamətində son illər məqsədyönlü tədbirlər həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq müsbət irəliləyişlər də nəzərə çarpır. Aran bölgəsi üzrə pambıqçılıq, şimal zonasında meyvəçilik, şimal-qərb regionunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin ixrac potensialını da artırır.
7 Avqust 2017 14:28 SiyasətDövlət başçısının sədrliyi ilə keçirilən müşavirə qeyd edilən sahələrdə inkişafa böyük təkan verəcək
Azərbaycanın hər bir regionu üçün onun özünəməxsus sahələrinin inkişaf etdirilməsi, bu sahələr üzrə istehsalın artırılması istiqamətində son illər məqsədyönlü tədbirlər həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq müsbət irəliləyişlər də nəzərə çarpır. Aran bölgəsi üzrə pambıqçılıq, şimal zonasında meyvəçilik, şimal-qərb regionunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin ixrac potensialını da artırır. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə də məqsəd Azərbaycanın ixrac potensialını artırmaq və yerli mal və məhsulların dünya bazarlarına çıxışını təmin etmək idi. Müşavirədə dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də dövlətin bu məqsədlə sahibkarlara. Iş adamlarına dəstək verəcəyini vurğuladı. Məlumdur ki, şimal-qərb regionunda ənənəvi sahələrdən biri də tütünçülükdür və dövlət başçısı müşavirədə çıxışı zamanı bildirdi ki, artıq 13 rayonda tütün əkini aparılıb. 2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır. Tütün istehsalçılarına güzəştli kreditlərin verilməsinin zəruriliyini vurğulayan prezident qeyd edib ki, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır. 2021-ci ilə qədər tütün əkini daha da genişləndirilməlidir.
Bəs görəsən, tütünçülüyün inkişafı Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin ixrac potensialının artmasına necə təsir göstərəcək? Millət vəkili Tahir Mirkişili bildirib ki, vaxtıilə Azərbaycanda tütün istehsalı 57-60 min ton olub. Onun sözlərinə görə, dünya bazarlarındakı bu günkü qiymətlərlə təxminən 130-150 milyon dollar edir: "Bu qeyd edilən miqdarda vəsaitin Azərbaycana cəlb olunma potensialı deməkdir. Tütün ixracı imkanları kifayət qədər daha böyük və daha rahatdır. Düzdür, tütün çəkmək zərərli bir vərdiş olsa da, ancaq bu vərdişlərdən azad olmaq dünya ölkələrində heç də mümkün olmayıb. Tütünün Azərbaycana idxalına diqqət yetirsək görərik ki, dövlət başçısının qeyd etdiyi kimi təxminən 10 milyarda yaxın siqaret ölkəyə idxal olunub. Onun cəmi 1,6 milyardı bizim daxili tələbat hesabına ödənilir. Ümumilikdə götürəndə təxminən 90 faizə qədərini biz idxal edirik ki, bu da 150 milyon dollara yaxın vəsait edir. Göründüyü kimi bu qədər vəsait ölkədən çıxır. Bunların qarşısını almaqla ən azı 150 milyon dollara yaxın vəsaitin Azəbaycanda qalması deməkdir. Tütünün emalı və tədarükünün artırılması ilə bağlı artıq dövlət bir çox tədbirlər həyata keçirir. Bildiyimiz kimi tütünün əkin sahəsinə hər hektar üçün subsidiya verilir. Eyni zamanda tütünün yaş və quru formada tədarükü ilə bağlı 5 qəpiyə qədər dövlət tərəfindən dotasiya ödənilir. Tütün kombinatlarının yaradılması ilə bağlı dövlət tərəfindən güzəştli kreditlər verilir. Amma bütün halda tütütün həcminin bu qədər artırılması ilə bağlı xüsusi tədbirlərin görülməsi vacibdir". Millət vəkili deyib ki, bu gün Azərbaycanda 5,5-6 min tona yaxın tütün istehsal olunur ki, bu da mövcud potensialdan 12 dəfəyə yaxın aşağıdır: "Yəni potensialı 10-12 dəfə artırmaq imkanımız var". Tütünün ixrac imkanlarına gəlincə, millət vəkili deyib ki, bu imkanlar kifayət qədər çoxdur. Çünki ətraf ölkələrdə tütün istehsalı yoxdur: "Tütünün istehsalı və emali üçün təbii şərait tələb olunur. Eyni zamanda bütün ölkələrə bizim ixrac imkanlarımız mövcuddur. Tütün çox həssas bir maddədir. Tütünün qurudulması, onun özünə rütubəti çəkməsi açün müəyyən standartlar mövcuddur. Ona görə bunu nəzərə alsaq Azərbaycanın şimal-qərb regionunda belə bir havanın mövcud olması əlverişlidir. Bildiyimiz kimi şimal-qərb regionu Qara dənizdən və Xəzər dənizindən əsən küləklərin qovuşduğu bir yerdir. Nəticədə xüsusi bir iqlim şəraitinin yaranması burada tütün məhsuillarının istehsalına imkan verir"
Millət vəkili Rüfət Quliyev isə deyib ki, dövlət başçısının Qax rayonunda keçirdiyi müşavirənin nəticəsi olaraq ölkəmizdə baramaçılıq, tütünçülük, fındıqçılıq kimi ənənəvi sahələr uğurla inkişaf edəcək, fermerlərimiz, kəndlilərimiz daha böyük fayda görəcəklər. Millət vəkilinin sözlərinə görə, kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq kimi sahələr xüsusi yer tutur: "Bu sahələrin inkişafına xüsusi diqqət yetirən dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bütün bunlar Azərbaycan üçün ənənəvi kənd təsərrüfatı məhsullarıdır. Həmin sahələrin inkişaf etdirilməsi ölkəmiz üçün əhəmiyyətli sosial amildir. Prezident İlham Əliyev 10 min ton tütün istehsalını qarşıya vəzifə qoyub. On min ton tütün istehsalı da təxminən 40 minə yaxın insanın işlə təmin olunması deməkdir. Beləliklə, bu sahə əhalinin böyük təbəqəsi üçün həm məşğulluqdur, həm ərzaq bolluğu yaradılması üçün təminatdır, həm də ixrac üçün başlıca mənbədir". Millət vəkili deyib ki, dövlət başçısının sədrliyi ilə keçirilən müşavirə qeyd edilən sahələrdə inkişafa böyük təkan verəcək, yeni iş yerləri yaradılacaq, kəndlilərin, fermerlərin həyat səviyyəsi yüksələcək: "Nəticədə ölkəmizdə qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq".
S.İsmayılbəyli