Prezident barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair müşavirə keçirib
Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişafı prioritet sahələrdən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafında əsaslı irəliləyişə gətirib çıxarır. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən birini kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin inkişafı da dövlətin xüsusi diqqət mərkəzidədir.
4 Avqust 2017 13:47 Siyasətİlham Əliyev: "İxrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir"
Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişafı prioritet sahələrdən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafında əsaslı irəliləyişə gətirib çıxarır. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən birini kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin inkişafı da dövlətin xüsusi diqqət mərkəzidədir. Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində keçirdiyi müşavirələr də bunu təsdiq edir. Bu günlərdə respublikanın şimal-qərb bölgəsinə səfər edən dövlət başçısı ənənəsinə sadiq qalaraq Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Müşavirədə çıxış edən dövlət başçısı ümumilikdə şimal-qərb zonasında çox sürətli inkişaf getdiyini diqqətə çatdırıb. Prezident bildirib ki,. bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Müşavirənin bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına həsr edildiyini deyən prezident İlham Əliyev qeyd edib ki, tütünçülük, baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf edib: "Bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır. Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz - bütün bunlar bu sahələrin inkişafına təkan verib. Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq, - çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülüb. Eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq. Dövlət proqramları da qəbul ediləcəkdir ki, bu ənənəvi sahələr Azərbaycanda daha geniş vüsət alsın". Prezident deyib ki, tütünçülüklə bağlı atılmış ilk addımlar öz nəticəsini verir: "Bu müşavirədən sonra çox ciddi proqram qəbul ediləcək. Azərbaycanda baramaçılıq çox geniş vüsət alıb. Hesab edirəm ki, fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə də baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ona görə, bu ənənəvi sahələrin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Biz bu gün bu barədə danışacağıq. O ki qaldı, bizim ümumi iqtisadi inkişaf perspektivlərimizə, mən bu perspektivləri yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür.Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək".
Sonra Qax, Şəki, Zaqatala, Balakən, Zərdab, Füzuli rayon icra hakimiyyəti başçıları, müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar çıxış edərəktütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Prezident İlham Əliyev respublika müşavirəsində yekun nitqi söyləyib. Dövlət başçısı bildirib ki, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına böyük dəstək və diqqət var. Qarşıda duran vəzifələrdən danışarkən Prezident İlham Əliyev vurğuladı ki, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək. Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salan Prezident İlham Əliyev artıq 13 rayonda tütün əkininin aparıldığını bildirib və qeyd edib ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir. Baramaçılığın inkişafından da danışan dövlətimizin başçısı hazırda 30 rayonda barama istehsal olunduğunu bildirdi. Gələn il 500 ton barama tədarükünün gözlənildiyini deyən Prezident İlham Əliyev 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılmasının mümkünlüyünü vurğulayıb, bu sahədə dövlət dəstəyinin davam edəcəyini, növbəti mərhələdə 8 milyon tut tinginin əkiləcəyini və bu rəqəmin ümumilikdə 10 milyona çatdırılmasının planlaşdırıldığını qeyd edib.
Fındıqçılıqda da müəyyən inkişafın getdiyini, lakin hələ istənilən səviyyəyə çatmaq üçün çox işlərin görülməsinin vacibliyini bildirən Prezident İlham Əliyev 80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəf olduğunu bildirib. Fındıqçılığın çox gəlirli və valyuta gətirən bir sahə olduğunu deyən dövlət başçısı fındıq istehsalı ilə bağlı bütün proseslərin ölkəmizdə aparılmasının vacibliyini vurğulayıb. Həyata keçirilən bu tədbirlərin ilk növbədə əhalinin rifah halının yaxşılaşmasına və qeyri-neft sektorunun inkişafına xidmət etdiyini deyən dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərin əhəmiyyətindən danışıb, bu müşavirənin də nəticələrinin müsbət olacağına əminliyini ifadə edib.
Sonra Prezident İlham Əliyev Şəki-Zaqatala iqtisadi rayonunda tütünçülüyün, fındıqçılığın və baramaçılığın inkişafını əks etdirən sərgiyə baxıb.
Füzuli