Azərbaycana qarşı növbəti məkrli oyun
Adətən Azərbaycanda hər seçki ili yaxınlaşdıqca Qərbdən ölkəmizə qarşı təzyiqlər, daxili siyasətə müdaxilə, siyasi hakimiyyətə təsir cəhdləri müşahidə edilir. Hazırda da eyni situasiyanı sezməkdəyik. Yenə erməni lobbisinin maliyyə yardımı ilə fəaliyyət göstərən antiAzərbaycan şəbəkə aktiv fəaliyyətdədir. Özü də bu dəfə Azərbaycan əleyhinə yönələn fəaliyyət çoxşaxəli, çoxistiqamətlidir.
3 Avqust 2017 17:42 SiyasətYaxud Qənimət Zahidin "Azərbaycan saatı" niyə "Paris vaxtı" ilə işləyir?
Adətən Azərbaycanda hər seçki ili yaxınlaşdıqca Qərbdən ölkəmizə qarşı təzyiqlər, daxili siyasətə müdaxilə, siyasi hakimiyyətə təsir cəhdləri müşahidə edilir. Hazırda da eyni situasiyanı sezməkdəyik. Yenə erməni lobbisinin maliyyə yardımı ilə fəaliyyət göstərən antiAzərbaycan şəbəkə aktiv fəaliyyətdədir. Özü də bu dəfə Azərbaycan əleyhinə yönələn fəaliyyət çoxşaxəli, çoxistiqamətlidir.
Birinci istiqamət, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi Azərbaycanla Rusiya arasında siyasi gərginlik yaratmaq, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə kölgə salmaq məqsədi daşıyır. Bu prosesdə əsas fiqur rolunu isə Qərbdəki erməni lobbisi və onun yardımı ilə Avropa ölkələrində özünə gün-güzaran tapan Azərbaycanın radikal siyasi düşərgəsinin qoca qitəyə "səpələnmiş" nümayəndələri oynayır. Xüsusilə, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra bu məkirli fəaliyyət özünü daha qabarıq şəkildə göstərir. Soçi görüşündən sonra hər gün demək olar ki, bu görüşün əhəmiyyətini azaltmağa yönəlik fəaliyyət, erməni lobbisinin maliyyəsi ilə işıq üzü görən mətbu orqanlarda dərc edilən qərəzli və həqiqəti əks etdirməyən məqalələr sırf bu məqsədə xidmət edir. Maraqlısı və təəssüfedicisi isə ondan ibarətdir ki, Azərbaycana qarşı aparılan informasiya savaşında erməni lobbisinə media dəstəyini elə özümüzünkülər, daha dəqiq desək Avropada erməni qoltuğuna sığınanlar verirlər. Vaxtı ilə "Azadlıq" qəzetinin baş redaktoru olmuş Qənimət Zahidin indi "Turan TV" adıyla apardığı mübarizə də məhz bu məqsədə xidmət edir. Son vaxtlara qədər "Azərbaycan saatı" adı altında, lakin İrəvan vaxtı ilə işləyən Qənimət Zahid və eləcə də Əli Kərimlinin Avropaya sanki kəşfiyyatçı kimi göndədiyi cəbhəçilər indi də saatlarının əqrəblərini deyəsən Paris vaxtına kökləyiblər. Son vaxtlar Azərbaycanda siyasi təzyiqlərə məruz qaldıqlarını iddia edərək Avropaya üz tutan keçmiş cəbhəçilərin Fransada rahatlıqla yerləşə bilmələri də deyilənləri təsdiqləyir. Bütün Avropanın miqrantlara qarşı ciddi mübarizə apardığı, döyüş zonalarından, Suriya, İraq, Yəmən və digər ərəb ölkələrindən ac-yalavac Avropaya üz tutan müsəlmanlar elə sərhəd keçid məntəqələrindəcə geri qaytarıldığı halda, Azərbaycandan olan "siyasi mühacirlərin" qısa zamanda Fransada yerləşə bilmələri maraq doğurur. Və bunun hansı yolla baş verməsinə aydınlıq gətirilməsi zəruri sayılır. Ancaq Fransanın ermənilərin ikinci vətəni olduğu yada düşəndə, bütün suallara cavab tapılır. Və gəlinən qənaət ondan ibarət olur ki, hər zaman olduğu kimi yenə də Qənimət Zahid və onun kimi digərlərinə erməni lobbisi dayaq durur. Özü də canla-başla.
Azərbaycana qarşı müşahidə edilən məkirli planın ikinci istiqaməti, məqsədi isə Bakının ayrı-ayrı ölkələrlə olan münasibətlərinə xələl gətirməkdir. Bu sırada hələlik ilk olaraq İsrail dövləti seçilib. Bu günlərdə İsraildə nəşr olunan "Haatretz" qəzetində Azərbaycan Prezidenti İlham Əliyev barədə həqiqətə uyğun olmayan materialın dərc edilməsi də elə Təl-Əviv-Bakı münasibətlərinə zərbə vurmağa hesablanıb. Sözügedən mətbu orqana materialın erməni lobbisi tərəfindən ötürüldüyü şübhə doğurmur. Ancaq burada maraqlı olan digər bir məsələ erməni lobbisinə bu işdə kimin yardım göstərməsidir. Avtomatik olaraq və heç bir tərəddüd etmədən həmin fiqurun da məhz radikalların Avropada sığınacaq tapmış nümayəndələrinin olduğunu deyə bilərik.
Göründüyü kimi, Azərbaycan yenə erməni lobbisinin və onun maraqlarına xidmət edən bəzi Qərb təsisatlarının hədəfindədir. Məqsəd hər zaman olduğu kimi siyasi hakimiyyəti nə yolla olur-olsun gözdən salmaq, ölkədə mövcud olan siyasi sabitliyi pozmaq, Azərbaycanı vətəndaş qarşıdurmasına sürükləməkdir. Bu arada radikal müxalifət düşərgəsinin iki liderinin mıəxfi görüşməsi barədə yayılan xəbər də kifayət qədər ciddi məqamlardan xəbər veir. Deyəsən Qərb-erməni lobbisi-radiklal müxalifət üçlüyü növbəti oyuna hazırlaşır. Amma bu oyunda da hər zamankı kimi qırmızı kart alan məhz adını çəkdiyimiz üçlük olacaq.
Füzuli