Vaşinqton-Moskva gərginliyinin regiona mümkün təsirləri

Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərdə növbəti gərginlik atmosferi müşahidə edilir. Kremldə Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk aylarda Vaşinqtonla münasibətləri normallaşdırmaq ümidi yaransa da, lakin son həftələrdə okeanın o tayından atılan addımlar bu ümidləri tamamilə puça çıxarıb. Üstəgəl, Birləşmiş Ştatların Rusiya ilə sərhəddə, Gürcüstanda hərbi təlim keçirmək niyyəti və NATO-nun da bu prosesə cəlb edilməsi Vaşinqton-Moskva gərginliyini kifayət qədər artırıb. Bəs görəsən Rusiya-Amerika münasibətlərinin gərgin xarakter alması regiona necə təsir göstərəcək? Ümumiyyətlə, dünyanın iki super gücünün hansısa ortqa məxrəcə gəlməsi mümkündürmü?

Amerika-Rusiya gərginliyi Minsk qrupu formatının fəaliyyətini də çətinləşdirir

Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərdə növbəti gərginlik atmosferi müşahidə edilir. Kremldə Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk aylarda Vaşinqtonla münasibətləri normallaşdırmaq ümidi yaransa da, lakin son həftələrdə okeanın o tayından atılan addımlar bu ümidləri tamamilə puça çıxarıb. Üstəgəl, Birləşmiş Ştatların Rusiya ilə sərhəddə, Gürcüstanda hərbi təlim keçirmək niyyəti və NATO-nun da bu prosesə cəlb edilməsi Vaşinqton-Moskva gərginliyini kifayət qədər artırıb. Bəs görəsən Rusiya-Amerika münasibətlərinin gərgin xarakter alması regiona necə təsir göstərəcək? Ümumiyyətlə, dünyanın iki super gücünün hansısa ortqa məxrəcə gəlməsi mümkündürmü?

Politoloq Elxan Şahinoğlu deyir ki, Kremlin Birləşmiş Ştatlar prezidenti Donald Trampa olan ümidləri özünü doğrutlmadı. Onun sözlərinə görə, Ağ Evlə Kreml arasında münasibətlərin gərginləşməsinin iki səbəbi var: "Birincisi, Rusiya ətrafındakı bütün separatçılara dəstək verir, qonşuluğundakı Gürcüstan və Ukraynanın ərazilərini işğal edib. Buna Amerikanın istənilən prezidenti seyrçi qala bilməzdi. Ikincisi, Rusiyanın bu siyasəti və üstəgəl də Amerikadakı son prezident seçkisi zamanı təşkil etdiyi kiber hücumlar Amerikada anti-Rusiya siyasətini gücləndirdi və Amerika prezidenti bu siyasətin əleyhinə olaraq Kremllə yaxınlaşa bilməzdi. Bunun nəticəsi olaraq Donald Tramp Konqresin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar haqqındakı qanun layihəsini imzaladı". Politoloq hesab edir ki, ABŞ - Rusiya münasibətlərinin normallaşması üçün Moskva Ukraynadakı separatçılara dəstək verməməli, Krımı Ukraynaya geri qaytarmalıdır: "Ancaq Kreml bu addımları atmayacaq. Ona görə də ABŞ-Rusiya münasibətləri yaxın illərdə normallaşmayacaq, tam əksinə gərginləşməkdə davam edəcək. Bunu ABŞ-ın vitse-prezidenti Maykl Pensin Estoniya, Gürcüstan və Çernoqoriyaya səfəri də sübut edir. Bu o ölkələrdir ki, Rusiyanın təzyiqi ilə üz-üzədirlər. Vaşinqton bu ölkələrə dəstəyini artıracaq və bu dövlətləri Rusiyanın təzyiqlərindən qoruyacaq. Bu münasibətlərdə faktiki "soyuq müharibə" illərinə qayıdışdır. Rusiya Gürcüstan və Ukraynanı parçalamasaydı, başqa ölkələrə kiber hücumlar təşkil etməsəydi, bu gün Vaşintonla Kreml arasında münasibətlər tamamilə fərqli olacaqdı və bəlkə də Moskvanın çox arzuladığı beynəlxalq terrorçulara qarşı vahid əməkdaşlıq mərkəzi qurulacaqdı. Ancaq Moskvanın siyasəti buna imkan vermədi və beynəlxalq aləmdə və dövlətlərarası münasibətlərdə gərginlik artdı".

Bəs Amerika-Rusiya gərginliyi Azərbaycana necə təsir edə bilər?. Politoloq bildirib ki, rəsmi Bakı Amerika-Rusiya qarşıdurmasında tərəf tutmaq, seçim etmək istəmir: "Rəsmi Bakı həm Rusiya, həm də Amerika ilə tərəfdaş münasibətlərini davam etdirmək istəyir. Ancaq bu siyasəti həyata keçirmək getdikcə çətinləşir. Birincisi, Amerikanın Rusiya sərhəddi boyunca müttəfiqləri - Polşa, Baltik ölkələri, Ukrayna və Gürcüstan Azərbaycanın da tərəfdaşlarıdırlar. Rusiyanın bu dövlətlərin hər biri münasibətləri gərgindir. Buna baxmayaraq, Azərbaycan prezidenti keçən aylarda həm Polşaya, həm də Latviyaya rəsmi səfər edib, əməkdaşlığın gücləndirilməsi barədə müxtəlif sazişlərə imza atdı. Rəsmi Bakının bu dövlətlərlə qurduğu əlaqələr Moskvanın xoşuna gəlmir və gəlməyəcək. İkincisi, Amerika Azərbaycanın iştirakçısı olduğu enerji layihələrinə dəstək verir. Vaşinqton Azərbaycanın təşəbbüskar kimi çıxış etdiyi TAP və TANAP layihərinin reallaşdırılmasına tərəfdardır. Bu Vaşinqtona ona görə lazımdır ki, Avropanın Rusiyadan qaz asılılığı azalsın. Rusiya prezidenti və digər rəsmiləri sözdə azad rəqabətə tərəfdar olduqlarını bildirsələr də, əməldə Avropadakı bəzi əlaltılarının köməyi ilə TAP və TANAP boru xətlərinin tikintisini ləngitməyə, daha əvvəl Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdırmaq istəyirlər. Üçüncüsü, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatıb. Bu dəmir yolu ilə Çindən çıxan mallar Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınacaq. Moskva bu layihəni də özü üçün təhlükəli sayır. Çünki, Moskva Çində istehsal olunan malların dəmir yolu ilə yalnız Rusiyadan Avropaya çatdırılmasına çalışır. Doğrudur, Çin Rusiyanın dəmir yolları ilə Avropaya mal daşıyır, ancaq bu yol etibarlı deyil, bir tərəfdən ləngimələr var, digər tərəfdən bir sıra Avropa dövləti həmin malların Rusiya üzərindən qəbuluna müsbət yanaşmırlar. Ona görə də Bakı-Tiflis-Qars dəmiryolu Çinin diqqətini çəkəcək və Pekin mallarının Avropaya çatdırılmasının diversifikasiyasına üstünlük verəcək. Əlbəttə, Vaşinqton birbaşa Bakı-Tiflis-Kars layihəsinə dəstək verməyib, ancaq Çin mallarının Rusiyadan yan keçərək Avropa barazına çatdırılmasında maraqlıdır". Elxan Şahinoğlu deyib ki, son zamanlar Türkmənistan qazının Xəzərin dibi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması mövzusu yenidən aktuallaşıb: "Vaşinqtonun bu layihəyə də marağı artıb ki, bu da Moskvada narahatlıqla qarşılanır". Politoloq onu da deyib ki, Amerika-Rusiya gərginliyi Minsk qrupu formatının fəaliyyətini də çətinləşdirir: "Onsuz da həmsədrlik institutu münaqişənin həllini sürətləndirə bilmir. Ancaq bundan sonra bu format çərçivəsində Rusiya ilə Amerikanın birgə çalışması, münaqişənin həlli ilə bağlı ortaq prinsipdən çıxış etməsi problematikdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31