Erməni təxribatı
Ermənistan diplomatik və hərbi sahədə Azərbaycan qarşısındakı məğlubiyyəti, uğursuzluğunu ənənəsinə sadiq qalaraq təxribatçı hərəkətləri, informasiya məkanında ölkəmiz əleyhinə mübarizə aparmaqla prt-basdır etməyə çalışır. Azərbaycan əleyhinə yönəlmiş bu fəaliyyətlər xüsusilə aprel savaşından sonra daha əhatəli və planlı şəkil almağa başlayıb.
2 Avqust 2017 14:19 SiyasətYaxud Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdi yeni mərhələdə
Ermənistan diplomatik və hərbi sahədə Azərbaycan qarşısındakı məğlubiyyəti, uğursuzluğunu ənənəsinə sadiq qalaraq təxribatçı hərəkətləri, informasiya məkanında ölkəmiz əleyhinə mübarizə aparmaqla prt-basdır etməyə çalışır. Azərbaycan əleyhinə yönəlmiş bu fəaliyyətlər xüsusilə aprel savaşından sonra daha əhatəli və planlı şəkil almağa başlayıb. Amma əvvəlkilərdən fərqli olaraq bu dəfəki fəaliyyətdə bir qədər korrektələr edilib. Daha dəqiq desək əvvəllər Ermənistan Azərbaycana qarşı Qərb və Rusiya xətti ilə hərəkət edirdisə, bu dəfə birinci Yaxın Şərq ölkələri, İsrail və bəzi ərəb dövlətləri əvəz edib. Bir müddət əvvəl qətərli iş adamlarının Ermənistana investisiya yatıracağı barədə dövriyyəyə buraxılan informasiya da məhz düşmən ölkənin növbəti təxribatlarından biri idi ki, Azərbaycanla ərəb dünyası arasında mövcud olan sıx əlaqələrə xələl gəlsin, qarşılıqlı əlaqələrdə sərinlik yaransın. Düzdür, sonradan Ermənistan tərəfindən dövriyyəyə buraxılan bu informasiyanın qeyri-ciddi olduğu üzə çıxdı və əsl məqsədin nədən ibarət olduğu aydınlaşdı. Belə olan halda Ermənistan İsrail kartını işə saldı. Bu günlərdə israilli nazirin işğalçı ölkəyə səfərini sanki bu ölkə prezidentinin İrəvana gəlişi kimi təqdim edən Ermənistanın növbəti hədəfi də məhz Təl-Əviv-Bakı münasibətlərinə zərbə vurmaq idi. Belə bir görüntü yaradılmağa çalışılırdı ki, Təl-Əviv guya regionda Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığa maraqlıdır. Halbuki Təl-Əvivin belə bir mövqedə olmasının qeyri-mümkünlüyü ortada idi. İrəvanın əsas müttəfiqlərindən birinin İran İslam Respublikası olduğu hər kəsə, eləcə də İsrailə gün kimi aydındır və belə olan halda Təl-Əvivin əzəli düşməni olan İranın dostu, qardaşı ilə sıx əməkdaşlığı, regionda Ermənistana üstünlük verməsi tamailə absurd görünürdü. Qeyd etdiyimiz kimi məqsəd strateji tərəfdaşlıq səviyyəsində olan İsraillə Azərbaycan arasında münssibətlərə kölgə salmaq və bununla da situasiyanı öz xeyirlərinə dəyişmək idi. Elə israilli nazirin Ermənistan səfəri ərəfəsində bu ölkədə işıq üzü görən qəzetlərdən birində Azərbaycan əleyhinə məqalənin dərc edilməsi də məhz erməni təxribatının məqsədyönlü "fəaliyyətinin" məntiqi nəticəsi idi.
Qeyd etdiyimiz kimi Ermənistanın Azərbaycana qarşı təxribatçı hərəkətləri, ölkəmiz əleyhinə apardıqları fəaliyyət istiqamətində Rusiya amili hər zaman öndə olub. Zaman-zaman Moskva-Bakı münasibətlərinə kölgə salmağa çalışan erməni informasiya maşını prezidentlərin Soçi görüşündən sonra daha da aktivləşib. Vladimir Putin və İlham Əliyevin nəzərdə tutulmadı halda qəfildən Soçidə görüşməsi və dövlət başçılarının görüşünün əsas hissəsinin məhz Dağlıq Qarabağ probleminin həllinə ayrılması Ermənistan hakimiyyətində ciddi narahatçılıq yaradıb. İşğalçı ölkə rəhbərliyi prezidentlərin Soçi görüşündə Q arabağ probleminin həlli ilə bağlı mühüm qərarların alındığından ehtiyat edərək bu görüşdən dərhal sonra Soçi danışıqlarının əhəmiyyətini azaltmağa, bunun sıradan bir görüş olduğu görüntüsü yaratmağa yönəlik fəaliyyətlərə başlayıb. Təsadüfi deyil ki, son günlər bütün erməni mətbuatı məhz bu istiqamətə köklənib və müntəzəm olaraq Soçi danışıqları şərh edilərək nəticədə Rusiyanın Ermənistanın yanında olduğu qənaəti fomalaşdırılmağa çalışılır. Bunu isə başa düşmək heç də çətin deyil və Ermənistanın, düşmən ölkə rəhbərliyinin prezidentlərin Soçi danışıqlarından ehtiyat etməsi normaldır. Bunu isə şərtləndirən başlıca amillərdən biri prezidentlərin məhz Soçidə bir araya gəlməsidir. Məlumat üçün qeyd edək ki, Kreml rəhbərliyi bir qayda olaraq ən ciddi problemli məsələləri bu və ya digər ölkələrdən olan həmkarları ilə məhz Soçidə müzakirə edir, hansısa razılığa gəlir. Kreml rəhbərinin Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanı Soçidə qəbul etməsi, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına dair danışıqların bir neçə dəfə məhz Soçidə keçirilməsi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə dəvət olunub orada Qarabağ probleminin müzakirə edilməsi kimi məqamları nəzərə alan Ermənistan rəhbərliyinin bu mənada narahatçılıq keçirməsi təbiddir. Ona görə də hazırda işğalçı ölkə rəhbərliyi, eləcə də erməni lobbisinin əsas fəaliyyət istiqaməti Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa, bu münasibətlərə xələl gətirməyə yönəlib. Necə ki, yaxın tariximizdə bunun əyani şahidi olmuşuq. Ancaq tam əminliklə deyə bilərik ki, indiyə qədər heç bir nəticə verməyən və sabun köpüyü effekti yaradan bu təxribat da öz məntiqi sonluğuna çatmayacaq.
Süleyman