Sülh Platformasından gözləntilər özünü doğruldur?
Bir müddət öncə Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri iki ölkə arasında sülh naminə platformanın yarandığını bəyan ediblər. Beynəlxalq təşkilatlara və hər iki ölkənin prezidentlərinə müraciətdə, platformanın erməni və azərbaycanlı təsisçiləri sülhə yönəli yeni təşəbbüsə "vətəndaş ictimai institutları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşlarını da" qoşulmağa çağırıb.
26 İyul 2017 15:09 SiyasətMünaqişə tərəfləri arasında etimad mühiti yaratmaq mümkün olacaq?
Bir müddət öncə Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri iki ölkə arasında sülh naminə platformanın yarandığını bəyan ediblər. Beynəlxalq təşkilatlara və hər iki ölkənin prezidentlərinə müraciətdə, platformanın erməni və azərbaycanlı təsisçiləri sülhə yönəli yeni təşəbbüsə "vətəndaş ictimai institutları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşlarını da" qoşulmağa çağırıb. Onu da xatırladaq ki, Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırıb. İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır. Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar ataraq birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin etməlidir. Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq qurmalı və effektiv xalq diplomatik fəaliyyətə cəlb olunçalıdır. Qeyd edək ki, ötən müddət ərzində Sülh Platformasına bir sıra əcnəbi və yerli hüquq müdafiəçiləri, siyasi ekspertlər və parlamentarilər qoşulub. Maraqlıdır, ötən müddət ərzində Sülh Platforması üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə nail ola bilibmi?
Ekspertlər hesab edirlər ki, Sülh Platforması ən azından Dağlıq Qarabağ probleminin dayaq nöqtəsindən tərpənməsinə təkan verib. Belə ki, 25 ildən sonra Ermənistan vətəndaşları olan ekspertlərin iştirakı ilə Bakıda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri, Ermənistandan və Azərbaycandan baxış" adlı beynəlxalq konfrans keçirildi. Bu gün erməni ekspertləri Dağlıq Qarabağın işğalına etiraz edir, işğala son qoyulmasını dəstəkləyirlər. Onlar Xocalı soyqırımı qurbanlarının abidəsi önündə baş əyib, xalqımızdan üzr istəyirlər. Nəzərə almaq lazımdır ki, bu mövqedə olanlar Sülh Platformasına qoşulan müxtəlif təbəqənin nümayəndələridir. O da faktdır ki, Ermənistan tərəfindən sülhü dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ziyalılar xalq diplomatiyasını dəstəkləyir. Millət vəkili Azay Quliyev bildirib ki, platforma vətəndaş cəmiyyəti tərəfindən irəli sürülən yeni bir təşəbbüsdür: "Düşünürəm ki, bu platforma münaqişənin həllinə kömək edə bilər. Uzun müddətdir beynəlxalq təşkilatlar tələb edirdi ki, münaqişə tərəfləri arasında etimad mühiti yaradılsın. İnam və etimad mühiti yaradıldıqdan sonra müəyyən təmaslar olsun. Platforma bu baxımdan unikal imkandır. İndiyədək bu cür konkret missiyası və vizyonu olan qurum yaradılmayıb. Sülh Platforması əvvəlki təşəbbüslərdən daha çox onunla fərqlənir ki, burada münaqişənin ədalətli və mərhələli həlli ilə bağlı dəqiq prinsiplər və şərtlər müəyyənləşdirilib. Platforma münaqişənin 3 mərhələdə həllini doğru və mümkün hesab edir. Birinci mərhələdə Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı 7 rayondan qeyd-şərtsiz çıxması təklif olunur. İkinci mərhələdə həmin ərazilərə, o cümlədən Dağlıq Qarabağa, yəni Şuşaya, Xankəndinə və digər bölgələrə azərbaycanlılar qayıdır. Bu mərhələ başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında kommunikasiyalar bərpa olunur. Üçüncü və sonuncu mərhələdə isə orada yaşayan ermənilərlə azərbaycanlılar birlikdə Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyənləşdirirlər. Məlumdur ki, Dağlıq Qarabağın hüquqi statusu uzun müddətdir müzakirə olunur. Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirir". Onun bildirdiyinə görə, Sülh Platformasının üzvləri Dağlıq Qarabağın Azərbaycanın tərkibində hüquqi statusunun müəyyənləşdirilməsinin ən doğru və ən təhlükəsiz variant hesab edirlər: "Bu, həm də beynəlxalq hüquq normalarına tam uyğundur. Helsinki Yekun Aktında qeyd olunur ki, xalqların öz müqəddəratını təyin etməsi hər hansı ölkənin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması hesabına ola bilməz. Sülh Platforması da bu cür mövqedən çıxış edir və beynəlxalq təcrübəyə istinad edir. Bu baxımdan platformaya maraq çoxdur, həm Ermənistan, həm də Azərbaycan tərəfdən bura qoşulanlar artmaqda davam edir. Eyni zamanda platformaya beynəlxalq təşkilatlar, xarici ölkə siyasətçiləri və vətəndaş cəmiyyəti fəalları tərəfindən də kifayət qədər diqqət və maraq müşahidə olunur. Platformanın işçi orqanı olan Katibliyi fəaliyyət göstərir və hər iki tərəfdən təyin olunan həmkoordinatorlar onun işini uğurla davam etdirirlər. HazırdaPlatformaya qoşulanların və onu dəstəkləyənlərin sayı kifayət qədər çoxdur. Bu isə qısa müddət ərzində əldə olunan müsbət nəticə kimi qeyd oluna bilər. Təəssüflər olsun ki, cəmiyyətdə bir sıra şəxslər tərəfindən bilərəkdən və ya biməyərəkdən yanlış fikirlər ortalığa atılır. Deyirlər ki, guya Sülh Platforması yaradılıb və işğal altında olan torpaqların qaytarılması istiqamətində iş görülmür. Bunlar yanlış fikirlərdir. Hər kəs problemin itkisiz həll edilməsinin tərəfdarıdır. Kim istəyər ki, gənclərimiz həlak olsun, heç kəs istəməz. Eyni zamanda kimsə torpaqların Ermənistana verilməsini və ya uzun müddət işğal altında qalmasını da istəməz. Azərbaycanın güclü ordusu var, ordumuz öz işini görür və görəcək. İşğalçı ölkə Azərbaycanın ərazisindən çəkilməlidir, bunun başqa yolu yoxdur. Davamlı sülhün əldə olunmasının yeganə yolu torpaqların işğaldan azad edilməsidir. İki ölkə arasında danışıqlar təxirə salınmadan bərpa olunmalıdır. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən dönməyəcəksə, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə razılıq verməyəcəksə, o zaman münaqişənin həlli üçün başqa variantlara əl atılacaq. Cəmiyyətdə ümumi fikir bundan ibarətdir. Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələri bu reallığı dəqiq bilirlər. Ümid edirəm ki, bu reallıqdan çıxış edərək Ermənistan tezliklə danışıqlar masasına qayıdacaq və ya qaytarılacaq".
Nurlan