Jirinovskidən Azərbaycana rusiyasayağı “tövsiyyə”
Qeyri-ciddi bəyənatları ilə daim gündəmi zəbt edən Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin Dağlıq Qarabağla bağlı son bəyənatı mediada və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.
24 İyul 2017 15:51 SiyasətRusiyaya birləşmək referendumu illuziyadan başqa bir şey deyil
Qeyri-ciddi bəyənatları ilə daim gündəmi zəbt edən Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin Dağlıq Qarabağla bağlı son bəyənatı mediada və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Jirinovski Qarabağın nə Azərbaycanın, nə Ermənistanın deyil Rusiyanın nəzarətinə keçməsinin ədalətli çıxış yolu olduğunu deyib. LDPR lideri Vladimir Jirinovski növbəti dəfə keçmiş sovet respublikalarındakı münaqişələrin həlli ilə bağlı özünün "orijinal" ideyasını irəli sürüb. Jirinovski Dövlət Dumasında jurnalistlərlə söhbətində bu münaqişələrin həllinin yeganə yolunun "bütün respublikaların yenidən vahid dövlətin tərkibinə qayıtması" olduğunu bildirib: "Bizdə Donbas, Dnestryanı, Abxaziya, Osetiya, Qarabağ əzab çəkir. Həll yolu birdir-ancaq vahid ölkənin bərpası, bunsuz qan və zorakılıq hələ onilliklər bundan sonra davam edəcək". LDPR lideri hesab edir ki, ölkələrin birləşməsi ancaq referendum yolu ilə olmalıdır. Onun fikrincə, keçmiş SSRİ-nin heç bir respublikası yenidən Rusiya ilə birləşib vahid ölkədə yaşamaqdan imtina etməz: "Referendum yolu ilə vahid böyük ölkə. Normal referendumda hamı, o cümlədən Pribaltika SSRİ sərhədlərinə qayıdacaq".LDPR lideri bundan əvvəl də bir neçə dəfə Qarabağ münaqişəsinin həll yolu kimi "Azərbaycan və Ermənistanın Rusiyaya birləşməsini" təklif edib. Qeyd edək ki, V.Jirinovskinin bu cür bəyanat və çağırışları ilk dəfə deyil. Bu adam dəfələrlə keçmiş SSRİ respublikalarını Rusiyaya birləşdirməyə, bəzi bəyanatlarında isə Dağlıq Qarabağı, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişə bölgələrini Rusiyaya birləşdirməyə çağırıb. 2014-cü ildə isə V.Jirinovski Bakıda səfərdə olub, paytaxtın mərkəzi və tarixi küçələrində gəzib Azərbaycanı tərifləmişdi. Lakin buradan getdikdən bir müddət sonra yenidən Azərbaycanın əleyhinə danışmışdı. Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü deputat Fazil Mustafa bildirib ki, Azərbaycan tərəfi V.Jirinovskinin Azərbaycanın suverenliyi əleyhinə olan açıqlamaları ilə bağlı Rusiya tərəfinə etirazını bildirməlidir: "Müstəqillik elə bir dəyərdir ki, hətta müəyyən dərəcədə Rusiya ilə münasibətlərin normallaşmasını istəyən qüvvələr belə, heç vaxt müstəqillikdən uzaqlaşacaq siyasət izlənməsinə maraqlı ola bilməzlər. O baxımdan da mən hesab edirəm ki, hansısa respublikada Jirinovskinin dediyi kimi Rusiyaya birləşmək referendumu keçirilməsi illüziyasının baş tutması mümkün deyil. Ona görə də biz çox vaxt Jirinovskiyə sərsəm fikirlər səsləndirən bir siyasətçi kimi yanaşırıq və bəzən onu çox ciddiyə almağa çalışmırıq. Amma ona, hər halda, cavab verilməlidir. Çünki Jirinovskinin fikirləri yekəbaşlıqdır və Azərbaycanın da suveren hüquqlarına qarşı müdaxilədir. Belə bir mövqe ilə heç barışmaq mümkün deyil, ona sərt reaksiya verməyimiz vacibdir. Etirazımızı bütün müstəvilərdə bildirməyimiz vacibdir". F.Mustafa qeyd etdi ki, Jirinovskinin Azərbaycan barədə düşüncələrinin dəyişməsi üçün müəyyən addımlar atıldı və bu normal idi. Amma belə görünür ki, onun düşüncələri əvvəlki kimi qalır. Jirinovski keçmiş SSRİ respublikaları ilə bağlı çox anormal bir ideya səsləndirir və bu ideyanın reallaşması mümkün deyil: "Jirinovskinin hədəfi bir Azərbaycan deyil, digər respublikalar da onun hədəfidir. Bu adam imperiya düşüncəsinin daşıyıcısıdır. Onun islah olunacağını, dəyişəcəyini gözləmək sadəlövhlük olar". Siyasi ekspertlər hesab edirlər ki, mövcud hakimiyyətin nə vaxtsa belə bir addım ata biləcəyi real görünmür. Azərbaycan hakimiyyətinin Moskvadan son prezident seçkilərində də müşahidə etdiyimiz asılılığını nəzərə alaraq qeyd etmək lazımdır ki, Jirinovskidən başqa da "ünsiyyət" kanalları heç şübhəsiz ki olmamış deyil. Bununla yanaşı, Rusiyanın yaxın tarixinə nəzər salsaq Jirinovskinin onlarla, yüzlərlə təlxək, absurd və populist fikir və bəyanatlarının şahidi olarıq. Onları sadalamağa ehtiyac yoxdur, bircə məsələni xatilatmaq kifayətdir. Bir müddət öncə Rusiyanın Şimali Qafqaz respublikalarının əhalisinin artımının qarşısını almaq üçün məxsusi onlar üçün doğum məhdudiyyətinin qoyulması haqda faşistsayağı təşəbbüsünü göstərmək olar ki, hansını ki, rəsmi Kreml Putinin Jirinovskini "el içində" töhmət etməsi ilə "malalamalı" oldu". Jirinovskinin Qarabağ məsələsi ilə bağlı əvvəldən sərt ermənipərəst mövqedə olduğu heç kim üçün sirr deyil, hətta o, özünün türkofob və islamofob olduğunu heç zaman gizlətməyib. Onun açıqlamalarına, ələl-xüsus da bu kimi sərsəm bəyanatlarına bir o qədər də ciddi yanaşılmamalıdır. Ümumilikdə isə götürsək, bu kimi təlxəklərin hər bir sözündən səksəkəyə düşməməkdən ötrü və bir növ milli natamamlıq kompleksinə çevrilmiş hisslərdən qurtulmaq üçün Azərbaycana, xalqa arxalanan və demokratik prinsiplərə sadiq, sözün gerçək mənasında qətiyyət nümayiş etdirmək gərəkdir.
Nurlan