Soçi görüşünün mühüm MƏQAMLARI
“Son zamanlar Azərbaycan Rusiya arasında müəyyən məsələlər var idi ki onların müzakirəsinə böyük ehtiyac var idi. Bura Bakıya gələn erməni əsilli Rusiya vətəndaşlarının guya həbs edilməsi, Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatının bağlanması, Rusiya tərəfindən pulsuz olaraq Ermənistana “İskəndər” tipli və daha müasir silahların göndərilməsi, cəbhə xəttində baş verənlər, ən əsası da Dağlıq Qarabağ münaqişəsi və digərləri daxil idi”. Bunu politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya Prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşü şərh edərkən deyib.
24 İyul 2017 12:43 Siyasət"Son zamanlar Azərbaycan Rusiya arasında müəyyən məsələlər var idi ki onların müzakirəsinə böyük ehtiyac var idi. Bura Bakıya gələn erməni əsilli Rusiya vətəndaşlarının guya həbs edilməsi, Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatının bağlanması, Rusiya tərəfindən pulsuz olaraq Ermənistana "İskəndər" tipli və daha müasir silahların göndərilməsi, cəbhə xəttində baş verənlər, ən əsası da Dağlıq Qarabağ münaqişəsi və digərləri daxil idi". Bunu politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya Prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşü şərh edərkən deyib.
Politoloq bildirib ki, Soçi görüşü iki ölkə arasında yaranan anlaşılmazlıqların aradan qaldırılması baxımından çox əhəmiyyətli oldu: "Son zamanlar Azərbaycan Prezidenti xarici siyasət sahəsində ciddi manevrlər etdi. Son müddət ərzində Dövlət başçının Polşaya, Latviya səfəri, orada imzalanan bəyannamələr, həmin ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanıması, Avropa Birliyi ilə əməkdaşlığın gücləndirilməsi, bundan başqa İstanbulda həyata keçirilən konqres çərçivəsində Azərbaycan Prezidentinin ABŞ-ın XİN başçısı və Dövlət Departamentinin sədri ilə görüşü, ölkəmizlə bağlı müsbət mesajların verilməsi Rusiya tərəfindən narahatlığa səbəb olmuşdu. Rusiya başa düşdü ki, Qafqazın ən aparıcı, güclü dövləti Azərbaycan Rusiyanın yanlışlıqları ucbatından ondan uzaqlaşa bilər. Məhz bu amillər Soçi görüşünün təcili şəkildə baş tutmasına səbəb oldu".
Q. Hüseynlinin fikrincə, Rusiyanı narahat edən əsas məsələlərdən biri də Azərbaycan ordusunun təmas xətti boyunca hərbi şəraitə yaxınlaşdırılmış manevrlər keçirməsidir: "Bu hətta bir sıra siyasətçiləri belə müharibənin olacağı qənaətinə gətirmişdi. Belə olan halda, bu Rusiya üçün də arzuolunan vəziyyət deyil. Rusiya buna görə də Azərbaycan Prezidentini Soçiyə dəvət etdi və görüşdə bir sıra məsələləri müzakirə olundu".
Soçi görüşü zamanı əsas Dağlıq Qarabağ və onun ətrafında baş verənlər, eləcə də iki ölkə arasında strateji tərəfdaşlıq bağlarının daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini dilə gətirən politoloq qeyd edib ki, Azərbaycan Prezidenti müzakirələr zamanı ölkəmizin mövqeyini bir daha ortaya qoydu: "Ölkəmizin mövqeyinin nüansları hər kəsə məlumdur. Bildiyiniz kimi Dağlıq Qarabağın status məsələsində həm ruslar, həm də ermənilər həddən artıq polemikalar aparırlar. Əgər əvvəllər Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusunun bərpa edilməsi təklifini irəli sürürdüsə, sonra bu statusu daha da yüksəldərək muxtariyyatın ən yüksək forması olan özünüidarə elementlərini özündə ehtiva edən Muxtar Respublikanın verəcəyini bəyan etdi. Ermənistan tərəfi burada həddindən artıq qəbul edilməz şərtlər irəli sürür. Bu baxımdan hesab edirəm ki, Rusiya prezidenti bundan sonra Ermənistan prezidentini qəbul edəcək və bu məsələləri onunla da müzakirə edəcək. Çünki əsas məsələ ümumi kompromisin əldə edilməsidir".
Politoloq vurğulayıb ki, Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək: "Son zamanlar münaqişənin həllində BMT-nin, eləcə də ATƏT-in fəallığı xeyli artıb. Belə xarici təşəbbüslər fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, imici ciddi ziyan çəkə bilər. Bu baxımdan Rusiya aprel döyüşlərindən sonra olduğu kimi, Soçi görüşündə də münaqişənin həlli ilə bağlı məşğul olacağına, status-kvonun dəyişdirilməsinə, lazımi kompromisləri əldə etməyə çalışacağına söz verib".
"Ümumilikdə Soçi görüşünün müsbət xarakter daşıdığını, Rusiya-Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişafına mühüm töhfələr verdiyini söyləmək olar" - deyə, Q. Hüseynli əlavə edib.