"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin korlanması ilə bağlı səyləri heçə endirdi"- ŞƏRH
“Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü göstərdi ki, prezidentlər arasında münasibətlər o qədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur. Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbii ki, bu, böyük göstəricidir”. Bunu beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.
24 İyul 2017 12:00 Siyasət"Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü göstərdi ki, prezidentlər arasında münasibətlər o qədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur. Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbii ki, bu, böyük göstəricidir". Bunu beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.
Son aylar Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərdə müəyyən müəmmalı məsələlərin ortaya çıxdığını deyən ekspert söyləyib ki, Soçi görüşü ermənilərin Azərbaycan-Rusiya münasibətlərinin korlanması üçün göstərdikləri bütün səyləri heçə endirib, silə bilər:"Hətta prezidentlərin görüşündə də qeyd edilib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri, yəni Ermənistanı və beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri kənardan belə müdaxilə cəhdlərinin baş tutmasına imkan verməyib. Çox maraqlı vəziyyət yaranır. Adətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması ilə bağlı bəyanatları nədənsə yalnız erməni tərəfi verir və ya yalnız öz xeyrinə şərh edir. Onlar da bunu elə təqdim edirlər ki, guya bu qruplaşma məhz Azərbaycana qarşı yaradılıb. Amma Rusiya tərəfindən heç bir rəsmi şərh və ya reaksiya yoxdur. "İskəndər" raketlərinin Ermənistana verilməsi ilə bağlı şərhləri də yalnız Ermənistan tərəfi verib, Rusiya tərəfdən heç bir açıqlama olmayıb. Ona görə də raketlərin hansı şərtlərlə, hansı məqsədlər üçün verildiyi müəmmalıdır. Bəli, Ermənistan çalışır ki, Rusiya-Azərbaycan münasibətləri korlansın".
İ. Vəlizadənin sözlərinə görə, buna səbəb son illər bu münasibətlərin səviyyəsinin çox yüksəlməsi və onun intensiv dinamikaya malik olmasıdır: "Təkcə onu demək yetər ki, Rusiya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşı, ölkəmizdə qeyri-neft sektoruna sərmayə qoyan 3 ölkədən biridir. Bundan başqa, turizm sektorunda əlaqələrdə irəliləyiş müşahidə edilir. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayında çox böyük artım var. Həmçinin, "Şimal-Cənub" nəqliyyat dəhlizi reallaşmaq üzrədir. Bununla bağlı bir neçə gün əvvəl iki ölkənin dəmir yol idarələrinin rəhbərləri görüşərək konkret məsələləri müzakirə ediblər. Təbii ki, bütün bunlar Ermənistan tərəfində narahatlıq doğurur. Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdikcə Ermənistana maraq azalır. Rusiya sərmayələri Ermənistana yox, Azərbaycana axır. Düzdür, bütün bunlarla yanaşı, son vaxtlar bir qədər gərginlik, təşkilatlar, məmurlar arasında münasibətlərdə müəmma hiss olunurdu. Məhz bu səbəbdən də Prezidentlər Soçidə görüşməklə sözügedən məsələlərə aydınlıq gətirib, onlarla bağlı qərar qəbul etdilər".
Ekspert əlavə edib ki, görüş zamanı hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələlər geniş müzakirə edilib. Sia.az