Prezidentlərin görüşü nə vəd edir?
Payızda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi gözlənilir. "İzvestiya” qəzetinin məlumatına görə, görüşün əsas təşkilatçısı Kreml olacaq. Çünki ATƏT-in Minsk Qrupunun digər üzvləri - ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib. Mənbə qeyd edib ki, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır.
19 İyul 2017 13:31 SiyasətProblemi çözmək üçün Moskvanın imkanları daha çoxdur
Payızda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi gözlənilir. "İzvestiya" qəzetinin məlumatına görə, görüşün əsas təşkilatçısı Kreml olacaq. Çünki ATƏT-in Minsk Qrupunun digər üzvləri - ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib. Mənbə qeyd edib ki, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bu baxımdan regionda irimiqyaslı müharibə baş verməyib. Lakin tərəflərin məqsədi və baxışları fərqli olaraq qalmaqdadır. Ermənistan prezidenti Serj Sarkisyan da görüşün cari ilin payızında baş tuta biləcəyini inkar etməyib. Bildirib ki, Prezident İlham Əliyevlə görüş haqqında ilkin razılıq həmsədrlərinin səfəri zamanı əldə olunub: "Biz belə görüşlərə xüsusi ümid bəsləmirik, hazırlıq işləri konkret təkliflərə əsaslanan mövqeyi ehtiva edir. Biz vasitəçiləri öz mövqeyimiz haqda məlumatlandırmışıq - xüsusi gözləntimiz yoxdur, ancaq biz əleyhinə deyilik. Prezidentlər səviyyəsində görüşə ciddi hazırlaşmaq lazımdır - konkret təkliflərlə bağlı mövqe olmalıdır. İndi bunun üzərində iş gedir. Görüş payızda baş tuta bilər". İndi ölkə ictimaiyyətini düşündürən əsas məsələ ondan ibarətdir ki, prezidentlərin görüşü zamanı hansı nəticələrə nail oluna bilər?
Əvvala onu xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dəfələrlə ikitərəfli, yaxud üçtərəfli görüş olub. Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü müxtəlif zamanlarda və müxtəlif məkanlarda reallaşıb. Məsələ ondan ibarətdir ki, hər dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ümumi anlaşma əldə olunsa da sonradan həmin razılaşmanın isrası mümkünsüz olub. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib. Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Birmənalı şəkildə demək olar ki, əldə olunan ilkin anlaşmanın pozulmasına səbəb Ermənistan prezidenti Serj Sarkisyanın qeyri-konstruktiv mövqeyi olub. Xatırladaq ki, dəfələrlə şahidi olmuşuq ki, Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdikləri təxribatların qarşısı alınaraq düşmənə əks zərbə endirilən zaman Serj Sərkisyanın görüş arzusu baş qaldırır. Əslində isə Ermənistan tərəfindən belə görüşlərin ortaya atılmasının məqsədi mövcud status-kvonun qorunub saxlanmasına hesablanıb. Ermənistanın məhz bu planının reallaşmasında Rusiya faktoru önəmli rol oynayır.Ekspertlərin fikrincə, Avropa Birliyi və ABŞ regiondakı problemlərin həllində bu və ya digər dərəcədə Rusiya ilə dil tapmaq xəttini götürsə də Rusiya regionda hərbi-siyasi təmsilçiliyi olan yeganə güc mərkəzidir. O səbədən də Rusiyanın vasitəçiliyi Ermənistanın xilasından başqa bir şey deyil. Odur ki, siyasi ekspertlər prezidentlərin növbəti görüşündən hansısa konkret nəticələr gözləməsə də, münaqişənin həllində bunun əhəmiyyətli olacağına ümid bəsləyirlər. Onların qənaətinə görə, problemin ölü nöqtədən çıxması müsbət haldır. Problem ondadır ki, aprel döyüşlərinədək danışıqlar prosesi tam fiaskoya uğramışdı, ölü nöqtədə idi və bir tərpəniş yox idi. Artıq son aylar ərzində danışıqlarda bir irəliləyiş hiss olunur. Odur ki, prezidentlərin üçtərəfli görüşündə hansısa ciddi bir müsbət nəticə əldə ediləcəyi gözləntilər sırasındadır. Lakin üçtərəfli görüşdən böyük mənada hər hansı ciddi nəticə gözləmək o qədər də məntiqli olmazdı. Çünki, prezidentlərin görüşünün nəticə verməsi üçün bu görüş ərəfəsində çox ciddi hazırlıq işləri getməlidir. Bir az da konkretləşdirsək ekspertlər və ya xarici işlər nazirləri səviyyəsində müəyyən bir hazırlıqlar, razılıqlar olmalıdır ki, bunları prezidentlərin görüşünə təqdim etsinlər və həmin görüşdə real nəticə əldə olunsun. Əgər belə bir hazırlıq yoxdursa, belə bir razılaşmalar görüş öncəsində əldə olunmursa, onda həmin görüşün hər-hansı bir ciddi nəticə verəcəyinə ümid etməyə dəyməz. Politoloq Şahin Cəfərli hesab edir ki, hazırda danışıqların növbəti mərhələsinə hazırlıq səviyyəsinin hansı mərhələdə olması haqda hər hansı ətraflı açıqlamalar verilməyib: "Həmsədrlərin hər iki ölkənin xarici işlər nazirləri ilə görüşləri keçirilib, lakin bu görüşlərdə tərəflər arasında hər hansı kompromis və razılığın əldə olunması barədə bir məlumat yayılmadı. Şəxsi müşahidəm onu göstərir ki, prezidentlərin növbəti görüşündən ciddi nəticələr gözləməyə dəyməz, ən azı münaqişənin həllinə yönəlmiş hansısa ciddi nəticələri mən gözləmirəm". Millət vəkili Fazil Mustafa qeyd edib ki, tərəfləri bir masa arxasına əyləşdirməyə çalışan Moskva ortaya öz mövqeyini qoymağa çalışır. Kreml bu işin sadəcə Rusiyanın "öhdəliyində" olduğunu bəyan edir: "Rusiyanın görüşlə bağlı canfəşanlığının səbəbi məlumdur. Moskva həm dünya ictimaiyyətinə, həm də tərəflərə göstərir ki, münaqişənin həlli sadəcə Rusiyanın əlindədir. Problemi çözmək üçün Moskvanın imkanları daha çoxdur, nəinki Vaşinqton və Parisin. Əslində isə tərəflərin mövqeyi və danışıqlar prosesi ilə bağlı yeni situasiya yoxdur. Kremlin görüş istəyi reallaşsa belə, hansısa nəticəsi olmayacaq". Millət vəkili, Sarkisyanın görüşlə bağlı ifadələrinə də münasibət bildirib: "Sarkisyanın sözləri diplomatik mahiyyət daşıyır. Erməni tərəfi həmişə iddia edir ki, guya, onlar görüşün əleyhinə deyillər, təmaslardan qaçmırlar və s. Amma düşmənin daim qeyri-konstruktiv mövqe sərgilədiyi bəllidir". Deputat düşmən rəhbərinin "Rusiya Azərbaycana silah satışını dayandırmalıdır" fikrini də şərh edib: "Əslində bu məsələ "qabaqdan gəlmişlik" sayılır. Guya Rusiya Azərbaycanı silahlandırır. Məqsəd Azərbaycanın silahlanmasını gündəmə daşımaqdır. Lakin faktiki olaraq hamı çox gözəl bilir ki, Rusiyanın daim silah-sursat verdiyi ölkə məhz Ermənistandır. Özü də düşmən ölkə təmənnasız silahlandırılır". F.Mustafa son günlər artan müharibə ritorikasını də dəyərləndirib: "Müharibə ehtimalı həmişə olub və olacaq. Ancaq biz daha çox çalışmalıyıq ki, Ermənistan tərəfi bir reallığı dərk etsin. Düşmən tərəf anlasın ki, Azərbaycanın güclü ordusu onlara çox ciddi problem yarada bilər. Ona görə də gec olmadan yürütdükləri yanlış siyasətdən əl çəksinlər".
Nurlan