Ermənistan-Rusiya münasibətləri kəskin şəkildə pisləşib - AKTUAL

Rusiyanın son dövrlər ərzində Azərbaycana ən müasir silahlar, müdafiə kompleksləri və s. hərbi-texniki avadanlıqlar satması bu ölkənin "for-post"u olan işğalçı Ermənistanın hərbi-siyasi və ictimai dairələrini qıcıqlandırmaqdadır. Ümumiyyətlə, ötən müddət ərzində, xüsusilə ötən ilin aprel müharibəsinin ardınca Ermənistanda anti-Rusiya çıxışlarının sayı durmadan artır. Yeri gəlmişkən, işğalçı ölkənin prezidenti Serj Sarkisyan “Armeniya” telekanalına müsahibəsində Rusiyanın Azərbaycanı silahlı təchiz etməsini erməni-rus münasibətlərində ən ağrılı nöqtə kimi qiymətləndirmişdi. Hətta Sarkisyan uzun illərdir hesabına hakimiyyətini saxladığı Rusiyaya dolayı yolla həədə də gəlmişdi. “Hələlik, elə də ciddi hadisə baş verməyib, ancaq nə vaxtsa bu olacaq və onda münasibətimiz dəyişəcək”-deyə Sarkisyan xəbərdarlıq ritorikası ilə fikir bildirmişdi.

Qagik Ambaryan rus hərbçilərinin çıxarılmasını, Ermənistanda NATO hərbi bazasının və hərbi aeroportunun yaradılmasını təklif etdi

Rusiyanın son dövrlər ərzində Azərbaycana ən müasir silahlar, müdafiə kompleksləri və s. hərbi-texniki avadanlıqlar satması bu ölkənin "for-post"u olan işğalçı Ermənistanın hərbi-siyasi və ictimai dairələrini qıcıqlandırmaqdadır. Ümumiyyətlə, ötən müddət ərzində, xüsusilə ötən ilin aprel müharibəsinin ardınca Ermənistanda anti-Rusiya çıxışlarının sayı durmadan artır. Yeri gəlmişkən, işğalçı ölkənin prezidenti Serj Sarkisyan "Armeniya" telekanalına müsahibəsində Rusiyanın Azərbaycanı silahlı təchiz etməsini erməni-rus münasibətlərində ən ağrılı nöqtə kimi qiymətləndirmişdi. Hətta Sarkisyan uzun illərdir hesabına hakimiyyətini saxladığı Rusiyaya dolayı yolla həədə də gəlmişdi. "Hələlik, elə də ciddi hadisə baş verməyib, ancaq nə vaxtsa bu olacaq və onda münasibətimiz dəyişəcək"-deyə Sarkisyan xəbərdarlıq ritorikası ilə fikir bildirmişdi.

"Azərbaycanlılar aprel müharibəsində bu silahlarla sarsıdıcı zərbə vurmuşdular"

Bu arada, tanınmış erməni politoloqu Qagik Ambaryan son zamanlar bu müstəvidə cərəyan edən proseslərlə bağlı ilginc açıqlamaları və təklifləri ilə diqqət çəkməkdədr. SİA xəbər verir ki, "lragir.am" saytına müsahibə verən Ambaryana görə, əslində erməni ictimaiyyətinin, o cümlədən, Sarkisyanın bununla bağlı bəyanatları Rusiyanı qətiyyən narahat etmir. Erməni politoloqu həmçnini bildirib ki, əksinə, Rusiya Ermənistanın narazılıqlarını qulaqardına vurmaqla yanaşı, Azərbaycana silah satışını daha da artırıb. "Hətta bəzi mənbələrə görə, Rusiya Azərbaycana 7 milyard dollarlıq silah satıb"-deyə Ambaryan bildirib və əlavə edib ki, ümumiyyətlə, Rusiya İsraillə birgə Azərbaycanı silahlandıran əsas təchizatçılardır.

Yeri gəlmişkən, ermənilərin narazılıqlarını anlamaq olar, çünki bu ölkə Azərbaycanla müharibə etməyə hazır deyil və bunu Serj Sarkisyan digər erməni media qurumu olan "R-evalyusiya"ya müsahibəsində də demişdi. O, etiraf etmişdi ki, Ermənistan silah və hərbi texnika baxımından Azərbaycana uduzur.

Başqa tərəfdən, ermənilərin yeni savaş qorxusu həm də belə qənaətə gəlməyə əsas verir ki, hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın işlədəcəyi silahlar ağır zərbələr vuracağını başda Sarkisyan olmaqla ən sadə erməni də yaxşı anlayır. Bu baxımdan, Qagik Ambaryana görə, Azərbaycanın hücum əməliyyatına başlamayacağını və əldə etdiyi yeni silaharını işlətməyəcəyini kimsə qarantiya verə bilməz. SİTAT: "Azərbaycan TOS 1A ("günəş hərarəti", yaxud "solntsepyok"-R.N.) silahlarını alarkən də kimsə qarantiya olmamışdı. Yaxud, İsrail "kamikadzeləri" aprel müharibəsində sarsıdıcı zərbə vurmuşdular".

"Moskva və Yerevan nə qədər münasibətlərin normal olması barədə danışsalar da, reallıq başqadır"

Qagik Ambaryan jurnalistin Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətdə hansı səviyyədə olması barədə verdiyi sualını cavablandırarkən onu da etiraf edib ki, mövcud situasiya qəbulolunmazdır. "Rusiya strateji partnyorumuz olaraq bizi harada mümkündürsə, orada sıxışdırır, düşmənə (erməni politoloqu burada Azəraycanı nəzərdə tutur-R.N.) silah satmasından başlayaraq, milli sürücülük vəsiqələrimizi tanımamasına qədər."-deyə qeyd edən Ambaryan vəziyyətin böhranlı olduğunu vurğulayıb: "Moskva və Yerevan nə qədər münasibətlərin normal olması barədə danışsalar da, reallıq başqadır".

Yeri gəlmişkən, bu ərəfələrdə rus dilinin Ermənistanda əsas ikinci dil kimi qəbul olunması məsələsinin həll edilməmiş qalması amili də Rusiyanın qıcıqlanmasına səbəb olub ki, bu gün erməni sürücülər milli sürücülük vəsiqələri ilə Şimal qonşularının ərazisinə daxil ola bilmirlər. Çox yəqin ki, Qagik Ambaryan yuxarıdakı fikirlərini bu yöndə şərh etməyə çalışıb.

"Rusiyalı monopolistlərin Ermənistan bazarlarındakı mövcudluğu talançılıq xarakterini almaqdadır"

Beləliklə, ermənilər belə bir "əsaslandırma" gətirirlər ki, strateji tərəfdaş düşmənə silah satmamalıdır. Erməni politoloq sözügedən amillərin yalnız silah məsələsində deyil, iqtisadi sferada da ölkələrinə ciddi zərbə vurduğunu bildirib. SİTAT: "Bütün bunlardan əlavə, rusiyalı monopolistlərin Ermənistan bazarlarındakı mövcudluğu talançılıq xarakterini almaqdadır. Talan qaz təchizatı sahəsini, dəmiryolu və s. sahələrini də bürüyüb. Və bütün bunlar ola-ola Ermənistan Avrasiya İqtisadi Birliyində yeganə ölkədir ki, milli sürücülük vəsiqələri Rusiya ərazisində tanınmır. Nədir ki, rus dili Ermənistanda rəsmi dil kimi qəbul olunmayıb".

"Ermənistan hakimiyyəti özü-özünü küncə sıxışdırıb. Bizim manevrlər etməyə yerimiz qalmayıb"

Müsahibə əsnasında jurnalist Ambaryana Rusiyanın təhsil nazirinin Ermənistanın kiril əlifbasına keçid etməsi təklifini verdiyini xatırladıb və onu da deyib ki, həmin vaxt ermənilər bu təklifə istehza etmişdilər. "İndi isə Moskva mütəmadi olaraq bizi şantaja məruz qoyur, belə bir vəziyyətdə hansı tədbiri görmək olar?" sualına cavab olaraq erməni politoloq deyib: "Düşünürəm ki, Ermənistan hakimiyyəti özü-özünü küncə sıxışdırıb. Bizim manevrlər etməyə yerimiz qalmayıb. Çünki bizim bütün strateji obyektlərimiz - nəqliyyat, energetika, kommunikasiya sahələrimiz bütünlüklə Rusiyaya məxsusdur. Biz, öz təhlükəsizliyimizi ruslara etibar etməklə yanaşı, hətta Rusiyanın Gümrüdəki hərbi bazasının kommunal xərclərini ödəyirik, üstəlik, Rusiyanın sərhəd qoşunlarının Ermənistandakı sərfiyyatlarının yarısını da biz ödəyirik. Halbuki, ruslar Suriyada, Tacikistanda, Qazaxıstanda, Qırğızıstanda yerləşən hərbi bazalarına görə icarə haqqı ödəyirlər. Biz Gümrüdə onlara nəhəng ərazilər vermişik, əsgərləri isə şəhər əhalisinin aşkar bəlasına çevriliblər".

"Gümrü əhalisinin aşkar bəlasına çevrilən ruslar hərbi bazanın xərclərini özləri çəksinlər"

Politoloq açıq-aşkar rusların Ermənistandan qovulması tərəfdarı olduğunu bildirib. "Əgər sizin qonşu sizin evinizdəcə istədiyi şəkildə davranırsa, bu zaman onu qovmalı, ya da yerini göstərməlisiniz"-deyə qeyd edən Ambaryan təklif irəli sürərək deyib ki, bundan sonra hərbi bazanın xərclərini ruslar özləri çəkməlidirlər.

Ancaq Qagik Ambaryan bununla da kifayətlənməyərək, Qırğızıstan variantını da irəli sürərək, Ermənisatanın Arzni bölgəsində NATO bazasının salınmasını təklif edib. SİTAT: "Bununla yanaşı, qırğızların Manas nümunəsi kimi, Arznidə kiçik aperoport inşa edərək, orada NATO-ya məxsus kiçik baza da yaratmaq olar".

Beləliklə, istər Ambaryan, istərsə də onun kimi düşünən digər erməni siyasət adamları birbaşa anti-Rusiya havasında bəyanatlar verməklə yanaşı, erməni-rus münasibətlərinin heç olduğu qənaətində olduqlarını deyirlər. Hətta Ambaryanın bu ifadəsi də ilginc görünür: "ABŞ digər ölkələrə təklif edir ki, bizimlə birgə olsanız hər şey yaxşı olacaq, Rusiya isə deyir ki, mənimlə olmasan, hər şey sənin üçün pis nəticələnəcək. Bu, aşkar şantajdır. Mən anlayıram ki, Rusiya ilə əməkdaşlıq bizim üçün vacibdir, ancaq mövcud münasibətlər qəbulolunmazdır".

Rövşən Nurəddinoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31