“Azərbaycan prezidentinin ismarıclarının əsas hədəfi....”
Dağlıq Qarabağ problemi ətrafında hələ də qeyri-müəyyənlik davam edir. Bir tərəfdən ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində danışıqlar prosesini bərpa etməyə çalışır, digər tərəfdən isə Ermənistan yenə də öz ərköyünlüyü ilə bu prosesə zərbə vurmaq, danışıqlar prosesini əngəlləmək siyasəti həyata keçirir. Hər halda müntəzəm olaraq cəbhə xəttində Ermənistanın həyata keçirdiyi təxribatlar, ən son iyulun 4-də yaşanan olaylar, eləcə də qondarma rejimdə nəzərdə tutulan “prezident seçkiləri” belə deməyə əsas verir.
14 İyul 2017 13:18 SiyasətSahib Alıyev: "Silahı Azərbaycana pulla satıb ermənilərə pulsuz ötürərək vəziyyəti nəzarət altında saxladıqlarını, yəni oyun oynadıqlarını düşünənlərdir"
"Onlara göstərilir ki, kimsə bizimlə oyun oynaya bilməz, biz heç kimin yox, öz oynumuzu oynayırıq"
Dağlıq Qarabağ problemi ətrafında hələ də qeyri-müəyyənlik davam edir. Bir tərəfdən ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində danışıqlar prosesini bərpa etməyə çalışır, digər tərəfdən isə Ermənistan yenə də öz ərköyünlüyü ilə bu prosesə zərbə vurmaq, danışıqlar prosesini əngəlləmək siyasəti həyata keçirir. Hər halda müntəzəm olaraq cəbhə xəttində Ermənistanın həyata keçirdiyi təxribatlar, ən son iyulun 4-də yaşanan olaylar, eləcə də qondarma rejimdə nəzərdə tutulan "prezident seçkiləri" belə deməyə əsas verir. Maraqlısı odur ki, Ermənistanın bütün bu şıltaqlıqlarına cavab olaraq heç bir əks reaksiya bildirməyən həmsədrlər və onların mənsub olduqları ölkələr əksinə Azərbaycana danışıqlar prosesində fəal iştirak etmək tövsiyyəsində bulunurlar. Ancaq görünür həmsədrlər ya mövcud reallığı görmür, ya da görmək istəmirlər. Ortada olan reallıq isə ondan ibarətdir ki, danışıqlar prosesinə mane olan tərəf məhz Ermənistandır. Elə bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında açıq şəkildə ifadə etdi. Dövlət başçısı çıxışı zamanı həmçinin danışıqlar prosesinə mane olmaq məqsədilə müntəzəm olaraq həyata keçirilən erməni təxribatlarına indiyə qədər lazımı cavab verildiyi kimi, bundan sonra da hər bir təxribata qarşı anoloji addımların atılacağını düşmən ölkənin diqqətinə çatdırmış oldu: "Ermənistan həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da ovaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi. 2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq".
Prezidentin çıxışı zamanı Azərbaycanın hərbi potensialı, ordumuzun qüdrətinin daha da artırılması, yeni silah və texnikaların alınması barədə səsləndirdiyi fikirlər də əslində Ermənistan rəhbərliyinə bir xəbərdarlıq, eyni zamanda beynəlxalq aləmə vacib ismarıc idi: "Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir".
Millət vəkili Sahib Alıyev dövlət başçısının Nazirlər Kabinetinin iclasında çıxışı zamanı söylədiyi fikirlərə diqqət çəkərək qeyd edib ki, cənab Prezident çıxışı zamanı həm məsələnin həllinin indiyədək necə gecikdirildiyini, həm də bundan sonra necə tezləşdiriləcəyini faktlara dayanaraq söyləyib. Sahib Alıyevin qənaətincə, dövlətimizin başçısı hərbi texnikanın alınmasından danışarkən onların ancaq bir ölkədən gətirilmədiyini və gətirilməyəcəyini elə-belə vurğulamırdı: "Bu ismarıcın hədəfi ilk növbədə onu Azərbaycana pulla satıb ermənilərə pulsuz ötürərək vəziyyəti nəzarət altında saxladıqlarını, yəni oyun oynadıqlarını düşünənlərdir. Onlara göstərilir ki, kimsə bizimlə oyun oynaya bilməz, biz heç kimin yox, öz oynumuzu oynayırıq və oynayacağıq. Azərbaycan hansı yolla olursa-olsun öz torpaqlarını geri qaytaracaq.
Düzdür, hələ gözləyirik. Amma ona görə gözləmirik ki, Ermənistandakı hərbi xuntanın ağıllanacağına və yaxud da erməni havadarlarının haçansa ədalətli davranacaqlarına ümid edirik. Xeyr. Biz həlledici addımın atılacağı uyğun zamanı gözləyirik. Bu gözləmənin adı hərəkətsizlik deyil. Əksinə dayanmadan hərkətdəyik. Düşmənin demək olar ki, hər gün itkilrlə üzləşməsi, diplomatik səylər, aparılan informasiya savaşı, alınan texnika və silahlar, yarım ildə daha iki hərbi zavodun istifadəyə verilməsi və sair faktları nəzərdə tuturam) və bu hərkətlər də həmən o həlledici zamanın tezliklə yetişməsinə yönəlib. Bu gözləmənin adı nə kimsəsə ümüid etmək, nə də kimdənsə çəkinmək də deyil. Bu gözləmənin adı Strateji Səbrdir".
Süleyman