Azərbaycanın uğurlu xarici siyasət kursu ölkəmizə beynəlxalq marağı artırır

Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycana beynəlxalq aləm, dünya dövlətləri tərəfindən maraq daha da artır. Müntəzəm olaraq Azərbaycan dövlət başçısının müxtəlif xarici ölkələrə səfərləri, eləcə də ayrı-ayrı dövlət və hökumət rəhbərlərinin vaxtaşırı ölkəmizə səfər etməsi fonunda bunu aydın şəkildə görürük. Qurulan ikitərəfli və çoxtərəfli əməkdaşlıq, qarşılıqlı münasibətlər sistemi Azərbaycanın regionda etibarlı tərəfdaş rolunu və çəkisini artırır. Təsadüfi deyil ki, bu gün Avropadan tutmuş Asiyaya, Qərbdən Birləşmiş Ştatlara qədər. eyni zamanda ərəb dünyası, Körfəz ölkələri Azərbaycanla əməkdaşlığa maraq göstərir, can atır.

Bakı regionda etibarlı tərəfdaş ölkəsi rolunu oynayır

Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycana beynəlxalq aləm, dünya dövlətləri tərəfindən maraq daha da artır. Müntəzəm olaraq Azərbaycan dövlət başçısının müxtəlif xarici ölkələrə səfərləri, eləcə də ayrı-ayrı dövlət və hökumət rəhbərlərinin vaxtaşırı ölkəmizə səfər etməsi fonunda bunu aydın şəkildə görürük. Qurulan ikitərəfli və çoxtərəfli əməkdaşlıq, qarşılıqlı münasibətlər sistemi Azərbaycanın regionda etibarlı tərəfdaş rolunu və çəkisini artırır. Təsadüfi deyil ki, bu gün Avropadan tutmuş Asiyaya, Qərbdən Birləşmiş Ştatlara qədər. eyni zamanda ərəb dünyası, Körfəz ölkələri Azərbaycanla əməkdaşlığa maraq göstərir, can atır.

Beynəlxalq aləm tərəfindən ölkəmizə olan maraq və rəsmi Bakı ilə əməkdaşlığa verilən önəm Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsi ilə yanaşı, ölkəmizin bir nömrəli problem olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə də xarici aləm tərəfindən dəstək qazanmasına gətirib çıxarır. Bu faktı biz istər keçən ilin aprel ayında cəbhədə gərgin döyüşlər gedən ərəfədə, istərsə də son günlər ermənilərin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribat cəhdi zamanı aydın gördük. Sivil dünya, bəşəriyyətə sabitlik, dinclik arzu edən dövlətlər və təşkilatlar birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edərək hər iki halda erməni təxribatlarını pislədilər. Bu təkcə onunla bağlı deyildi ki, həmin dövlətlər və təşkilatlar Azərbaycanla ikitərəfli və çoxtərəfli formada əməkdaşlıq edir. Ölkəmizin mövqeyinin müdafiə edilməsi, dəstəklənməsi ilk növbədə Azərbaycanın haqlı, haqq işi uğrunda mübarizə aparması ilə bağlı idi. Sevindirici hal ondan ibarətdir ki, bu müsbət tendensiya getdikcə inkişafa doğru irəliləyir və ölkəmizin beynəlxalq əlaqələri geniş spektri əhatə edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da çıxışı zamanı bu məsələyə diqqət çəkərək beynəlxalq əlaqələrimizin inkişaf etdirilməsini təqdir edib: "Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olub, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu

ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir".

Heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, ölkəmizə olan marağın artmasına təsir göstərən amillərdən biri də müntəzəm olaraq Bakının mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etməsidir. İstər idman, istər mədəniyyət, istərsə də humanitar sahədə təkcə bu ilin birinci rübü ərzində keçirilən bir neçə tədbirlər Azərbaycana olan beynəlxalq marağın artmasına müsbət təsir göstərən amillərdəndir. Dövlət başçısının qeyd etdiyi kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir və həmin tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir: "Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum keçirilib. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilib. Bu il IV Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu da bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş tədbirdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir. Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu da qlobal tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi".

Azərbaycanın beynəlxalq müstəvisində Birləşmiş Ştatlarla münasibətləri də xüsusi yer tutur. Sevindici hal ondan ibarətdir ki, Azərbaycan Amerika ilə münasibətlərə önəm verdiyi kimi, eyni zamanda Birləşmiş Ştatlar da Azərbaycanla əlaqələri inkişaf etdirməyə maraq göstərir. Xüsusilə bu maraq yeni Ağ Ev adminstrasiyası tərəfindən açıq şəkildə ifadə edilir. Elə Birləşmiş Ştatlar prezidenti Donald Trampın həm 28 may-Respublika Günü, həm də Bakıda keçirilən 24-cü Xəzər neft-qaz sərgi və konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə göndərmiş olduğu təbrik məktublarında da bu məqam əks olunur.

Dövlət başçısının da qeyd etdiyi kimi Ağ Ev rəhbərinin göndərmiş olduğu təbik məktubu bir tərəfdən Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırırdısa digər tərəfdən Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstək idi: "Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur. Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir".

Göründüyü kimi Azərbaycanın həyata keirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə öz müsbət töhfəsini verir. Bu isə ölkəmizin yeni-yeni diplomatik uğurlar əldə etməsinə yol açır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31