Prezidentdən Qarabağ mesajı

Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Prezident İlham Əliyev hər zaman olduğu kimi, yenə də Dağlıq Qarabağ problemi və bu problemin həlli istiqamətində atılan addımlardan da danışıb.

Azər Verdiyev: "Dövlət başçısı tək Ermənistana deyil, bütün dünyaya öz ismarıcını çatdırmış oldu"

Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Prezident İlham Əliyev hər zaman olduğu kimi, yenə də Dağlıq Qarabağ problemi və bu problemin həlli istiqamətində atılan addımlardan da danışıb. Dövlət başçısı eyni zamanda beynəlxalq birliyi münaqişənin həllində aktiv olmağa səsləyib. Bütün bunlara baxmayaraq Ermənistanın getdikcə aqressivləşdiyini, müntəzəm olaraq təxribatlara əl atdığını diqqətə çatdıran dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin də öz növbəsində ermənilərin təxribatlarına qarşı lazımı cavab verdiyini söyləyib. Bu mənada Prezident keçən ilin aprel hadisələrini, eləcə də iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşların hədəfə alınmasını xatırladıb və hər iki halda düşmənə Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab verildiyini söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun layiqli cavab zərbələri qarşısında duruş gətirə bilməyən Ermənistan rəhbərliyinin gec-tez danışıqlar masasına qayıdacağı aydın görünürdü: "Aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib. Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil".

Prezident bildirib ki, indi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin: "Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq".

Siyasi şərhçilər, ekspertlər hesab edirlər ki, Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin iclasında səsləndirmiş olduğu bu fikirlərdən həm beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupu, həm də işğalçı ölkənin rəhbərliyi ciddi nəticə çıxarmalıdır. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin (QALİB) sədri, politoloq Azər Verdiyev də bu qənaətdədir. İctimai Birlik sədri "OLAYLAR"-a verdiyi müsahibədə də məhz bu mövzuya toxunub.

-Azər müəllim, Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyev bir sıra mühüm məsələlər, eləcə də Qarabağ probleminə toxundu və bir daha Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi. Dövlət başçısının fikirləri həm Ermənistan, həm də münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar üçün nə dərəcədə ciddi bir mesaj olacaq?

-Mən hesab edirəm bu çıxış da əvvəlkilər kimi tarixi əhəmiyyətə malikdir. Əslində Prezident tək Ermənistana deyil, bütün dünyaya öz ismarıcını çatdırmış oldu. Çox vacib məqamlara toxunuldu. Azərbaycan bir daha öz sülhpərvər mövqeyini ortaya qoymuş oldu. Bu gün dünya artıq reallıqları qəbul edir. Reallıq isə ölkəmizin gücü ilə bağlıdır. Ermənistan Rusiyanın forpostu olaraq hər zaman "qapazaltı" olaraq qalacaq.

-Prezidentin 2 yaşlı Zəhranın və onun nənəsinin qisasının alındığı barədə fikirləri Silahlı Qüvvələrimizin gücü və qüdrətindən xəbər vermirmi?

- Axlanlı faciəsi sözün əsl mənasında bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Hesab edirəm biz 2 yaşlı Zəhranın harayını dünyaya çatdıra bildik. Təəssüflə qeyd etməliyik ki, dünyada ikili standart fobiyası kifayət qədər meydan götürüb. Ölkəmizə qarşı bəzi beynəlxalq təşkilatlar da məhz bu standartlardan alət kimi istifadə edirlər. Ancaq biz qisasımızı aldıq, alacağıq da. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev heç bir halda Zəhranın qanını yerdə qoymayacaqdı, qoymadı da. Ermənistan bu vandalizminə görə onlarla əsgərini itirdi.

-Həmçinin bu Ermənistana bir xəbərdarlıq mesajı sayıla bilərmi ki, növbəti təxribatların cavabı daha sərt ola bilər?

-Bəli, rəsmi Bakı dəfələrlə bəyan edib ki, biz sülh istəyirik, biz BMT-nin 4 qətnaməsinin icrasını gözləyirik. Lakin Ermənistan hər vəchlə bu tələbi qəbul etmir. Onlar sanki qəsdən status-kvonu qoruyub saxlamağa çalışırlar. Lakin bu uzunmüddətli ola bilməz. Ermənistan öz işğalçılıq nəfsinə görə ölkəsini bütün regional və beynəlxalq layihələrdən məhrum edibdir.

-Ümumiyyətlə hazırkı situasiyada Qarabağ problemi ətrafında cərəyan edən prosesləri necə dəyərləndirərdiniz?

-Ermənistan-Azərbaycan Dağlıq Qarabğ münaqişəsi bəzilərinin iddia etdikləri kimi sönmüş münaqişə deyil. Həm ötən ilin aprelində baş verən, həm də son Alxanlı faciəsi bir daha ikinci Qarabağ savaşının hər an başlaya biləcək ehtimalını ortaya qoymuş olur.

-Dövlət başçısının müşavirədə söylədiyi bir fikir də Amerika ilə münasibətlər oldu. Ümumiyyətlə, yeni Ağ Ev rəhbərliyinin regiona, xüsusilə Azərbaycana marağını necə xarakterizə edərdiniz?

-Birləşmiş Ştatlar dünyada supergüc dövlətdir. Kim bunun əksini deyirsə deməli siyasətdən anlayışı yoxdur. ABŞ üçün əsas olan iqtisadi və siyasi maraqlardır. Azərbaycan tək Cənubi Qafqazda deyil, eyni zamanda, MDB ölkələri arasında ön sıralarda gedir. Bundan başqa ölkəmizdə azad iqtisadi mühit formalaşıb. Siyasi sahədə isə dövlətimiz insan hüquq və azadlıqlarının bir nömrəli hamisidir. Bütün bunlar Birləşmiş Ştatlar üçün əsas kriteriyalardır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31