Həmsədrlərin qarşıdakı 3 illik fəaliyyət planı
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin nəticəsi olaraq uzun müddətdən bəri ara verilən danışıqlar prosesi belə demək mümkünsə bərpa olundu. Vasitəçilərin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin çoxdandır baş tutmayan görüşü Avropanın siyasi paytaxtı kimi tanınan Brüseeldə reallaşdı.
13 İyul 2017 13:32 SiyasətYaxud əsas hədəf nəyə hesablanıb?
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin nəticəsi olaraq uzun müddətdən bəri ara verilən danışıqlar prosesi belə demək mümkünsə bərpa olundu. Vasitəçilərin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin çoxdandır baş tutmayan görüşü Avropanın siyasi paytaxtı kimi tanınan Brüseeldə reallaşdı. Hər nə qədər bu görüşün nəticəsiz başa çatacağına dair Azərbaycanda əminlik olsa da, rəsmi Bakı yenə də məsələnin sülh danışıqları və diplomatik yolla həllinə üstünlük verdiyindən həmsədrlərin budəfəki oyununa da razılıq verdi və iyulun 11-də vasitəçilərin iştirakı ilə iki ölkənin xarici siyasət idarəsi rəhbərləri bir araya gəldi və ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Brüssel görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland iyulun 11-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcək addımları müzakirə ediblər. Və Brüssel görüşünün nəticəsi olaraq tərəflər yaxın vaxtlarda Birləşmiş Ştatlarda, Nyu-Yorkda bir araya gəlmək barədə ümumi razılıq əldə ediblər.

Cənubi Qafqaazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, cəbhədə Ermənistanın davam edən təxribatları fonunda belə bir görüşün keçirilməsinin əhəmiyyətsiz olduğu və heç bir nəticənin əldə edilməyəcəyi gözlənilən idi. Politoloq deyib ki, Ermənstan real danışıqlardan uzaqlaşıb, imitasiya üçün ildə bir- iki dəfə xarici işlər naziri səviyyəsində belə bir görüşə qatılır: "Bu görüşdə ATƏT-in Minsk qrupu üzvlərinin prezidentlərin ilin axırına kimi görüşün keçirilməsi barədə təklifləri tərəflərə bildirilib. Azərbaycanın belə bir görüşə razılıq verəcəyi şübhəsizdir. Amma Ermənistan prezidenti Serj Sarkisyanın bu görüşə - real danışıqlara qatılması sual doğurur. Erməni prezident bu il ərzində çalışacaq ki, danışıqlar dayansın və cəbhədə təxribatlar davam etsin. Çünki, gələn il Ermənistanda konstitusiyaya uyğun olaraq, idarə sistemində dəyişiliklər gözlənilir və Serj Sarkisyan baş nazir postuna hazırlaşır. Ona görə də cəbhədə təxribatları və danışıqlardan yayınması kursunu davam etdirəcək". Politoloq qeyd edib ki, Azərbaycan görüş xatirinə belə bir görüşlərdən imtina etməli, Ermənistana cəbhədə təzyiqləri artırmaqla, bir neçə rayonu boşalmaq üçün ultimatum verməlidir: "Ermənistan və onun havadarı ilə artıq ultimatumla danışmaq vaxtıdır. Mövqe döyüşləri vaxt itkisi və heç bir nəticəsi olmayan prosesdir".
Erməni təxribatının davam etdiyi bir ərəfədə gözdən pərdə asmaq xatirinə keçirilən, daha doğrusu vasitəçilər tərəfindən ciddi cəhdlə təşkil edilən bu görüşlər əslində ATƏT-in Minsk Qrupunun qarşıdakı 3 il ərzindəki fəaliyyət planının bir hissəsidir. Plan ondan ibarətdir ki, cari ilin sonuna qədər tərəflər arasında bir neçə anoloji və heç bir nəticəsi olmayan görüşlər keçirilir. Xüsusilə, yay aylarında
danışıqlar prosesi intensivləşdirilir və cəbhədə hansısa hərbi əməliyyatların başvermə mümkünlüyü sıfıra endirilir. Burada məqsəd yenə də Ermənistanı qorumaqdır. Belə ki, vasitəçilərə və onların bağlı olduğu dövlətlərə gün kimi aydındır ki, yay aylarında hərbi əməliyyatların başlaması Ermənistanı aprel ayındakı faciədən daha kritik bir durumla üzləşdirər. Bunu isə nə vasitəçilər, nə də onların bağlı olduğu ölkələr istəmir. Ona görə də yaxın aylarda mümkün hərbi əməliyyatların qarşısını almaq üçün danışıqların intensivliyi artacaq. Elə Nyu-York görüşü də buna hesablanıb və proses bu temlə ilin sonuna qədər davam edəcək. Növbəti 2018-ci il isə hər iki ölkədə mühüm siyasi hadisə, prezident seçkiləri ilə yadda qalacaq. Eyni zamanda həmin il Ermənistanın ağası sayılan Rusiyada seçki ili olacaq. Bu birmənalıdır ki, seçki ilində tərəflər mümkün qədər hərbi əməliyyatlardan uzaq olurlar. Seçkilərdən sonra təxminən bir il müddətinə yeni hökumətin formalaşması prosesi gedir ki, bu da hərbi əməliyyatların mümkünlüyünü sual altına alan məqamlardandır. Beləcə vasitəçilər 2019-cu ili də ara-sıra regiona səfər etmə və nəticəsiz danışıqlar keçirməklə başa vururlar. Hərdən həmsədrlərin dəyişdirilməsi də onların vaxt udmasına gətirib çıxarır. 2020-ci il isə okeanın o tayında Ağ Ev uğrunda seçkilər keçiriləcək ki, həmin ildə də avtomatik olaraq Vaşinqton üçün regional münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi qeyri-aktual olacaq. Beləcə 2020-ci ili də vasitəçilər danışıqlar prosesində heç bir nəticə əldə etmədən başa vuraraq qarşılarına qoyduqları 3 illik fəaliyyət planının icrasını uğurla həyata keçirəcəklər.
Süleyman