Beynəlxalq təşkilatların ikili standartları

Ermənistan özünün işğalçılıq və separatçılıq siyasətinin yeni mərhələsinə start verib. Artıq bir neçə aydır ki, düşmən ölkə cəbhə xəttində atəşkəsin pozulması hallarını intensivləşdirib, Qarabağda gərginliyi bir qədər də artırıb.

Və Ermənistanın Azərbaycana qarşı davam edən terroru

Ermənistan özünün işğalçılıq və separatçılıq siyasətinin yeni mərhələsinə start verib. Artıq bir neçə aydır ki, düşmən ölkə cəbhə xəttində atəşkəsin pozulması hallarını intensivləşdirib, Qarabağda gərginliyi bir qədər də artırıb. Paralel olaraq İrəvan müntəzəm olaraq təxribatlara əl atmaqla prosesləri idarəolunmaz vəziyyətə gətirmək, bununla da münaqişənin həlli istiqamətində qarşıdakı müddətdə nəzərdə tutulan danışıqlar prosesinə əngəl yaratmaq xətti götürüb. Proseslər o həddə çatıb ki, hazırda Qarabağdakı durum keçən ilin aprel ayında yaşanan hərbi əməliyyatlardan sonra ilk dəfə böhranlı vəziyyət kimi xarakterizə edilib. İndi hər an cəbhədə hərbi əməliyyatların geniş miqyas alacağı barədə əndişələr, narahatlıqlar var. Ermənistan tərəfinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinə endirdiyi raket zərbələri, nəticə etibarilə mülki vətəndaşların hədəfə alınması isə bu riski daha da artırıb. Bu ərəfədə beynəlxalq səviyyədə müşahidə edilən mənzərə isə ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi prosesini öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər müvafiq təşkilat və qurumlar cəbhədə baş verənlərə biganədirlər. Bu laqeydlik isə Ermənistanı daha da ruhlandıraraq yeni-yeni təxribatlara əl atmağa sövq edir ki, bu da müharibə riskinin artmasını şərtləndirən amillərdəndir. Elə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev də bu qənaətdədir. Ermənistanın ötən həftə cəbhə xəttində törətdiyi təxribata diqqət çəkən Razi Nurullayev deyib ki, Ermənistan rəhbərliyi iyul ayının 4-də bütün beynəlxalq hüquq normalarını pozaraq, eləcə də bütün insani dəyərləri aşağılayaraq iç üzlərini bir daha nümayiş etdirib: "Belə ki, həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq 2 yaşlı Quliyeva Zəhranı və nənəsini vəhşicəsinə qətlə yetirib. Bu hadisə, istər insani dəyərlər prizmasından, istər beynəlxalq hüquq normaları çərçivəsindən yanaşıldıqda, qatı, ağır cinayətdir, insanlığıa qarşı, bəşəriyyətə qarşı vəhşilikdir. Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı bu vəhşiliyi hər zaman, tarix boyu törədib. Mənfur qonşu illərdir və bu gün də, atəşkəs dövründə belə demək olar ki, hər gün atəşkəs rejimini pozaraq, cəbhə bölgəsində yaşayan dinc azərbaycanlıları qəsdən hədəfə götürərək, mülki əhaliyə qarşı murdar terror siyasəti yürütməkdə davam edir". Razi Nurullayev qeyd edib ki, son olay isə artıq səbrin son damlasıdır: "2 yaşlı məsum Zəhra körpənin, o günahsız mələyin vəhşicəsinə qətl edilməsi, bunun ardından isə Ermənistan rəsmilərinin bunu normal hal kimi qəbul edərək, utanmadan Azərbaycan dövlətini günahlandırması, eləcə də Ermənistan mülki vətəndaşlarının sosial şəbəkələrdə körpə uşağın öldürülməsini bayram etməsi dözüləcək, səbr ediləcək hadisə deyil. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bütün beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı terrorunu durdurmağa çağırır. Lakin nə AXCP-nin, nə də Azərbaycan xalqının artıq BMT başda olmaqla heç bir beynəlxalq təşkilata inamı, ümidi qalmayıb. 25 ildir ki, 1 milyondan çox azərbaycanlı Ermənistanın silahlı təcavüzü nəticəsində öz dədə-baba torpağından didərgin salınıb, qaçqın həyatı yaşayır. 25 ildir Ermənistan ordusu mülki azərbaycanlıları, qoca, qadın, uşaq demədən vəhşicəsinə qətl edir. Və bu 25 ildə BMT və digər beynəlxalq təşkilatların, qurumların Ermənistana qarşı qəbul etdiyi bütün qərarlar, qətnamələr yalnız kağız üzərində qalıb. Ermənistan isə qoltuğuna sığındığı böyük güclərə güvənərək öz terroruna davam edir". Partiya sədri hesab edir ki, beynəlxalq təşkilatlar ikili standartlardan uzaq olmalı, hər kəsi öz adıyla çağırmalıdır: "Birinci növbədə, ATƏT Minsk Qrupu Ermənistanı işğalçı adlandırmalı, onun hərəkətlərini ən kəskin sözlərlə qınamalıdır. Əks halda, Azərbaycan hökuməti Minsk Qrupunun yeni formatda şəkillənməsini qətiyyətlə tələb etməlidir. 2 yalşı mələyin - Zəhranın ölümü Ermənistanın son vəhşiliyi, son terroru olmalıdır. Hansı yolla olur-olsun Azərbaycana qarşı bu terror durdurulmalıdır. Günhakarlar, başda Ermənistan respublikasının prezidenti, əli azərbaycanlı qanına, körpə qanına batmış Serj Sarqisyan kimi qatı cinayətkarlar cəzalarını almalıdırlar. Azərbaycan dövlətinin, Azərbaycan xalqının işğalçı rejimi süpürüb atmaq üçün üçün gücü, qüdrəti var". Razi Nurullayev qeyd edib ki, keçən ilin aprel ayında yaşananlar bunu deməyə əsas verir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31