Ekspert: “Azərbaycan  bu gün hərbi yox, siyasi sahədə uğur əldə etməyə çalışmalıdır”- VİDEO

“Ermənistan ordusunun cəbhəyanı kəndlərdə dinc azərbaycanlı əhalini atəşə tutmasının səbəbi var. Ermənistan 2015-ci ildə yeni hərbi doktrina qəbul edib. Ermənilərin düşüncəsinə görə, onlar hərbi baxımdan Azərbaycana artıq tab gətirə bilmirlər. Ona görə də başqa hədəf seçdilər – yaşayış məntəqələrini, mülki şəxsləri və obyektləri. Yaşayış məntəqələrini atəşə tutmaq taktikası ermənilərə sərf edir”.

"Ermənistan ordusunun cəbhəyanı kəndlərdə dinc azərbaycanlı əhalini atəşə tutmasının səbəbi var. Ermənistan 2015-ci ildə yeni hərbi doktrina qəbul edib. Ermənilərin düşüncəsinə görə, onlar hərbi baxımdan Azərbaycana artıq tab gətirə bilmirlər. Ona görə də başqa hədəf seçdilər - yaşayış məntəqələrini, mülki şəxsləri və obyektləri. Yaşayış məntəqələrini atəşə tutmaq taktikası ermənilərə sərf edir". Bunu "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, fəlsəfə doktoru, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov bildirib. Ekspertin sözlərinə görə, Azərbaycan kəndləri qoşunların təmas xəttinə çox yaxında yerləşir, erməni kəndləri isə nisbətən içəridə, uzaqdadır: "Yəni ermənilərin 82 və ya 120 mm-lik minaatanlarından Azərbaycan kəndlərini vurmaq olur, amma bizdən ermənilərin olduğu yaşayış məntəqələrini isə yox. Çünki ermənilərin yaşayış məntəqələri adi silahların atış məsafəsindən çox uzaqdadırlar. Onlar bunu dəfələrlə bəyan da ediblər. Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan bildirmişdi ki, onun barmağı Azərbaycan tərəfə "İskəndər" raketini atmaq üçün düyməni basmağa titrəməz. O, bununla yaşayış məntəqələrinin və mülki şəxslərin vurulmasını nəzərdə tutmuşdu. Məlum oldu kimi, 3 həftə bundan əvvəl 5 erməni əsgəri vuruldu. Onlar bildirmişdilər ki, biz bunun cavabını verəcəyik. Alıxanlıda balaca Zəhranın və nənəsi Sahibənin vəhşicəsinə qətlə yetirilməsi həmin o cavabdır. Yəni bu, məqsədyönlü açılmış atəş idi. Onların daha sonra guya Alıxanlıda hərbi obyektlərin olması barədə yaydıqları saxta məlumatları isə tamamilə təkzib edildi. Çünki ATƏT sədrinin fəaliyyətdə olan nümayəndəsi Anjey Kaspşik, eləcə də xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri şəxsən həmin kənddə oldular və məlum oldu ki, Alıxanlıda, ümumiyyətlə, hər hansı hərbi obyekt olmayıb. Növbəti dəfə saxta, yalan məlumat yayan ermənilər bu dəfə çox rahat ifşa edildilər. Sonra da dedilər ki, minaatan mərmiləri guya o kəndə təsadüfən düşüb. Bu da yalandır və təsadüf ola bilməz. Axı minaatan mərmisi hədəfdən maksimum 50-100 metr aralı düşə bilər, daha 3-5 km yox. Yəni hansı tərəfdən baxsan, bunlar hamısı uydurmadır. Onların məqsədi məhz mülki məntəqələri, şəxsləri vurmaqdır və bu taktika bu gün də davam edir. Alıxanlıdakı hadisə də hazırlanmış, planlı təxribatın tərkib hissəsidir". E.Ələsgərov hesab edir ki, hazırda Azərbaycan hərbi yox, daha çox siyasi sahədə uğur əldə etməyə çalışmalıdır: "Azərbaycan siyasi baxımdan bütün dünyanın diqqətini bu hadisəyə cəlb edə bildi. Bu hadisə beynəlxalq ictimaiyyətin nəzərində Azərbaycan torpaqlarının işğal olunduğunu və Azərbaycanın mülki şəxslərinin qətlə yetirildiyini bir daha təsdiq edən elementə çevrildi. Bu proses davam etdirilir. Qeyd edək ki, iyulun 11-də xarici işlər nazirləri səviyyəsində danışıqlar olmalı idi. Faktiki olaraq Ermənistan bu danışıqlardan yayınmaq üçün siyasi hədəf də seçmişdi. Hərbi baxımdan isə onlar yararsız addım atıblar. Məncə, Azərbaycan ordusu Ermənistanın hərbi obyektlərinin, məntəqələrinin yerlərini dəqiq müəyyən edib, onları indi yox, bunun üçün münasib məqamda, siyasi şərait yaranan zaman məhv etməlidir. Hazırda bombardmana ehtiyac yoxdur. İndi daha çox bu mövcud əlverişli siyasi prosesi uzatmaq, maksimum siyasi dividentlər əldə etmək lazımdır. Azərbaycan rəsmi bəyan etməlidir ki, Ermənistan ordusu bizim mülki obyektləri və insanları atəşə tutur və biz yaxın zamanlarda cavab tədbirləri görəcəyik. Ona görə də dünya ictimaiyyəti bizim mövqeyimizi düzgün addım kimi qəbul etməlidir. Çünki dinc, mülki insanların həyatı təhlükə altındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31