Qarabağ münaqişəsinin siyasi həll variantı tükənib
Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə əngəl olmaqdadır. İşğalçı ölkənin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşları atəşə tutması və insan tələfatına yol açan hadisənin baş verməsi bunun əyani sübutudur.
10 İyul 2017 13:27 SiyasətMəhəmməd Əsədullazadə: "Bu gün dünyada konfliktlər danışıqlarla deyil, güc yolu ilə yoluna qoyulur"
Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə əngəl olmaqdadır. İşğalçı ölkənin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşları atəşə tutması və insan tələfatına yol açan hadisənin baş verməsi bunun əyani sübutudur. Ümumiyyətlə, Ermənistanın Dağlıq Qarabağ problemi meydana gələn vaxtdan müntəzəm olaraq bu kimi təxribatlar, hətta ən ağır insani cinayətlər törətdiyi hər kəsə bəllidir. Ancaq Aprel döyüşlərindən sonra işğalçı ölkənin belə bir cəsarətdə bulunacağı o qədər də inandrıcı görünmürdü. Düzdür, ötən bir il müddətində Ermənistan cəbhə xəttində bir neçə dəfə təxribat törətməyə cəhd edib və bir qayda olaraq həmin təxribatlarda hədəf əsasən Silahlı Qüvvələrimiz olub. İndiki halda hədəfin mülki vətəndaşlar seçilməsi isə bir sıra qaranlıq məqamlardan xəbər verir. Daha doğrusu son Alxanlı təxribatının arxasında müəyyən xarici təsirlərin olduğu qənaəti fomalaşır. Nədən ki, aprel müharibəsində ciddi zərbə alıb çoxsaylı itkilərlə üzləşən Ermənistanın belə bir təxribata əl atacağı bir qədər şübhə doğururdu. Ona görə yox ki, Ermənistan bu cür addımlardan uzaqdır. Sadəcə aprel savaşı işğalçı ölkəyə ciddi bir dərs olduğundan İrəvan Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlamasında maraqlı deyil. Səbəbi isə ondan ibarətdir ki, növbəti hərbi əməliyyatlar Ermənistan üçün ölüm kabusu kimi bir şey olar. Bəs onda Ermənistanın təxribat hərəkətlərində kimlər, hansı xarici qüvvələr maraqlıdır?
Məlum hadisə baş verən gündən etibarən ona beynəlxalq səviyyədə olan biganə münasibət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə bu qrupun üzvü olan Rusiyanın ortaya qoyduğu ədalətsiz mövqe onu deməyə əsas verir ki, 4 iyul təxribatı məhz Moskvanın İrəvana təhriki ilə baş verib. Belə ki, Azərbaycanın son vaxtlar regionda mövqelərinin həm siyasi, həm iqtisadi, həm də enerji resursları baxımından möhkəmlənməsi Kremli ciddi şəkildə narahat etməyə başlayıb. Bu səbəbdən Rusiya forpostu vasitəsilə Azərbaycana təsir göstərtmək istəyir. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, biıldirib ki, Ermənistan-Rusiya tandemi Azərbaycanın 20 faiz ərazisini işğalda saxlayır. Politoloqun sözlərinə görə, vaxtaşırı, işğalçı qüvvələr tərəfindən Azərbaycanın cəbhəyə yaxın kəndləri artilleriya atəşinə tutulur: "Göründüyü kimi, işğalçı Ermənistan və onun havadarı Rusiya Qarabağ konfliktinin həllindən mümkün qədər yayınmaq kursu götürüb. Cəbhə xəttində təxribatlar həyata keçirərək, mümkün danışıqlardan yayınır. ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların fəaliyyəti yalnız tövsiyə xarakteri daşıyır". Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan maksimum dərəcədə Ermənistanın bütün atəş nöqtələrini susdurmalı, dərinlikdə yerləşən hərbi obyektlərini darmadağın etməlidir: "Göründüyü kimi Qarabağ münaqişəsinin siyasi həll variantı tükənib. Bu gün dünyada konfliktlər danışıqlarla deyil, güc yolu ilə yoluna qoyulur. Füzuli və Cəbrayıl istiqamətində Ermənistanın mövqelərini darmadağın edib, böyük bir ərazini işğaldan azad etmək üçün əlavə şans yaranıb. Güc tətbiqi münaqişənin yalnız yeganə həll yoludur. Azərbaycanın Türkiyə ilə birgə taktiki hərbi təlimləri, həmçinin Azərbaycan-Türkiyə və Gürcüstanla xüsusi təyinatlılar səviyyəsində təlimlər, Cənubi Qafqazda üç ölkənin maraqlarının müdafiəsi baxımdından önəm daşıyır. Təbii ki, son iki ay ərzində Azərbaycanın iştirakı ilə gedən bu geosiyasi əhəmiyyətli proseslər rəsmi Kreml tərəfindən narahatlıq doğurur. Ona görə də Ermənistan tərəfinin bu qədər aqressiyası və mülki obyektləri hədəfə alması bir başa şimalın planın bir hissəsidir. Ermənistanın bu təxribatı vəziyyəti mürəkkəbləşdirdi. Bunun cavabsız qalmayacağı hər halda növbəti günlərdə aydın olacaq". Politoloqun sözlərinə görə, Ermənistanın cəbhə xəttində Azərbaycana qarşı hərbi təxribatları fonunda diplomatik müstəvidə Ermənistanın strateji müttəfiqi Rusiyanın Azərbaycana qarşı hücumları müşahidə edilir. O, bildirib ki, Rusiya dövləti Qarabağla bağlı gərgin situasiyada məhz erməni milləti ilə əlaqədar ölkəmizlə nota dilində danışır: "Bu, Rusiyadan ölkəmizə qarşı təzyiqdi və hörmətsizlikdir. Qeyd edim ki, İtaliyada TAP-a qarşı nümayişlər, Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı gecikmədə müəyyən qaranlıq məqamlar, Kreml tərəfindən idarə olunur. Moskva ölkəmizin TANAP və TRASEKA kimi qlobal və regional layihələrinin qarşısın almağa çalışır. Həmçinin Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri, şimal qonşumuzda qıcıq yaradan amillərdən biridir. Artıq, Rusiya ilə aramızda soyuq rüzgarlar əsir. Belə bir vəziyyətdə təbii ki, Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya qəti şəkildə fəal olmayacaq. Əksinə, Ermənistan vasitəsilə cəbhədə təxribatları genişləndirəcək. Bu arada Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın müvafiq qurumuna verdiyi cavab təqdirəlayiqdir və görünür artıq, Rusiya açıq təzyiqə keçib. Rəsmi Bakı, Rusiyanın təzyiqlərinə qarşı mübarizə aparmalı, çəkinməməli və Ermənistanın bütün təxribatlarına qarşı önləyici tədbirlər görməlidir. Rusiyanın artan aqressiyası qarşısında Rusiyada səfirimiz məsləhətləşmək üçün Bakıya çağrılmalıdır.
Süleyman İsmayılbəyli