Beynəlxalq birlik Azərbaycanın mövqeyini dəstəkləyir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur.
7 İyul 2017 14:32 SiyasətBu, ölkəmizin artan beynəlxalq nüfuzunun, haqlı mövqeyinin göstəricisidir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Siyasi ekspertlər hesab edirlər ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır. BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yardır. Mülki azərbaycanlı əhaliyə qarşı törədilən bu ağır cinayətlər Azərbaycan hökumətini və Azərbaycan Ordusunu müvafiq qaydada adekvat hərəkətlər etməyə vadar edir ki, bu da bütövlükdə regionda yeni müharibənin alovlanmasına və böyük çətinliklər hesabına əldə edilmiş qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin heçə endirilməsinə zəmin yaradır.
Dünya KİV-lərindən obyektiv yanaşma
Ancaq deyəsən, Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhranın iriçaplı döyüş silahına tuş gəlməsi buzu əridib, beynəlxalq təşkilatların özündə cəsarət tapmasına səbə olub. Nəticədə Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək ifadə edib. Beləliklə Ermənistanın növbəti qanlı cinayəti beynəlxalq birliyin sərt reaksiyasına tuş gəlib. Əvvəlcə onu qeyd edək ki, Ermənistanın növbəti təxribat xarakterli addımı dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində yer alıb. Vaxtilə Ermənistan-Azərbaycan cəbhəsində baş verən insindentə birtərfli yanaşan, daha çox erməni təəssübkeşi görüntüsü yaradan əcnəbi media təmsilçiləri bu dəfə hadisəni obyektiv işıqlandırmağa çalışıb. Dünyanın Assosiated Press, BBC, Euronews, New York Times, Washington Post, Le Monde və digər aparıcı media orqanları hadisəni obyektiv işıqlandırmış, Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yaymışlar. Nəzərə alsaq ki, dünyanın ən məhşur media orqanı belə hansısa siyasi və iqtisadu qurumun maraqlarını ifadə edir, o halda sadalanan KİV-lərin Azərbaycanın mövqeyini dəstəkləməsi, ən azından baş verən hadisəni qərəzsiz işıqlandırması tədqirəlayiq haldır. Belə məlum olur ki, Ermənistan hərbi birləşmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin, xüsusilə körpə uşaqların amansızcasına qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin narahatçılığına səbəb olub.
Bu narahatçılıqlar dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamentinin mövqeyində özünü büruzə verib. Belə ki, adıçıkilən beynəlxalq təşkilatların yaydıqları bəyənatlarda əsas günahkarın məhz Ermənistan olduğunu göstərmişlər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan dəfələrlə cəbhə xəttindəki insidentlərlə bağlı beynəlxalq təşkilatları məlumatlandıraraq baş verən hadisələrə görə məsuliyyətin Ermənistan dövlətinin üzərində qaldığını bəyan etmişdi. Görünür artıq haqq-ədalət öz yerini tapmaqdadır və beynəlxalq ictimaiyyət Ermənistanın cinayətkar əməllərinə göz yummaq fikrində deyil. Bu arada bəzi beynəlxalq təşkilatların Ermənistanın son təxribatı barədə yaydığı bəyənatı xatırlatmaq yernə düşərdi.
ATƏT:Ermənistanın təxribatı həmsədrlərin səylərinin pozulmasına hesablanıb
ATƏT-in Minsk Qrupu həmsədrlərinin faciə ilə bağlı yaydıqları ikinci bəyanatlarında təxribatların Ermənistan tərəfindən törədildiyi təsdiqini tapıb. Üstəlik işğalçı ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə bəyan edilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb. Qeyd edək ki, Minsk qrupunun bu mövqeyini təsdiqləmək üçün Azərbaycan tərəfinin kifayət qədər tutarlı əsası var. Məlumdur ki, Ermənistan yenə də beynəlxalq aləmi çaşdırmaq ənənəsindən əl çəkməyərək guya faciənin baş verdiyi ərazidə Azərbaycan tərəfinin atəş nöqtələrini susdurmaq istəyib. Lakin Ermənistanın cinayəti ört-basdır etmək məqsədilə verdiyi açıqlama bumerenq effekti verib. Artıq beynəlxalq ictimaiyyətə məlumdur ki, guya azərbaycanlıların yaşadığı məntəqələrdə atəş nöqtələrinin olması barədə Ermənistan tərəfinin iddiaları yalan və öz cinayətlərini kobud şəkildə ört-basdır etmək cəhdidir. Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və diplomatları, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi olublar. Bu halda Ermənistanın azərbaycanlılara qarşı davamlı şəkildə terror və soyqırımı siyasəti bu ölkə tərəfindən sistematik qaydada Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu sübut edir. Odur ki, həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlara yol verilməməsinə dair çağırışlarını təqdirəlayiqdir. Həmsədrlərin məhz Ermənistanın növbəti təxribatından sonra 1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırış isə bu sazişin şərtlərinin məhz işğalçı ölkə tərəfindən pozulduğunu göstərir.
Ermənistan beynəlxalq hüquq normalarına riayət etmir
Ermənilər tərəfindən Fizulu rayonunun Alxanlı kəndində törədilən faciə Avropa İttifaqı, Avropa Parlamenti, Avronest kimi beynəlxalq təşkilatlarda da rezonas doğurub. Belə ki, Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimin birgə yaydığı bəyanatda Fizuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən ciddi narahatlığını ifadə edilib. Bəyanatda münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmaına çağırış edilib. Bəyanata Avropa Parlamentinin ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə olunub. Bəyanatdan göründüyü kimi, AP, Aİ və Avronest Ermənistanın mülki əhalinin qətlinə səbəb olan növbəti qanlı aksiyasından ciddi narahatlıqlarını ifadə ediblər. Bu qurumlar faktiki olaraq Azərbaycanın bu günə kimi səsləndirdiyi mövqeni dəstəkləyərək münaqişənin qısa zamanda, beynəlxalq hüququn normalarına uyğun həllinə çağırış ediblər. ATƏT-in son bəyanatlının xarakterini nəzərə alaraq, bu qurumların ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə etməsi həm də Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət etmək anlamına gəlir.
Dağlıq Qarabağda gərginliyin artması BMT-nin də narahatçılığına səbəb olub. BMT-nin mətbuat katibi Stefan Düjarrik tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi və növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb: "BMT-nin baş katibinin 2017-ci il iyun 22-də verdiyi bəyanatda bildirdiyi kimi, hamımız təhlükəsizlik vəziyyətinin pisləşməsi, eləcə də bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktı ilə bağlı narahatıq". O, BMT-nin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində insanların, o cümlədən mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını dəstəklədiyini açıqlayıb. BMT rəsmisi bildirib ki, danışıqlar masasına ən qısa zamanda qayıdış bu həlli uzanmış və təhlükəli münaqişənin yeganə nizamlama yoludur.
ABŞ Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırıb
ABŞ Dövlət departamenti Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edib. Dövlət Departamentinin bəyanatında münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi xüsusi qeyd edilir. ABŞ-ın Minsk qrupunun həmsədrlərinin mövqeyinə tərəfdar çıxması və tərəfləri hərbi əməliyyatları dayandırmağa, danışıqlar prosesini bərpa etməyə çağırması onu göstərir ki, Vaşinqton Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırır. Vaşinqton münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsini qeyd etməklə münaqişənin ədalətli həlli ilə bağlı konkret mövqe ortaya qoyur.
Qeyd edək ki, beynəlxalq birliyin bu mövqeyi o anlama gəlir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlətdir. Halbuki beynəlxalq birlik münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Bununla da işğalçı dövlət beynəlxalq birliyin gözündə təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən dövlət "imici" formalaşdırmış olur. Məhz bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir və bölüşür, Ermənistanı pozucu fəaliyyətdən çəkinməyə çağırır. Beynəlxalq birliyin reaksiyası, xüsusilə ATƏT MQ-nin ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir.
Nurlan