Rahat uyu, Zəhra...

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin yenidən pozulması ABŞ-ı narahat edir. Bu pozulma mülki şəxslər arasında tələfata, o cümlədən 2 yaşlı uşağın ölümünə səbəb olub. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Eyni zamanda münaqişə tərəflərini atəşi saxlamağa və danışıqlar masası arxasına əyləşməyə çağırırıq. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır".

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin yenidən pozulması ABŞ-ı narahat edir. Bu pozulma mülki şəxslər arasında tələfata, o cümlədən 2 yaşlı uşağın ölümünə səbəb olub. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Eyni zamanda münaqişə tərəflərini atəşi saxlamağa və danışıqlar masası arxasına əyləşməyə çağırırıq. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır".

ABŞ Dövlət Departamentinin rəsmi yetkilisi Hizer Noert Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı açıqlamasında belə deyilir.

Son iki gündə dünyanın fərqli ölkələrindəki çeşidli siyasətçilərin, təşkilatların, qurumların yüzlərlə bəyanatında söyləndiyi kimi.

Zəhra və dünya

Ermənistan hərbi birləşmələrinin son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi beynəlxalq  ictimaiyyətdə çox ciddi rezonans doğurub.

AP, BBC, Euronews, New York Times, Washington Post, Le Monde və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırıb, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar. 

Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstəriblər.

ATƏT MQ həmsədrlərinin ikinci bəyanatında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə görünür.  

ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb.

Artıq beynəlxalq ictimaiyyətə məlumdur ki, guya azərbaycanlıların yaşadığı məntəqələrdə atəş nöqtələrinin olması barədə Ermənistan tərəfinin iddiaları yalan və öz cinayətlərini kobud şəkildə ört-basdır etmək cəhdidir. Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və diplomatları, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi olublar.

Ermənistanın azərbaycanlılara qarşı davamlı şəkildə terror və soyqırımı siyasəti bu ölkə tərəfindən sistematik qaydada Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu sübut edir. Həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlara yol verilməməsinə dair çağırışları təqdirəlayiqdir.

Həmsədrlərin məhz Ermənistanın növbəti təxribatından sonra 1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırış isə bu sazişin şərtlərinin məhz işğalçı ölkə tərəfindən pozulduğunu göstərir.

Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimin birgə bəyanatında isə Fizuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən ciddi narahatlığını ifadə edilib.

Sənəddə münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlamağa çağırış edilib.

Göründüyü kimi, AP, Aİ və Avronest Ermənistanın mülki əhalinin qətlinə səbəb olan növbəti qanlı aksiyasından ciddi narahatlıqlarını ifadə ediblər.

Bu qurumlar faktiki olaraq Azərbaycanın bu günə kimi səsləndirdiyi mövqeni dəstəkləyərək münaqişənin qısa zamanda, beynəlxalq hüququn normalarına uyğun həllinə çağırış ediblər.

ATƏT-in son bəyanatlarının xarakterini nəzərə alaraq, bu qurumların  ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə etməsi həm də Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət etmək anlamına gəlir. 

Dünya birliyi Ermənistanı təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlətdir.

Beynəlxalq birlik münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini istəyir, Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir və bölüşür, Ermənistanı pozucu fəaliyyətdən çəkinməyə çağırır.

Belə reaksiyası, xüsusilə ATƏT MQ-nin ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir.

Zəhranın qan yaşı

Fizuli rayonunun Alxanlı kəndində yaşayan Sahibə Allahverdiyeva və onun nəvəsi, 2 yaşlıZəhra Quliyeva torpaqdadırlar artıq.

Yaşadıqları, düşmən tərəfdən təhdidlərə rəğmən tərk etmədikləri kəndin məkanında.

O məkan ki, indi cənnətdir.

Qılıncların kölgəsi altında olan məkan əhli ilə danışa bilmərik, fəqət, onları öldürənləri danışdıra bilərik.

İndisə kiçik Zəhranın həyat aldığı torpağa həyatını verəndən sonra, məkan dəyişməsinin sonucu olan fotolarına baxıram.

Munis balaca. Əməllərini anlamayan, sözlərinin fərqinə varmayan yaşda qanına qəltan edilən Zəhra.

"Bütün aləmin bəxtəvərliyi bir körpənin göz yaşına dəyməz". Tanış ifadədir, yox?!

Erməni atəşindən həlak olan, qanı boynundan süzülüb artıq döyünməyən kiçik qəlbinin üstündə laxtalanan Zəhramızın göz yaşlarını görmədik ki.

Bəlkə o qan körpənin ölümün hənirtisi duyanda qorxaraq ağladığı anda gözlərindən diyirlənən göz yaşlarını silib, əridib içində. Kim bilir.

Cocuqluq illərində, əməllərimizə məsul ola bilməyəndə ölümün nə olduğunu anlamışdıqmı, ölümdən qorxmuşduqmu - bilinmir, hafizələrdə qalmayıb o anlar.

Yaşasaydı...

Zəhra 15, 20, bəlkə də 25 il sonra uşaqlıq şəkillərinə baxacaq.

Bu fotoda o, nənəsi Sahibə ilə televizora baxır.

Bax, bu fotoda isə o, nənəsinin qucağındadı, ikisi də kameraya baxırlar: Zəhraya nə vəd ediblərsə, gözlərini qırpmır, bəlkə də kameradan çıxacaq quşu gözləyir.

Və...

Bu fotoda Zəhra özünə baxır. Gözlərinin suvandığı qana və həlak olmuş nənəsinin baxışlarındakı "Zəhra, çata bilmədim sənə, qoruya bilmədim səni, bağışla" sözlərinin acıya parçalandığı halına.

Zəhra yaşamalıydı və həyatda hələ çox məqamlara təəccüblənməliydi.

Onun məktəb, universitet, toy fotoları olmalıydı.

Olmadı. Və olmayacaq.

Biz onu indiki fotoları, ürək parçalayan halı ilə xatırlayacağıq. Gözlərimizi yumub bu görüntüləri unutmaq istəsək belə, alınmayacaq və 2 yaşlı Zəhranın ölüm röyasındakı qanlı obrazı daim şüurumuzda qalacaq.

Qalmalıdır da.

Çünki uşağın ölümü, balacanın vəhşicəsinə qətlə yetirilməsi heç nə ilə haqq qazandırılmayacaq əməl, vəhşilik, cəlladlıqdır.

Üstəlik, yetkin insanların istisnasız olaraq hamısı üçün cəzadır,

Zəhranın ölümü onun qatillərinə ölüm hökmüdür.

İndi Zəhra üçün heç nə edə bilmərik.

O, artıq mələkdir.

Edə biləcəyimiz Zəhranın qatillərinin cəzasız qalmamasına çalışmaqdır.

Sən uyu, Zəhra balamız, uyu. Rahat uyu - bunun üçün hələ çox işlər görməyimiz gərəksə də.

Zəhranın fotolarına bir də baxın. Diqqətlə. Nənəsi Sahibə xanım cəbhə xəttinin yaxınlığında, ermənilərlə qənşər yaşamağın nə olduğunu bilirdi, təhlükəni anlayırdı.

Fəqət, kəndin mərd adamları təki o da ölümə və qorxuya meydan oxuyurdu həyatının hər anı ilə.

Zəhra isə bunları bilmirdi. Bildiyi onu sevənləri sevmək, sevməyənlərə də sevgi vermək, ayı balası oyuncağı ilə oynamaq, gülmək və gülüşü ilə görənləri sevindirməkdi.

Nənəsinin nağıllarını dinləyən balamız həyatın nağıl olmadığını anlamadan nağıla döndü.

Zəhra cənnətdə, onun qatilləri ermənilərsə hələ sağdır.

Hələlik sağdır.

Zəhra bu murdarları görməyəcək, çünki cənnət əhli cəhənnəmə vasil olanlarla əsla qarşılaşmırlar.

Lakin Zəhradan fərqli olaraq, günahsız insanlara cəhənnəm yaşatmaq istəyən erməni vəhşiləri və bu vəhşilərə qazandırmaq istəyənləri görürük.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri" adlı işlə məşğul olduqlarını deyən o üçlüyün zavallı görkəmlərini gördük, dilləri dolaşa-dolaşa "cəbhə xəttində gərginliyin artmasına yol verilməməlidir" sarsaqlığını eşitdik.

Bilirsiniz nədir məsələ?

Zəhranın ölümünə fərman ötən il verilmişdi hələ.

O vaxt ki, Ermənistanın Dağlıq Qarabağa və işğal etdiyi digər ərazilərə yeritdiyi hərbi hissələri axurlarında arpanı bol görüb hücuma keçmişdilər, ordumuz da şərəfsizlərə elə sarsıdıcı cavab vermişdi ki, İrəvana leş karvanları üz tutmuşdu.

Ötən ilin aprelində, dörd gün çəkən savaşda ermənilər qaçdılar. O zaman durdular ki, Minsk Qrupunun həmsədrləri, Rusiya, ABŞ, Fransa hövlnak İrəvanın dadına yetdilər.

Balaca ayı balası oyuncağı ilə oynayan Zəhranı və onun kimi bütün balalarımızı məhz "demokratik, insan haqlarını proritet sayan, sivil" dövlətlər təhlükədə qoydular.

"Azərbaycan adekvat cavab verməməlidir", "münaqişə bölgəsində hərbi əməliyyatlar yolverilməzdir" və s. kimi hərcai ultimatumlarla.

Azərbaycan ordusu işğal ərazilərində düşmənin sonunu çatdıracaq hücumunu dayandırmalı oldu: çünki münaqişənin dinc yolla çözülməsi üçün Qərbə və Rusiyaya son şansı verdi.

Bu, zəiflik yox, müdriklik idi.

Zəiflik uşaqları, qadınları hədəfə almaq, balacaları qətlə yetirməkdir.

Ermənistan isə, sadəcə, zəif və bədxət ölkə yox, terrorizmi həyat tərzinə çevirənlərin vətəndaşların sürü sayılaraq idarə edildiyi biçarələr məkanıdır.

Amma düşmən də artıq anlayır ki, qırmızı cizgini keçib. İrəvanda şər bayramı çox davam etməyəcək.

Hər kəs əməlinə görə cavab verəcək.

Zəhranın qatilləri də, bu qatillərin havadarları, bizi cəlladlarla "gərginlik yaratmadan ünsiyyət qurmağa" çağıran "vasitəçi"lər də - bəndə qarşısında olmasa da, bəndələri yaradan qarşısında.

Hələlik bəyanatlar verən dünya birliyi Ermənistanı beynəlxalq hüququn normalarına və prinsiplərinə, beynəlxalq təşkilatların qətnamələrinə uyğun olaraq qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarmağa vadar etməyincə, cəbhə xəttinin yaxınlığında yaşayan dinc əhalimiz erməni terrorçuların hədəfində, risk altında olacaqlar.

Donuzu darıdan çıxarmağınsa yolu bəlli, deyilmi?

...Yavru Zəhranın ölüm alovunda qarsalandığı yaşamının külü qəlbimizdə döyünür.

Hiss edirsinizmi o döyüntünü?

Elçin Alıoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31