Rusiya XİN-in qeyri-obyektiv yanaşması
Vaxtaşırı şimal qonşumuz Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə tərəfsizlik prinsipini bir kənara qoyub, ATƏT-in Minsk qrupunda təmsil olunduğunu nəzərə almadan açıq və dolayı şəkildə Ermənistanın maraqlarına xidmət edən addımlar atır, açıqlama və bəyanatlar verir.
7 İyul 2017 13:51 SiyasətVə ona verilən mühüm tövsiyyələr
Vaxtaşırı şimal qonşumuz Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə tərəfsizlik prinsipini bir kənara qoyub, ATƏT-in Minsk qrupunda təmsil olunduğunu nəzərə almadan açıq və dolayı şəkildə Ermənistanın maraqlarına xidmət edən addımlar atır, açıqlama və bəyanatlar verir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son vaxtlar bu mənfi tendensiya daha çox müşahidə edilməyə başlayıb. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazilərinə səfər etmələrinə rəsmi Bakı tərəfindən edilən haqlı etiraza cavab olaraq ortaya qoyduğu mövqe də bunu bi daha sübuta yetirib. Məlumat üçün qeyd edək ki, Rusiyanın xarici siyasət idarəsi erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazilərinə daxil olması üçün şərait yaradılmasının zəruriliyini bəyan edib. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Rusiyanın müvafiq qurumunun bu sərsəm bəyanatına cavabında Kremlə bir sıra tövsiyyələrdə bulunub. Belə ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasi məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyil. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib. İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir.
Politoloq Araz Aslanlı Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın müvafiq qurumuna ünvanladığı bəyanatı şərh edərkən bildirib ki, xarici siyasət idarəsi şimal qonşumuza bir sıra vacib məqamları xatırlatmaqla Moskvanı bundan sonra daha ədalətli və obyektiv olmağa çağırıb. Politoloq məlum açıqlamada yer alan bəzi məqamların xüsusi qeyd edilməli olduğunu vurğulayıb: "Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Rusiya vətəndaşlarının Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərləri və bu səfərlərə Rusiya XİN-in münasibətiylə bağlı açıqlama yayıb. Açıqlamada maraqlı məqamlar var. Əvvəla onu qeyd etmək yerinə düşər ki, artıq neçənci dəfədir Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya ilə bağlı açıqlamalarında tənqidin həcmini artırır. Diplomatik ədəbiyyat baxımından maraq doğuran ifadələrdən istifadə edilir. Bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin münasibəti "diplomatik etikadan kənar", "qeyri-dost", "təəccüblü" və "anlaşılmaz" kimi qiymətləndirilib. Bu qeyri-dost münasibətin heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmədiyi qeyd edilib. Məncə bu, münasibətlərin gələcəyi ilə bağlı həm də xəbərdarlıqdır". Araz Aslanlı onu da diqqətə çatdırıb ki, açıqlamada Azərbaycanın suverenliyi xüsusi olaraq vurğulanıb: "Rusiyanın hegemoniyasını artırmağa
çalışdığı mərhələdə bu çox önəmlidir. "Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq yaxşı bilir ki" deyərək Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlər sadalanıb. Arxasınca Xocalı soyqırımı vurğulanıb: "Xocalı faciəsini xatırlatmaq istərdik ki, erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsilə Ermənistan silahlı qüvvələri tərəfindən bütün Xocalı sakinləri bir gecənin içində soyqırıma məruz qalmışlar". Buradakı "digər ölkə" ifadəsiylə Rusiyanın nəzərdə tutuduğu şübhə doğurmur. Daha sonra əlavə edilib: "belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur". Daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə öhdəliklərini və məsuliyyətini xatırladıb ki, bu da maraqlı məqamlardan biridir. Bir daha xatırladım ki, Xarici İşlər Nazirliyinin son açıqmalarında Rusiya ilə bağlı tənqidi məqamlarda artış hiss olunur. Hikmət Hacıyevin 16 may tarixli müsahibəsində Rusiya "qeyri-dost addım" atmaqla, "vətəndaşları olan insanlara qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibət" göstərməklə ittiham edilirdi. Rusiyanın atdığı addımların, "Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmayacağı", "siyasiləşmiş erməni diaspor dairələrinin Rusiyanın daxili və xarici siyasətində bu qədər təsir gücünə malik" olmasının Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin perspektivi baxımından təhdid olduğu qeyd edilirdi. Ondan öncə də Rusiya tərəfi sərt ifadələrlə tənqid edilmişdi".
Füzuli