Cəzasızlıq ermənilərin vandalizm aktlarını davam etdirməyə zəmin yaradır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur.
6 İyul 2017 12:45 SiyasətQHT-lər Ermənistan ordusunun dinc sakinləri atəşə tutmasını pisləyir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Fikrimizcə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır. BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yardır. Mülki azərbaycanlı əhaliyə qarşı törədilən bu ağır cinayətlər Azərbaycan hökumətini və Azərbaycan Ordusunu müvafiq qaydada adekvat hərəkətlər etməyə vadar edir ki, bu da bütövlükdə regionda yeni müharibənin alovlanmasına və böyük çətinliklər hesabına əldə edilmiş qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin heçə endirilməsinə səbəb ola bilər.
Ermənistan tərəfinin bu addımı Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin də narahatçılığına səbəb olub. Azərbaycan qeyri-hökumət təşkilatları Füzuli rayonunun Alxanlı kəndində qadın və uşağın Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində qətlə yetirilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara çağırış edib: "Biz - Azərbaycanın qeyri-hökumət təşkilatlarının rəhbərləri münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarın yerinə oturdulması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq".
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatından daxil olan məlumata görə, 2017-ci ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın isə ağır yaralanması təşkilatının bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olmuşdur: "Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi, terroru və s. özünün dövlət siyasətinə çevirmiş ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaratmışdır. ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla bir çox beynəlxalq təşkilatların bu münaqişəyə ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gündə Ermənistan 20-ci əsrin sonlarında Xocalıda törətdiyi soyqırımın davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrini dağıdan, bir çoxunu saxtalaşdıran, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparan, bütün beynəlxalq hüquq normalarını, konvensiyalarını pozan ermənistana qarşı heç bir tədbirin görülməməsi Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin nümayişkəranə sübutudur. Ermənistanın təcavüzkar və işğalçı siyasətinin qurbanı olan biz qaçqın və məcburi köçkün gənclər bu cür ədalətsizliyə, ikili standartlara, qaniçən, uşaq qatili olan bu dövlətin törətdiyi cinayətlərə göz yuman, dəstək verən, bu münaqişənin sülh yolu ilə həll olunmasını bəhanə gətirərək işğal altında olan torpaqlarımızda ermənistanın möhkəmlənməsinə çalışan bütün dırnaqarası vasitəçilərə kəskin etirazımızı bildiririk. Bəyan edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, nəhayət körpələrin qanı bahasına təşkil etdikləri turist səfərlərinə son qoysunlar".
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzindən bildirilib ki, Minsk qrupunun hər üç həmsədr ölkəsi Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir. ABŞ, Fransa, Rusiya tam ermənipərəst mövqedən çıxış edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində üzərlərinə düşən missiyanı yerinə yetirmək əvəzinə işğalçının təcavüzkar siyasətini dəstəkləyir və buna bilərəkdən göz yumur: " ADİİM hesab edir ki, Ermənistanın bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. İşğalçı ölkənin bu qəddarlığı 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir". Təşkilat baş vermiş hadisə ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirliklərinə də etiraz məktubu ünvanlayıb. Məktubda QHT həmsədr ölkələrdən Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edib.
"Dostluq gənclərin əlaqələndirmə mərkəzi" İctimai Birliyi ermənilərin növbəti hücumları nəticəsində mülki şəxslərin öldürülməsinə görə narahatçılığını ifadə edib: "İyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisi qəsdən atəşə tutulmuşdur. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi Ermənistan dövlətinin terrorçu, təcəvüzkar mahiyyətini bir daha təsdiq edir. Qeyri-Hökumət Təşkilatları olaraq dinc sakinlərə qarşı törədilmiş cinayətlə bağlı, sülh naminə səslənirik! İnsan ölümünə səbəb olmuş bu qanlı hadisədən bizi 1 gün ayırır. Tarix zamanla ölçülsə də, faciələr günahsız insanların - uşaqların, qadınların, ahıl qocaların bir an içində yox olan həyatları heç bir ölçüyə sığmır. Hesab edirik ki, insanlığın ən ağılasığmaz hadisəsi kimi sonradan bir çox tədqiqatçıların, tarixçilərin, siyasətçilərin və digər başqa peşə sahiblərinin ortaya çıxardıqları nəticələr humanizm, insanpərvərlik, ədalət və bəşəri dəyərlər kimi hisslərlə yaşayan və ona inanan hər kəsi heyrətləndirəcək. Bu faciəvi hadisənin müəllifi və ünvanı - Ermənistan silahlı qüvvələridir. Ermənistan ordusu bütün beynəlxalq hüquq normalarını pozaraq dinc əhaliyə hərbi texnikadan atəş açmış, qoca və azyaşlı uşağı öldürmüşdür. Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Qeyri-Hökumət Təşkilatları olaraq dünyanın müxtəlif ölkələrində hökumət orqanlarında, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində fəaliyyət göstərən həmkarlarımıza, ədalətə inanan və onun bərpasına çalışan insanlara müraciət edərək səsimizə səs vermələrini xahiş edir, Ermənistan ordusunun dinc əlaliyə qarşı amansız hərəkətlərini pisləməyə çağırırıq. Biz dünya ictimaiyyətini sülh və insanlıq naminə, erməni silahlı qüvvələrinin törətdiyi bəşər cəmiyyətinə qara hərflərlə yazılmış bu hadisəni lənətləmək üçün səsləyirik!".
Alim