Ermənistan beynəlxalq humanitar hüququ ayaq altına atıb

Ermənistan heç bir beynəlxalq qaydalara riayə etmədən təxribat xarakterli əməllərini davam etdirir. Beynəlxalq səviyyədə hamılıqla qəbul edilən müharibə qanunlarını ayaq altına atan Ermənistan silahlı dəstələri nəinki mülki əhalini, hətta heç bir günahı olmayan məsum uşaqları qətlə yetriməkdən belə çəkinmir.

2 yaşlı uşağın qətlə yetirilməsi beynəlxalq Konvensiyanın ciddi şəkildə pozulmasıdır

Ermənistan heç bir beynəlxalq qaydalara riayə etmədən təxribat xarakterli əməllərini davam etdirir. Beynəlxalq səviyyədə hamılıqla qəbul edilən müharibə qanunlarını ayaq altına atan Ermənistan silahlı dəstələri nəinki mülki əhalini, hətta heç bir günahı olmayan məsum uşaqları qətlə yetriməkdən belə çəkinmir. Düzdür, biz mütəmadi olaraq ermənilərin qocalara, xəstələrə, uşaq və qadınlara qarşı vəhşiliklərinin şahidi olmuşuq. Ortada ermənilər tərəfindən azırbaycanlı uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər vəhşilik nümunələri var. Ancaq məsələ orasındadır ki, o vaxtkı başıpozğunluqdan, dünyada gedən hərc-mərclik siyasətinidən xeyli vaxt ötüb və necə olsa da dünya ölkələri, beynəlxalq təşkilatlar özlərini  sivil davranışın tərfdarı kimi təqdim etməyə çalışırlar.

Məhz belə bir məqamda Ermənistan silahlı dəstələri tərəfindən 2 yaşlı uşağın qətlə yetirilməsi heç cür başa düşülən deyil. Ona görə ki, gərək Ermənistanın bu hərəkəti ən azından özünü sivil münasibətin tərəfdarı kimi təqdim edən beynəlxalq ictimaiyyəti narahat etsin. Nəzərə almaq lazımdır ki, belə vəhşi hərəkətin qarşısında ikili standartlar da əriyib sıradan çıxmağa məhkumdur. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan öz havadarlarının gönünə bələd olduğundan ən alçaq, ən qəddar əməllərindən əl çəkmək niyyətində deyil. Əslində 2 yaşlı azərbaycanlı uşağın qətlə yetirilməsini təsadüfi hesab etmək sadəlövlük olardı. Çünki, sosial tərkibindən, yaş kateqoriyasından asılı olmayaraq azərbaycanlıların qətlə yetirilməsi Ermənistan dövlətinin qarşısına qoyduğu başlıca hədəfdir. Hədəfə çatmaq üçün isə ermənilər qanlı terror aktlarından tutmuş  cəbhə bölgəsində təxribata qədər bütün iyrənc vasitələrə əl atırlar. Məlumat üçün qeyd edək ki,  Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin ciddi təxribatı qeydə alınıb. Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə  kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var. Kəndin təsərrüfat sahələrinə xeyli ziyan dəyib, sakinlərin evləri dağıdılıb. Məlumatda bildirilir ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb. Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Atəş nəticəsində qəlpə yarası alan  Quliyeva Sərvinaz  xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Lakin yaralıların heç birinin həyatını xilas etmək mümkün olmayıb. Onu da qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda işğalçı Ermənistanın bu təxribatı və sivil insanlarımızı hədəfə alması kimi qeyri-insani əməlləri barədə beynəlxalq qurumlara məlumat verildiyi bildirilir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

Millət vəkili Qənirə Paşayeva deyib ki, bu günə qədər heç bir ciddi işlə məşğul olmayan ATƏT-in Minsk Qrupu həmsədrlərindən ciddi münasibət gözləyirik: "Hər zaman sivil Azərbaycan vətəndaşlarına qarşı işğalçı Ermənistanın bu cür vandalizm aktlarına susub, ümumi, mənasız açıqlamalarla tanınan bu Qrupun həmsədrlərindən sivil insanlarımıza qarşı törədilən bu cinayətə ciddi reaksiya vermələrini tələb edirik. Çünki onların işğalçı ölkəyə qarşı heç bir addım atmamaları Ermənistanı bir az da bu vandalizm aktlarına cəsarətləndirir. Sabah İspaniyada Beynəlxalq Konfransda iştirak edəcəm və təbii ki ilk işim tədbirdə iştirak edən beynəlxalq təşilatlar rəhbərlərinə və müxtəlif ölkələrdən gəlmiş siyasətçilərə bu barədə geniş məlumatları təqdim etmək olacaq. bütün dünyada yaşayan soydaşlarımız da bu cinayətlərin dünyaya daha geniş duyurulmasında aktiv olmalıdır". Onun sözlərinə görə, ordumuz düşmənə layiq olan cavabı verib və verir: "Allah əziz Alxanlı kənd sakinlərini, ön cəbhəmizdəki bütün insanlarımızı qorusun. Hamımızın qəlbi, fikri indi onların yanındadır. Hər zaman olduğu kimi. Bir daha həlak olan əziz bacımız Sahibə xanıma, balamız Zərhaya Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. İnşallah işğalçı ölkənin bu vəhşilikləri yerdə qalmayacaq və artıq qalmır. Allah əsgər və hərbiçilərimizə kömək olsun və onları qorusun. Sevgimizlə, duamızla və bütün qəlbimizlə onların yanındayıq". Bu arada Azərbaycan XİN Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində mülki şəxslərin ölümü ilə nəticələnən növbəti irimiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb. Bəyənatda bildirilir ki, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır. Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir".

Xatırladaq ki, 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayının daha böyük olduğunu deyirlər. 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq fidanları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar. 1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) vəhşicəsinə qətlə yetirilib. Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Ermənistan ordusu 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovu, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirib. Ermənistanın mülki əhalini, xüsusi ilə məsum körpələri qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31