Erməni təxribatının intensiv hal alması müharibə riskini artırır

Ermənistan öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq cəbhədə vəziyyəti gərginləşdirməkdə davam edir. Son vaxtlar təmas xəttində atəşkəsin intensiv şəkildə pozulması hallarının ardınca ötən gecə düşmən tərəfinin daha bir irimiqyaslı təxribata əl atması İrəvanın Dağlıq Qarabağ probleminin həllində sülh danışıqlarından yayınmasından xəbər verir.

Cəbrayıl Fərzəliyev: "Ermənistan müharibədə maraqlı olmamalıdır"

Əli Qənbərli: "Artıq danışıqlar dalana dirənib"

Ermənistan öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq cəbhədə vəziyyəti gərginləşdirməkdə davam edir. Son vaxtlar təmas xəttində atəşkəsin intensiv şəkildə pozulması hallarının ardınca ötən gecə düşmən tərəfinin daha bir irimiqyaslı təxribata əl atması İrəvanın Dağlıq Qarabağ probleminin həllində sülh danışıqlarından yayınmasından xəbər verir. Məlum olduğu kimi iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın bu dəfəki təxribatının iki ölkənin xarici işlər nazilərinin Avstriyada nəzərdə tutulan görüşü ərəfəsinə təsadüf etməsi bir daha sübut edir ki, İrəvan sülh danışıqlarından yana deyil və düşmən ölkə müharibə tərəfdarıdır. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Politoloq Cəbrayıl Fərzəliyev də hesab edir ki, ermənilər tərəfindən son təxribatların XİN rəhbərlərinin Avstriya görüşü öncəsi baş verməsi heç də təsdüf deyil. Onun sözlərinə görə, bundan öncəki görüşlər ərəfəsində də düşmənin bu cür təxribatlarının şahidi olmuşuq: " Təəssüf hissi ilə, qeyd etməliyəm ki, mənfur düşmənimiz yenidən öz destruktiv siyasətini işə salmaqla cəbhədə yenidən təxribata əl atdı və bu da bir neçə günahsız insanın həyatını itirməsinə gətirib çıxardı. Konkret hədəfləri qeyd etsək bunu bir neçə istiqamətə bölmək olar. Birincisi, ermənilər cəbhədə atəşkəsi intesiv pozmaqla status-kvonun qorunub saxlanılmasına nail olmaq istəyirlər. İkincisi, Ermənistanda sosial-iqtisadi vəziyyət ağırdır və Serj Sərkisyan rejimi cəbhədə belə təxribatlara əl atmaqla erməni ictimayyətinin diqqətini yayındırmağa çalışır. Üçüncü, əsas səbəblərdən biri isə Avstryada XİN rəhbərlərinin üçtərəfli görüşü gözlənilir. Yəni bu təxribatlar bir növ məlum görüşün baş tutmamasına və danışıqların həlli prosesinin hər vəchlə uzadılmasına hesablana bilər". Politoloq deyib ki, erməni təxribatının intensiv hal

alması müharibə riskini artırır: "Ümumiyyətlə, mən bunu öz müsahibələrimdə dəfələrlə demişəm. Yenə deyirəm ki, cəbhə xəttində artıq atəşkəs deyə bir şey qalmayıb. 2015-ci ildə Azərbaycan ordusu tərəfindən ermənilərin uçan hərbi aparatının Ağdam səmasında vurulmasından sonra tərəflər arasındakı gərginlik daha da geniş miqyas almağa başladı. Aprel döyüşləri isə qeyd etdiyim gərginliyə öz damğasını vurdu. Hesab edirəm ki, Ermənistan müharibədə maraqlı olmamalıdır. Birincisi, növbəti hərbi qarşıdurma hər iki tərəfdən yenidən itkilərə səbəb olacaq. Onsuz da Ermənistanda əhalinin sayı azalır, gənclər ölkəni tərk edirlər. Ermənistandan kənarda gənclərin Dağlıq Qarabağda öldürülmələri həm demoqrafik vəziyyəti ağırlaşdırır, həm də cəmiyyətin hakimiyyətə qarşı etirazını gücləndirir. İkincisi, erməni separatçıları növbəti hərbi qarşıdurmanın nəticəsi olaraq bir az daha geriyə çəkilə bilərlər. Ermənistan ordusu aprel döyüşlərində Dağlıq Qarabağ istiqamətində bir neçə strateji yüksəkliyi itirdi. Azərbaycan ordusunun daha çox irəriləməsi imkanları var idi. Ancaq prosesə Rusiya prezidenti Vladimir Putin qarışdı və müharibə sadəcə 4 gün çəkdi. Bu dəfə müharibənin uzanması ehtimalı yüksəkdir".

Politoloq Əli Qənbərli də deyir ki, ermənilər hər zaman danışıqlar öncəsi təxribata əl atırlar: "Bu artıq onlarda vərdiş halına çevrilib. Ermənilərin təxribat əməlləri hər dəfə region üçün əhəmiyyətli olan tədbirlərin reallaşması vaxtı ilə üst-üstə düşür. Bu heç də təsadüfi deyil. Bu öncədən planlaşdırılmış məkrli siyasətin göstəricisidir"ə Əli Qənbərli hesab edir ki, ermənilərin bu kimi əməlləri danışıqlar prosesini hər vəchlə yubandırmaq və vaxt qazanmasına hesablanıb: "Lakin, bu kimi əməllər artıq onların köməyinə gələ bilməyəcək.Artıq, etiraf etmək lazımdır ki, danışıqlar dalana dirənib". Politoloqun sözlərinə görə, münaqişə bölgələrində müharibələrin olma ehtimalı hər zaman yüksəkdir: "Lakin, bu müharibələr bir neçə günlü və uzun müddətli olmalarına görə fərqlənir. Qısa müddətli müharibələr hər zaman gözləniləndir.Aprel döyüşləri bunu bir daha sübut etdi. Lakin, geniş miqyaslı hərbi əməliyyatların başlanması hələlik real görünmür. Amma, bu o demək deyil ki, bu əməliyyatlar başlamayacaq. Sadəcə, beynəlxalq hüququn prinsiplərinə hörmət əlaməti olaraq Azərbaycan tərəfi hələlik danışıqlara sadiqdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31