İnsanların məhkəmələrə inamı artıb

Ölkədə bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla həyata keçirilir. İnsan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə məqsədyönlü işlər davam olunur. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir.

Ziyafət Əsgərov: "Artıq insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə  üstünlük verirlər"

Ölkədə bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla həyata keçirilir. İnsan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə məqsədyönlü işlər davam olunur. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir. Xatırladaq ki,  Milli Məclisin son iclasında məhkəmə sistemi ilə bağlı daha iki yeni qanun qəbul olunmuşdur. Məhkəmə Hüquq Şurasının üzvü, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, görülmüş kompleks tədbirlər nəticəsində cəmiyyətdə məhkəmələrə inam xeyli artmışdır. Artıq insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər: "Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq məhkəmə fəaliyyətinin elektronlaşdırılması və bu məqsədlə elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaşlar məhkəmələrə, həmçinin elektron qaydada müraciət etmək imkanı əldə etmişlər. Vətəndaşlar portal vasitəsilə məhkəmələr barədə daha ətraflı məlumatları əldə etmək, "şəxsi kabinetdən" istifadə etmək, iqtisadi mübahisələrlə bağlı elektron qaydada iddia ərizələri vermək, baxılan işlər, keçirilən iclaslar və çıxarılan qərarlar barədə elektron qaydada məlumatları almaq, məhkəmə rüsumlarını elektron qaydada ödəmək və s. imkanı qazanmışlar". Onun sözləriinə görə,  ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarmışdır: "Lakin buna baxmayaraq hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalmışdır. Ötən dövrdə hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı da Avropa dövlətləri ilə müqayisədə daha azdır, hər 100 min nəfərə 6 hakim düşür. Halbuki, bəzi Avropa dövlətlərində bu göstərici 20-dən artıqdır. Hazırda vakant hakim ştatlarının komplektləşdirilməsi üzrə tədbirlər görülür, 126 nəfər hakimliyə namizəd şəffaf seçim əsasında imtahanlardan uğur qazanaraq Ədliyyə Akademiyasında tədris kursundadır". Z.Əsgərov bildirib ki, iş yükünün azaldılmasına təkcə hakimlərin sayının artırılması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmələrin iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, mülki xarakterli işlərin məhkəmədən kənar həlli yolları axtarılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir: "Məhkəmələrin çıxardıqları qərarların icrasına xitam verilməsi səlahiyyətlərinin icra məmurlarına verilməsi məhkəmələrdə iş yükünün azalmasına təsir göstərmiş, həmçinin bu sahədə operativliyə nail olunmuş, əlavə yazışmalara son qoyulmuş, vaxta və dövlət xərclərinə qənaət edilmişdir. Bununla yanaşı, vətəndaşların hüquqlarının etibarlı təmin olunması məqsədilə icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ təsbit edilmişdir. Eyni zamanda, mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatı qaydasında baxılan mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər təşkil edir. Bu sahədə inkişaf etmiş xarici dövlətlərin təcrübəsi göstərir ki, əmr icraatı ilə bağlı işlərə məhkəmədən kənar mərkəzləşdirilmiş formada elektron qaydada baxılır. Bununla əlaqədar xüsusi proqram təminatı yaradılmış, bu cür işlərə elektron sistemlər tətbiq olunmaqla ən qısa müddətdə baxılması mexanizmləri işlənilir, müvafiq qanun layihələri hazırlanır". Onun bildirdiyinə görə, Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirir: "AİHM-nın rəsmi statistikalarında vəziyyət fərqlidir: "Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qərarların sayından daha çoxdur. 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunub".

Xatırladaq ki, Avropa Məhkəməsinin yurisdiksiyası Azərbaycana 2002-ci ilin aprel ayından şamil olunur. Bununla əlaqədar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilir. Bu məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, ayrıca təlimlər təşkil olunur. Həmçinin bu sahədə Avropa Şurası ilə birgə Ədliyyə Akademiyası tərəfindən hakimlər, hakimliyə namizədlər və digər hüquqşünaslar üçün iki illik xüsusi layihə həyata keçirilir. Onun sözlərinə görə, ölkədə Avropa Məhkəməsinin qərarlarının icrasına da xüsusi önəm verilir. Bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna xidmət edir. Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Belə ki, 2016-cı ildə Azərbaycana qarşı çıxarılan qərarların sayı cəmi 16 təşkil etmişdir. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılmışdır. Ümumiyyətlə, Məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olmuşdur. Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı isə ümumi Avropa göstəricisindən demək olar ki, 2 dəfə azdır. Belə ki, Avropada 10 min əhaliyə orta hesabla 0.64 şikayət düşdüyü halda, bu göstərici Azərbaycan üzrə 0.34 təşkil edir. Ölkəmizlə müqayisədə digər dövlətlərdən, o cümlədən Avropa İttifaqının üzvlərindən olan Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, habelə Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olmuşdur. Bütün bunlara baxmayaraq,  Azərbaycanda Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31